Qiymət artımına hökumətdən anlaşılmaz izahat

Vahid Məhərrəmov: «Qiymət artımını özlərinə sərf edən formada göstərmək istəyirlər»

Kənd təsərrüfatı məhsullarının qiymətində kifayət qədər artım var. Kənd Təsərrüfatı Nazirliyi bunu mövsümi amillərlə bağlasa da, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar Ibrahimov başqa fikirdədir. O, həqiqətən məhsulun bol olduğunu deməklə yanaşı, həmin məhsulu istehsal edən fermerlərin Bakı bazarlarına buraxılmadığını da bildirir: “Fermer məhsulu gətirir ki, özü satsın.

Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir. Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. Iqtisadi Inkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə, məhsul yoxdur, yalançıdır.  Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir”.

Kənd Təsərrüfatı Nazirliyi Rusiya bazarına ixracın artırılmasına görə bəzi kənd təsərrüfatı məhsullarının bu ilin avqust ayındakı qiymət dəyişikliklərilə bağlı açıqlama yayıb. Nazirlikdən “trend”ə daxil olan açıqlamada deyilir ki, ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə bahalaşmasına dair yayılan fikirlər əsassızdır: “Hələ mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı idi. Məsələn, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyul ayında kələm 25, soğan 21, sarımsaq 15, xiyar 13, alma 21, çiyələk 12, alçanın qiyməti 10 faiz ucuz idi. Bir sözlə, bu mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz vəziyyətdə idi. Avqust ayının əvvəlindən başlayaraq, Rusiya bazarına ixrac imkanlarının genişlənməsi, təbii olaraq, yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış etdi. Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil oldu. Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edirdi. Yeri gəlmişkən, KIV-lərdə səsləndirilən və daha çox subyektiv mülahizələrə əsaslanan informasiyalar da bu psixoloji təsirin artmasında əsaslı rola malik oldu”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasından problemi ört-basdır etmək məqsədi aydın görünür. Ekspertin sözlərinə görə, nazirlik informasiyaların əsassız olduğunu vurğulamaq istəyir. Lakin ölkə üzrə media orqanlarının hamısı bazarlarda qiymət artımının tüğyan etdiyini göstərir: “Bahalanma barədə informasiyalar kifayət qədər olsa da, rəsmi tərəf faktı təkzib etmək istəyir. Əsaslandırmaq istəyirlər ki, süni şəkildə aparılan peşəkar təhlillər iyul ayında əvvəlkinə nisbətən qiymətlərin aşağı olduğunu  göstərir. Soğanın, kələmin, xiyarın qiymət faizlərini verməklə, qiymət fərqi əsassız şəkildə göstərilir. Rusiya bazarına ixrac imkanlarının yaranması müsbət bir tədbir kimi təqdim edilir. Bütün hallarda görünən odur ki, qiymət artımını özlərinə sərf edən formada göstərmək istəyirlər. Bu da dövlət başçısına, hökumət məmurlarına yönəlmiş bir açıqlamadır. Hamı real vəziyyəti yaxşı bilir. Topdan və pərakəndə satışla məşğul olanlar, istehlakçılar məsələdən halidir. Rəsmi qurum da məsələdən yaxşı xəbərdardır. Yeganə məqsəd dövlət başçısını aldatmaqdır”.

Nigar