Beləmi olacaqdı?!

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Dünən xəbər saytlarında eşələnərkən bir məlumatla rastlaşdım. Sitat: “IŞID terror təşkilatında döyüşən azərbaycanlıların sayı 100-dən artıqdır. Belə ki, Suriya ”cihadı”na təxminən 200-dən artıq azərbaycanlının (öldürülən və yeni gedənləri də daxil etdikdə – red.) qatıldığı deyilir. Onlardan 60 faizə qədəri də IŞID-in tərkibindədir”.

Əminəm ki, rəqəmlərin daha yüksək olması da mümkündür. 

Amma məsələ heç konkret rəqəmdə, dəqiq sayda da deyil.  

Önəmli olan faktın özüdür. Əsas odur ki, atıq harada bir “cihad” söhbəti ortaya çıxsa, oradan azərbaycanlıların səsi gəlir. Biz müstəqilliyin qazanılması ilə bu ölkədə bəşəri dəyərlərin bərqərar olacağına ümid edirdik. Indi isə azərbaycanlıların səsi IŞID-dən eşidilir. 

Ağrılı mənzərədir. Acınacaqlı haldır. 

Təsəvvür edin:

95 il əvvəl qadına səs vermək haqqı tanıyan bir ölkənin vətəndaşları bu gün qadınları qul kimi satan bir terror örgütünün sıralarında döyüşür. 

Bir əsrdə iki dəfə Cümhuriyyət quran bir ölkənin vətəndaşları xilafəti bərpa etməyə çalışan bir terror örgütünün parçasına çevrilir.   

100 il öncə “Xortdanın cəhənnəm məktubları”nı, cəhalətin, xürafatın maskasını cırmış Əbdürrəhim bəyin həmyerliləri indi Suriyada, Iraqda… cənnət axtarışındadır, qoşulduqları “cihad”ların onlara cənnət vəd etdiyinə inanırlar.

Bəs niyə belə oldu?

Sadə səbəbdən: Azərbaycanın müstəqilliyi çağdaşlıqla, hüquqi-demokratik dövlətlə, azadlıqla, insan haqları ilə bütövləşmədi.

Müstəqillik bir ovuc adamın hədsiz-hüdudsuz güc, sərvət, imtiyaz qazanmasına, xalqın isə hüquqsuz və çörəksiz “qara camaata”a çevrilməsinə gətirib çıxardı. Üstəlik, kütləvi zövqsüzləşdirmə və savadsızlaşdırma. Dəyərlərin dəyərsizləşdirilməsi. Insanların yalnız mədəsindən ibarət varlıqlara çevrilməsi. “Qarın qardaşdan irəlidir” düşüncəsinin şüurlara hakim kəsilməsi. “Bir tikə çörəyin” bütün mənəvi prinsiplərdən ucada dayanmağa başlaması. Adamların ədalət və rifah ümidlərinin üstündən yekə bir qara xətt çəkilməsi. 

Nəticə göz önündədir: 

Artıq yerdə ədalət, rifah tapacağından ümidini kəsənlər üzünü göyə tutur.

Ölkəsində hər addımbaşı cəhənnəm əzabı yaşayanlar Suriyada, Iraqda… cihada qoşulub cənnətə qovuşacaqlarına inanırlar.

Azərbaycanın çağdaşlıq, demokratiya tərəfdarı olan, bəşəri dəyərlərin tərəfdarı kimi çıxış edən, təhsilli, savadlı insanlarını həbsxanalara atdıqdan, sürgünə göndərdikdən, qorxudub geri çəkilməyə məcbur etdikdən sonra onlardan boşalan meydanı cihadçıların, təkbirçilərin doldurmasına niyə təəccüblənirik ki?

Müsavatçı, cəbhəçi, REAL-çı, NIDA-çı… olmağı suç, cinayət, vətənə xəyanət, milli satqınlıq sayan bir zehniyyət indi necə, öz vətəndaşlarının IŞID-çiyə çevrilməsindən məmnundurmu? 

Müstəqilliyi qazanarkən kimin ağlına gələrdi ki, günlərin bir günü bu ölkə insanı səhiyyədən əlini üzüb çarəni pirlərin, seyid ocaqlarının kəramətində axtaracaq?

20 il öncəyədək kim fikirləşərdi ki, məhkəmələrdən ədalət ümidi kəsilənlər öz haqlarını mollaların yazdığı cadu-pitilərlə əldə etməyə çalışacaqlar?

20 il öncəyədək kim deyə bilərdi ki, biz 21-ci əsrdə təhsilsiz bir ölkəyə çevriləcəyik, oturub ələm uçurmaqla, cin çıxarmaqla məşğul olacağıq? 

20 il öncə kimə desən ki, 21-ci əsr Azərbaycanında bilgili, təhsil görmüş, modernlik, bəşəri dəyərlər tərəfdarı olan insanların yeri həbsxana olacaq, yerdə qalanlarımızın da səsi təkbir çəkib baş kəsib, göz çıxaran terror örgütlərindən gələcək, yəqin səni dəli yerinə qoyub gülərdilər.

Və buyurun: ağlımıza gəlməyənlər başımıza gəlir. 

“Olmaz” dediklərimiz olmağa başlayır. 

Artıq ölkə boyu idarəetmə normasına çevrilən ədalətsizlik, hüquqsuzluq, savadsızlıq bu torpaqlarda öz acı bəhrəsini verir. 

Adam belə vəziyyət qarşısında nə yazacağını da bilmir. Bilmirsən, nə deyəsən, nə danışasan. 

Axundovdan bu yana Azərbaycanı aydınlığa qovuşdurmaq, onu tərəqqipərvər bəşəriyyətin bir parçasına çevirmək üçün hər cür məhrumiyyətə, məşəqqətə rəğmən qaranlığa kibrit çaxanların, zülməti qovmaq üçün ömrünü şam kimi yandırıb əridənlərin əməyinə, zəhmətinə üç kərə yazıq, min kərə yazıq!