Xədicə İsmayılı Bakı aeroportunda saxladılar

“Sanki «Brilyant əl» filmindəki kimi briliyant axtarırdılar”

“Azadlıq radiosu”nun əməkdaşı Xədicə Ismayıl bu gün tezdən iki saata yaxın Bakı hava limanında saxlandıqdan sonra saat 8.25-də azad buraxılıb. Bu barədə X.Ismayılın özü bildirib.  Jurnalist Tbilisidən ATƏT-in konfransından gələrkən əvvəlcə sərhədçilər tərəfindən saxlanılıb, sonra isə gömrük əməkdaşlarına təhvil verilib.
X.Ismayıl bildirib ki, bütün əşyalarını, bank kartlarını, üzərində olan pullarını alıblar: “Üzərimdə geniş axtarış apardılar. Səfərdə ayağımı əzdiyim üçün arabada idim. Sərhədçilər kimisə çağırdılar, məni bir otağa apardılar. Sonra gömrükçülər gəldilər. Əşyalarımı bir-bir yoxladılar. Səfərdə ayağımı əzmişəm, ayağım sarıqdadır. Ayağımın sarğısını açıb yoxladılar, sanki ”Brilyant əl” filmindəki kimi brilyant axtarırlar. Pullarımı saydılar, gömrük bəyannaməsi yazıb-yazmadığımı, pulu Azərbaycandan aparıb-aparmadığımı soruşdular. Üzərimdə 3 800 avro, 500 dollar var idi. Hamısını götürdülər. Bank kartlarımı, hətta mağazadan verilmiş bonus kartımı da götürdülər. Ciblərimi də yoxladılar. Iki saata yaxın bir otaqda saxladılar. Bundan sonra təkrar yoxlama apardıqdan sonra azad buraxdılar” (“Turan”).
X.İsmayıl qeyd edib ki, sərbəst buraxılarkən əşyaları və pulları özünə qaytarılıb.