Vəkil Əlayif Hüseynov sentyabrın 3-də Bakı Istintaq Təcridxanasında məhbus hüquqşünas Intiqam Əliyevlə görüşüb. “Media forum” saytına açıqlamasında vəkil deyib: “Intiqam Əliyev onun vəkillərlə yazışmalarına qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyir. O, məhkəməyə müraciət etmək niyyətindədir. Vəkillərlə məsləhətləşib məhkəməyə müraciət etməyi düşünürük.
Intiqam müəllim hansısa yazılı məlumat verir, o yazı bir neçə dəqiqədən sonra özünə qaytarılır. O tələb edir ki, siz bu qeydləri oxuyursuzsa, mənim yanımda oxuyun, nəyə icazə verilmədiyini bildirin. Narazılığı ondan ibarətdir ki, onun yazdıqlarının surətini çıxarıb kimlərəsə göndərirlər”.
Avqustun 8-də Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Intiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.