Şahvələd Çobanoğlu
Ramiz Mehdiyevin “mətbuat fəalları” ilə keçirdiyi müşavirə barədə ötən günlər ərzində maraqlı və haqlı yorumlar oldu. Tam razıyam onlarla, amma bir məsələnin diqqətdən kənarda qaldığını düşünürəm…
Təbii ki, məzmunca və formaca partiya-təsərrüfat aktivinin müşavirəsini xatırladan bu yığıncaq mətbuat adına biabırçılıq idi. Göstəriş və direktivlər dolu məruzə də, “Azadlıq” adını daşıyan və azadlığını saxlaya bilən KIV-lərə hədələr də bir yana qalsın, adicə geyim və əyləşmə tərzi də göstərdi ki, orada azad mətbuatın “a”-sı belə yoxdur. Jurnalistlərlə rəsmilərin görüşü (mətbuat konfransı deyilsə), nə ilə bağlı olursa-olsun, sərbəst ortamda və qeyri-rəsmi məkanda keçirilə bilər, dəyirmi masa ətrafında və yaxud rəsmilərin də jurnalistlərlə eyni cinahda əyləşdiyi tribuna önündə.
Bu müşavirə ifadə azadlığına növbəti həmlə idi. Artıq imitasiya sərhədləri də keçilmişdi, bütün ölkə qarşısında dövlət rəsmisi mətbuata göstərişlər verirdi. Hansı məsələ olursa, olsun, bunun adı göstərişdir…
Amma zalda toplaşanlar baxımından yeni heç nə baş vermirdi, onlar onsuz da eyni “zəhmin” çərçivə və xətlərini, yaxud qırımızı xətlərini çoxdan qəbul ediblər. Mürgü də bundan idi, onlar üçün xüsusi və yeni heç nə baş vermirdi. Indiyəcən başqa yollarla gələn göstəriş və mesajlar bu dəfə toplantıda deyilirdi. Yəqin ki, bunlar toplantıdan qabaq da deyilmişdi oradakı fəallara, təkrarçılıq da mürgüyə səbəb olurdu…
Bəs onda sual oluna bilər, əgər bu göstərişlər müşavirəsiz də verilə bilirsə, həm də qəbul olunursa, həmin mürgülü tədbirə nə ehtiyac vardı? Məsələ ondadır ki, bu müşavirə həm də təlaşdan doğmuşdu. Həmin təlaş Ramiz Mehdiyevi bu tədbiri keçirməyə məcbur etmişdi…
Qayıdaq əsgərlərimiz həlak olduğu və ardınca heç kimin gözləmədiyi bir informasiya xaosunun yaşandığı günlərə. Həmin xaos hakimiyyətə baha başa gəldi. Məsələ o zaman yayılan dezinformasiyalarda da deyil. Güclü ordumuzun olmasına və düşmənə qarşı “asarıq-kəsərik” ritorikasına köklənən, yalnız təriflər və uğurlar üçün işləyən rəsmi təbliğat maşını sarsılmışdı həmin günlər. Nə baş verdiyi yadınızdadır…
Vaxtaşırı, lazım gələrsə, hətta saatbasaat rəsmi məlumat verib vəziyyətə nəzarət olunduğunu demək və baş verənlərə hərbi işin imkan verdiyi qədər, eyni zamanda məsuliyyətli, sağlam və doğru xəbərlərlə aydınlıq gətirmək əvəzinə, susqunluq başlamışdı hakimiyyət qurumlarında. Onlar da nə deyəcəklərini bilmirdilər.
Bu zaman “köməyə” hakimiyyətin tərif və yaltaqlıq şəbəkəsi üçün qurulan media sektoru gəldi. Onlar isə yalnız inkişaf və uğur barədə yalanlar, şişirtmələr düzəltməyə qadirdir. Elə də oldu. Burada abadlıqlardan, asfalt yollardan, beynəlxalq festivallardan danışmaq olmur, bu, hərbdir. Odur ki, onlar da iki kəndin alınması kimi şişirtməyə və “inkişafa” əl qoydular. Axırda isə hakimiyyətin özü pərt vəziyyətə düşdü. “Hanı alınan o iki kənd?” – sualı ilə.
Hakimiyyətdəki təlaş buna görədir. Gördülər ki, onların idarə etdiyi nəhəng media şəbəkəsi yeni bir situasiyada əks-effekt verir. Nəinki işə yaramır, hətta ziyan vurur. Xaos yaradır və bu, qarşıda daha böyük fəsadlara yol aça bilər. Təlaş da bundandır. Odur ki, Ramiz Mehdiyev hamının eşidəcəyi bir göstərişə əl atdı. Həmin müşavirəni keçirib, “biz bir şey deməyənəcən, ancaq susun” dedi.