Alyansın sammiti Putinə qarşı ittihamla başladı
«Rusiya Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdə davam edir»
NATO-nun baş katibi Anders Foq Rasmussen təşkilatın Böyük Britaniyada keçirilən sammitinin açılışında bu bəyanatla çıxış edib. Rasmussen bildirib ki, NATO Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına çalışır. Amma eyni zamanda, NATO Rusiyaya Ukrayna sərhədlərindən qoşunlarını geri çəkmək və regionda sülh prosesində aktiv iştirak barədə çağırışlarını davam etdirir.
“Təəssüf ki, biz hələ də Rusiyanın Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdə davam etdiyini görürük”, – deyə NATO-nun baş katibi vurğulayıb.
Rasmussenin sözlərinə görə, Alyansın həm siyasi, həm də diplomatik kanalları Rusiya ilə qarşılıqlı münasibətlərin dəstəklənməsi üçün açıq qalır. Hərçənd, Rusiya NATO ilə razılaşmanın fundamental tələblərini pozub: “Həqiqətən biz Rusiya ilə NATO arasında əməkdaşlığa dair bütün praktik proqramları dayandırmaq qərarına gəlmişik. Amma NATO-nun siyasi və diplomatik kanalları Rusiya ilə qarşılıqlı əlaqələr üçün açıqdır”.
Rasmussen Putinin sülh planını qəbul etmir
Bundan əlavə, Anders Foq Rasmussen Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində münaqişənin nizamlanmasına dair yeddi bəndlik planı rədd edib. Baş katibin sözlərinə görə, Ukraynanın şərqində Rusiya qoşunları separatçıların tərəfində döyüşür. Moskva isə bunu inkar edir.
Bu gün atəşkəs elan oluna bilər
Bu arada, Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, sentyabrın 5-də Minskdə Ukrayna üzrə Kontakt Qrupunun toplantısı nəzərdə tutulduğu kimi getsə, atəşkəs elan edəcək.
“Yerli vaxtla saat 14:00-da mən Baş qərargaha atəşkəs elan etmək əmri verəcəyəm. Ümid edirəm ki, sülh planı sabah (bu gün-red.) başlanacaq”, – deyə Poroşenko Uelsdə NATO sammitində bildirib.
O, qeyd edib ki, Minskdə sülh planını tədricən reallaşdıran sənəd imzalanmalıdır.
Separatçıların liderləri də bildirirlər ki, Minskdə razılaşma əldə olunsa, sentyabrın 5-də onlar da atəşkəs elan edəcəklər.
NATO ölkələri liderləri Rusiyaya dair mövqelərini uzlaşdırıb
NATO-nun aparıcı ölkələrinin liderləri isə Rusiyanın Ukraynada həyata keçirdiyi təcavüz səbəbindən bu ölkəyə qarşı sanksiyaların genişləndirilməsinə dair mövqelərini uzlaşdırıblar. Bu barədə Ağ Ev məlumat yayıb.
“Liderlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Rusiya tərəfindən pozulmasını kəskin pisləyib, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair razılığa gəliblər”, – deyə Vaşinqtonun yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, Avropa Birliyi bu gün Rusiyaya qarşı sanksiyalara dair qərar qəbul etməyə hazırlaşır.
Almaniya NATO-nun işini ləngidir
“NATO-nun Şərqi Avropadan olan üzvləri Putindən gələn təhlükəni hiss etdiyi halda, Almaniya ona qarşı sərt mövqedə dayanmağa mane olur. Sammitdə NATO Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmək istəyir. Lakin təşkilatın üzvləri arasında fikir ayrılığı var” – bu barədə Almaniyanın “Die Welt” saytı yazır.
Saytın məlumatına görə, Almaniya Polşa və Baltikyanı ölkələrlə Alyansın üzərinə götürdüyü öhdəliklərə dair mübahisə edir. Mübahisənin əsas predmeti 1997-ci ildə qəbul edilən NATO-Rusiya aktıdır. Almaniya aktı pozmaq istəmir. Berlin Ukraynadakı vəziyyətin ağırlaşmasını istəməsə də, Putin razılaşmanı pozmaqdadır.
Polşa isə Almaniyanın bu cür mövqeyinə qarşı çıxır. Bu ölkənin müdafiə naziri hesab edir ki, heç bir akt NATO-nun Şərqi Avropada fəaliyyətini məhdudlaşdıra bilməz.
İnformasiya şöbəsi