Yalqız “Azadlıq” fenomeni

Xaliq Bahadır xanbahadir@mail.ru

1989-cu ildə biz “Azadlıq”ı yaradanda sonadək doğruya qulluq yolu tutan, yalnız gerçəyi yazan TƏK qəzet olduq. Biz “Azadlıq” olaraq Cəbhə hakimiyəti dönəmində də qurucularından olduğumuz hakimiyətin qəzeti olmadıq – böyük AZADLIQ kursuna bağlı qaldıq. Əliyevçi son 22-idə, avtoritarizm-diktatura dönəmində də, də belə oldu, belədir, belə olacaq. Rejim bu gün bizi yolumuzdan döndərməyə, yüzlərlə başqa qəzet-jurnalist kimi özünün əlaltısına çevirməyə çalışır. Bundan ötrü “Azadlıq” bütünlüklə blokadaya alınmış duruma gətirilib: qəzeti çeşidli yollarla boğub bağlamağa çalışırlar. Qabaqca başqaları kimi “Azadlıq”ı satın almağa çalışdılar, alınmadı. Sonra onu pulsuz qoymaqla boğmağa çalışdılar, yenə alınmadı. Indi tutuqladıqları, tutuqlamağı planlaşdırdıqları bir sıra gerçək müxalifətçilər kimi, “Azadlıq”ı da dolayısıyla “dövlətə xəyanətdə” suçlamağa girişiblər.

Bugünlərdə keçirdiyi bəlli yığıncaqda “Azadlıq” qəzetini “çirkin fəaliyyətdə, ölkəni gözdən salmaqda” suçlayan administrator-filosof R.Mehdiyev çoxdankı bir gerçəyi açıq-açığına ortaya qoydu: Azərbaycanda bircə MÜXALIFƏT QƏZETI qalması gerçəyini. Bircə bu gerçəyi dilinə gətirdiyinə görə administrator-filosof-akademik R.Mehdiyevi alqışlamağa dəyər. Əliyevçi rejimin yürütdüyü ardıcıl, prinsipial antidemokratik siyasət sonucu olaraq Azərbaycanda bircə demokratik qəzet – bircə müxalifət qəzeti qalıb: “Azadlıq”. Başlıca arxa-dayaqları olan Rusiya prezidenti Putinin Ukrayna üzərinə yürüşü onlara necə qol-qanad veribsə, onlar indi “Azadlıq” qəzeti başda olmaqla ölkədə Özgürlük-Demokratiya yolçuluğuna son qoymaq qərarı veriblər. Olduqca düzgün qərardır: korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ, dövləti KORPORASIYAYA çevirən rejim Özgürlük-Demokratiya yoçuluğu ilə bir araya sığa bilməz; korrupsioner-kriminal-korporativ dövlətin öz qanunları var!

Sözügedən dövlətdə Təhsil, Sağlamıq sistemindən tutmiş məhkəmə-hüquq sisteminə, Vergi, Gömrük sistemlərindən ölkənin yeraltı, yerüstü var-yatırınadək nə var hamısı rejimi oluşduran bir qrupun əlində toplanıb. Burada isə gizlilik istər-stəməz “dövlət sirri” statusu qazanır. Qəzetlər başda olmaqla ölkədəki irili-xırdalı bütün informasiya qurumları bu statusa boyun əyməli, bu statusdan asılı durumda olmalıdır. Leyla Yunusdan tutmuş “Azadlıq” qəzetinədək bu status boyunduruğuna boyun qoymayanlar QANUNLA, QANUNÇULUQLA barışmadıqlarından cəzalandırılmalıdırlar. Bu gün ortada ÖZ QANUNLARIYLA meydan sulayan korrupsioner bir rejim, bir də bu rejimlə barışmayan bir qrup kimsə var. Burada uzlaşma-kompromis ola bilərmi? Ola bilər, ancaq öz prinsiplərindən-öz yolundan dönməklə, satılmaqla! Başqa bir ancaq: burada öz prinsiplərindən – öz yolundan dönmək Özgür-Demokratik Azərbaycan yolundan dönmək, Özgür-Demokratik Azərbaycan sevgisini pula satmaq deməkdir. Gedənlərə-satılanlara yaxşı yol!

“Azadlıq” özül kursuna uyğun olaraq getməyəcək-satılmayacaq: bunların başlıca arxa-dayağı Putin Ukraynanı yensə belə. Gözləntiləri boşa çıxacaq: Putin Ukraynanı deyil, regionda diktatura rejimlərinin, diktatorların başlıca arxa-dayağı olan Rusiyanı yenəcək! Onda bunların tutub getdikləri divar qurtaracaq. Onda bizə Özgür-Demokratik Azərbaycan qalacaq, bunlarasa 93-dən bu yana bizim sevgili Azərbaycanımızı yağıcasına soyub-yağmalamaq yoluyla yiyələndikləri milyonlar, milyardlar. O da haradək – kimsə bilməz. Onlardan bizə Təhsil, Sağlamlıq sistemindən məhkəmə-hüquq sisteminədək korrupsiya bataqlığına batırılmış Azərbaycan qalacaq. Olsun, ancaq biz sonsuz, Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan sevgimizlə, bir də əl-ələ, çiyin-çiyinə qardaşlığımız-yoldaşlığımızla Ayrı Azərbaycan yaradacağıq! Hakimiyətlərinin iyirmi illiyində “Prezident administrasiyasında işə götürməyə savadlı hüquqşünas tapa bilmirik” deyənlərin bizi qaralama, gözdənsalma çabaları tez-gec özlərinə qarşı çevriləcək: biz başlanğıcdan min illərin sınağından şıxmış bir yol tutmuşuq – ən böyük biclik düzlükdür!