Səid Nurinin geri qayıtmasına imkan verilməməsi iki ölkə arasında qalmaqala çevrilir
Rəsmi Vaşinqton ABŞ vətəndaşı Səid Nurinin Bakıda saxlanmasına reaksiya verib. Əslən Azərbaycandan olan 32 yaşlı S.Nuri xəstə atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin geri qayıdarkən Bakı aeroportunda saxlanılıb. Azərbaycana səfər üçün vizanı bu ölkənin Vaşinqtondakı səfirliyindən alıb.
“Aeroport işçiləri səbəblərini açıqlamadan bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Onlar Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun bu barədə qadağasına istinad etdilər”, – S.Nuri “Turan” agentiiynə bildirib.
Hakimiyyət ABŞ səfirliyinin sorğusuna cavab olaraq bildirib ki, S.Nuri Azərbaycan vətəndaşıdır və Amerika səfirliyi ölkənin daxili işlərinə qarışa bilməz.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən vəziyyəti “Turan”a şərh edərkən bunları bildiriblər: “Bizdə məlumat var ki, ABŞ vətəndaşının Azərbaycandan çıxmasına qadağa qoyulub. Biz xaricdəki ABŞ vətəndaşlarının hüquqlarını təmin etmək üçün mümkün konsul tədbirlərini həyata keçiririk. Keçirilən tədbirlərin detalları açıqlana bilməz”.
Keçmiş siyasi məhbus S.Nuri bir neçə il əvvəl Azərbaycanı tərk edib və 2012-ci ildə Amerika vətəndaşlığını alıb. Bundan sonra Amerika pasportu və Azərbaycan vizası ilə bir neçə dəfə ailəsinə baş çəkməyə gəlib.
“Atam ağır xəstədir, ona baş çəkməyə gəlmişəm. Ama səfirlik mənə viza vermək istəmirdi”, – S.Nuri bildirib və qeyd edib ki, belə vəziyyətdə özünü tamamilə müdafiəsiz hesab edir, vəkil xidmətinə, beynəlxalq hüquq-müdafiə təşkilatlarının yardımına ehtiyacı var.
“Mənə çatan şayiələrə görə, hakimiyyət əsassız ittihamlarla məni həbs etmək istəyir”, – o qeyd edib.
Öz növbəsində Vaşinqtonda rəsmi Bakının bu cür hərəkətlərindən hiddətləniblər.
Freedom House hüquq-müdafiə təşkilatının rəhbəri Devid Kramer baş verənləri “Turan”a şərh edib: “Azərbaycan hakimiyyətinin ABŞ vətəndaşı Səid Nurini ölkədən buraxmaqdan imtina etməsi bizim təşkilatı narahat edir. Biz onun dərhal buraxılmasını, bundan öncə isə lazımi tibbi, hüquqi və digər yardımla təmin olunmasını, onun ABŞ səfirliyi, ailəsi ilə və digər əlaqələrinin məhdudlaşdırılmamasını tələb edirik”, – Kramer vurğulayıb.
ABŞ-ın Bakıdakı keçmiş səfiri, hazırda Meyson Universitetitinin professoru Riçard Kozlariç baş verənləri şərh edərkən deyib ki, S.Nuri prezident İlham Əliyevin NATO sammitində ABŞ dövlət katibi ilə görüşdüyü gün saxlanılıb.
“Hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaq üçün saxlanma və həbsləri davam etdirir. İş o yerə çatıb ki, xəstə atasına baş çəkməyə gəlmiş ABŞ vətəndaşını saxlayırlar. Və bu məqamda da Azərbaycan prezidentinin ABŞ-ın dövlət katibi ilə görüşü keçiriılir. Bu cür hərəkət heç bir izaha, anlama sığmır. Hakimiyyət S.Nurini dərhal buraxmalıdır”, – R.Kozlariç bildirib.
***
Baş Prokurorluq Səid Nuriyevin ölkədən çıxa bilməməsi məsələsinə münasibət bildirib. Qurumun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, S.Nuriyevin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır: “Azərbaycan Respublikasının vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi ilə bağlıdır. S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. O, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib. Qüvvədə olan qanunvericiliyə görə bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır”.
Qeyd edək ki, S.Nuri 2003-cü ildə ölkəni tərk edərək ABŞ-da məskunlaşıb. O, Azərbaycana xəstə atasını görmək üçün gəldiyini deyib.
***
«Bu qadağa xırda məsələ deyil, hakimiyyətə başağrısı gətirəcək»
Amerika vətəndaşlığını qəbul etmiş azərbaycanlı mühacir Səid Nuri bugünlərdə atasının vəziyyətinin ağır olmasıyla əlaqədar Azərbaycana gəlmişdi. Dünən səhər saat 6 radələrində Bakı-Kiyev reysi ilə geri qayıtmaq istəsə də, Bakı hava limanında onun ölkədən çıxmasına icazə verilməyib. Səid Nurinin bu barədə yaydığı məlumatda bildirilir ki, aeroportun pasport-nəzarət məntəqəsində ona Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun göstərişilə ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər. Həmçinin qeyd olunub ki, bu qadağa Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində ibtidai istintaqı aparılan bir cinayət işi ilə bağlıdır.
Səid Nuri Azərbaycana, atasına baş çəkməyə gələrkən də ona viza çox çətinliklə verilmişdi.
Səid Nuri hesab edir ki, baş verənlər siyasi motivlidir. Bu barədə o, “Azadlıq” radiosuna müsahibəsində deyib:
– Sizin ölkədən çıxışınıza qoyulan qadağanı necə əsaslandırdılar?
– Pasport nəzarətindən keçəndə bildirdilər ki, Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi mənim ölkədən çıxışıma qadağa qoyub. Səbəbini soruşduqda adıçəkilən qurumlara müraciət etməyimi məsləhət gördülər. Onlardan da məlumat ala bilmirəm.
– Siz ABŞ vətəndaşınız. Bundan sonra hansı addımları atmağı düşünürsünüz?
– ABŞ səfirliyini məlumatlandırmışam. Vaşinqtonda da vəziyyəti bilirlər. Vəkil tutub hüquqlarımı müdafiə etməyi düşünürəm.
– Ölkədən buraxılmamağınızın səbəbləri haqdaÿ hələlik rəsmi məlumat verilmir. Siz özünüz bu qadağanıÿ nə ilə əlaqələndirirsiniz?
– Məncə, bu, siyasi motivlidir. Ancaq dəqiq hansı ittiham olacaq, deyə bilmərəm. Bu, artıq hakimiyyətin fantaziyasına uyğun bir şey olacaq. Mənim atam xəstə idi və ailə üzvlərimi görməyə gəlmişdim. Atamın xəstəliyi ilə bağlı xəbəri alanda mən Ukraynada rəsmi səfərdə idim. Orada Azərbaycan səfirliyinə yaxınlaşdım və viza istədim. Öncə dedilər ki, iki gün ərzində viza veriləcək. Bir həftə keçdi, vermədilər. Sonra bildirdilər ki, Azərbaycanda hansısa qurum mənim ölkəyə gəlməyimi istəmir. Bu haqda Vaşinqtonu, Dövlət Departamentini ÿməlumatlandırdıqdan sonra mənə viza verdilər. Əvvəl ölkəyə buraxmırdılar, indi də ölkədən buraxmırlar.
– Son dövrlər hakimiyyəti tənqid edən bəzi müxalif siyasi fəallar müxtəlif ittihamlarla həbs olunur, yaxud onların ölkədən çıxışına qadağa qoyulur. Sizin də bu aralarda hakimiyyətin xoşuna gəlməyəcək hər hansı fəaliyyətiniz olubmu?
– Mən 2003-cü ildən siyasi proseslərin içindəyəm. Mənim bu hakimiyyətə qarşı mövqeyim həmişə müxalif olub. Ölkədən də siyasi mühacir kimi çıxmışam. Mən öz siyasi fəaliyyətimi kifayət qədər məhsuldar hesab etmirəm. Bilmirəm, mənim hansı fəaliyyətim bunları qıcıqlandırıb ki, beynəlxalq qalmaqala səbəb olacaq addım atıblar. Mənə qarşı ittiham nə olacaq, bilmirəm. Rəsmi açıqlama gözləyirəm.
– Gözləntiniz nədir?
– Hər şey ola bilər. Istənilən qərara hazıram, heç nədən qorxmuram. Istər həbs olsun, istər deportasiya. Vəkillərlə məsləhətləşirəm. Ciddi işlər görüləcək. Bu qadağa xırda məsələ deyil, hakimiyyətə başağrısı gətirəcək.
– Baş verənlərə səfirliyin reaksiyası necə oldu?
– Səfirlikdə görüşdüm. Onlar aidiyyəti qurumlara müraciət etdilər. Həmin qurumlardan bildirdilər ki, Səid Nuri həm də Azərbaycan vətəndaşıdır, vətəndaşlıqdan çıxmayıb və hansısa qanunları pozub. Deyiblər ki, onun haqqında tədbir görüləcək. Mən Azərbaycana 4-cü dəfə idi gəlirdim. Hər dəfə də məndən viza tələb olunub. Mən Azərbaycan vətəndaşıyamsa, necə olur, ölkəyə viza ilə buraxılıram? Qəfildən indi çıxıb deyirlər ki, Azərbaycan vətəndaşıyam. Yəqin ki, yuxarıdan siyasi qərar var.
***
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dünən gün ərzində bu məsələ ilə əlaqədar rəsmi açıqlama yayılacağını bildirsə də, günün sonunadək prokurorluq heç bir məlumat vermədi.
Xatırladaq ki, Səid Nuri 2012-ci ildən ABŞ vətəndaşıdır, ABŞ ordusunda çalışır. O, vaxtilə “Yeni Fikir” gənclər hərəkatının sədr müavini olub. 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, xəstəliyilə əlaqədar azadlığa buraxılıb və məhkəmənin hökmü ilə ona şərti cəza verilib. O da ölkəni tərk edərək, ABŞ-a mühacirətə gedib.
Informasiya şöbəsi