Kerrinin arxasında gizlənmək baş tutmayanda, harada mövqe tutmaq lazım gəlir?
Ilham Əliyevin NATO-dakı görüşləri və çıxışları xüsusi yeniliklərlə bağlı olmadı. Onun ölkə mətbuatında yayılan çıxışının əsas motivi Əfqanıstan üzrə NATO ilə əməkdaşlıq məsələlərinə həsr edildi:
Bizim hərbçilərimiz Əfqanıstandakı hərbi əməliyyatlarda NATO qüvvələri ilə birlikdə iştirak edib. Əfqanıstan ordusunun hesabına 3 milyon avro yardım keçirmişik və daha 1 milyon avro da müdafiə qurğularının tikilməsinə sərf edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakıda yeni tikilən dəniz vağzalı da Əfqanıstandan yüklərin daşınması üçün əlverişli nəqliyyat dəhlizi yaradır.
Və Ermənistan məsələsi:
Ilham Əliyev qeyd edib ki, NATO sərhədlərin hərbi güc tətbiq etməklə dəyişdirilməsi presedentlərinə qarşı olduğu üçün bu münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməlidir.
NATO-ya kürü verilirmi?
Çıxışın mahiyyəti də elə bu arqumentlərdən ibarətdir.
Amma bu çıxışın birinci hissəsindəki Əfqanıstan arqumentləri cəmi iki gün əvvəl “Freedom House” təşkilatının direktoru David Kramerin müsahibəsində şərh edilmişdi. Cənab Kramer bildirmişdi ki, Ilham Əliyev Əfqanıstan söhbətlərindən sui-istifadə edərək ABŞ-ı insan haqları kimi önəmli məsələlərə diqqət yetirməkdən yayındırmaq niyyətindədir. Üstəlik, bu, yalnız David Kramerin fikri deyil. Get-gedə Qərbdə daha çox adam dərk etməyə başlayır ki, cənab Əliyevin emissarlarının Avropada və Amerikada kürü paylamaqla məşğul olması ilə, onun hökumətinin Əfqanıstan və buna bənzər layihələrdə iştirakının motivləri arasında elə bir ciddi fərq yoxdur. Yəni, Əfqanıstan (bir neçə il əvvələ qədər həm də Iraq) kampaniyası kimi əməliyyatlarda iştirakın Ilham Əliyevin öz arqumentlərinimi, yoxsa müttəfiqlərin hərbi imkanlarınımı gücləndirmək məqsədilə atılan addım olduğu haqda qənaətlər artıq pozulub.
“Lazım” öldü
Dağlıq Qarabağ məsələsinə gəlincə, Ilham Əliyevin idarəçiliyi Azərbaycan üçün ciddi seytnot vəziyyəti yaradıb.
NATO toplantısı ərəfəsində ABŞ dövlət katibi Con Kerri ilə Ermənistan və Azərbaycan prezidentlərinin birgə görüşü bu ağır durumu bir daha sənədləşdirdi.
Məsələ bundan ibarətdir ki, bu cür görüşlər (bir ay əvvəl Putinlə Soçi görüşü də daxil olmaqla) daha çox Ilham Əliyevin “lazım” ritorikasını birdəfəlik yaddan çıxarmasına xidmət edir. Indi Dağlıq Qarabağda hərbi əməliyyatların başlanması üçün Azərbaycanın malik olmadığı müttəfiqlərin geniş çevrəsi, uyğun beynəlxalq şərait, arqumentləşdirilmiş xarici siyasət lazımdır.
Çünki faktiki durum bundan ibarətdir ki, regionda marağı olan iri güclərin hamısı burada hərbi əməliyyatların başlanmasına qarşıdır. Bu iri güclər isə Rusiya, Avropa və ABŞ-dır. Rusiya Ermənistanın rəsmi qəyyumudur və onun zərər çəkməsinə imkan verməz. Avropa buradan keçən neft kəmərlərinin təhlükəsizliyində maraqlıdır. ABŞ isə Avropanın mövqeyini dəstəkləyir. Ilham Əliyevin balans siyasəti dediyi isə mövcud situasiyanı öz maraqları baxımından şərh etməkdən başqa bir şey deyil və faktiki olaraq, belə bir siyasət yoxdur. Ondan tələb olunan sakit oturmaqdır, o da bunu edir.
Azərbaycanı Qarabağsızlaşdırmağın Ilham Əliyev üsulu
Başqa tərəfdən, Ilham Əliyevin son illər apardığı daxili siyasət ermənilərin bütün dünyada arqumentlərinin güclənməsinə xidmət edib. Onlar Ilham Əliyevin diktator olduğunu, azərbaycanlıları siyasi motivlə təqib etdiyini, Azərbaycana birləşmək ehtimalında isə Qarabağ ermənilərini iki ciddi təhlükənin gözlədiyini bütün dünyaya inandıra biliblər. Erməni təbliğatında bu ehtimallardan biri Ilham Əliyevin onları Qarabağdan qovaraq, boş əraziləri birləşdirmək niyyətinin mövcudluğudur.
Digər erməni ehtimalı isə bundan ibarətdir ki, əgər Dağlıq Qarabağ Azərbaycana birləşdirilsə, Əliyev rejimi azərbaycanlı siyasi fəallara və vətəndaş cəmiyyətinə tutulan divanı onlara da tutacaq. Onlar bu arqumenti həm də onunla möhkəmləndirirlər ki, Ermənistan nisbi demokratiya göstəricilərinə görə, Azərbaycandan daha öndədir.
Deməli, bu mərhələdən əldə olunan nəticə bundan ibarətdir ki, Ilham Əliyev bundan sonra “Lazımı” hətta daxili istifadə üçün də çağırmayacaq. Onun ölkə daxilində tətbiq etdiyi yeni qaydalar isə (repressiyalar nəzərdə tutulur) Azərbaycanı Qərbdən və ABŞ-dan sürətlə uzaqlaşdırmaqdadır. Bu isə o deməkdir ki, Ilham Əliyev Qarabağın qaytarılmasında qətiyyən maraqlı deyil. O, Qarabağsız Azərbaycanda diktaturanı möhkəmləndirmək və bu diktaturanın köməyi ilə Azərbaycanı Qarabağsızlaşdırmaq üçün bütün inzibati və siyasi mexanizmləri işə salır.
Ola bilsin, Ramiz Mehdiyevin mətbuat şəbəkəsi Ilham Əliyevin NATO-da və ya Kerrinin arxasındakı məğrur duruşunu bundan sonra da tam bir ay vəsf etsinlər. Amma gerçək nəticələr bundan ibarətdir.
Azad Akifoğlu