Şəhidlikdəki hadisə

Səadət Cahangir

Bakı sovetlər zamanından məkanın təhlükəsiz şəhərlərindən biri sayılıb. Şahidlərin dediyinə görə, gecə növbələrində oxuyan və işləyən minlərlə insan üçün belə vaxt gecliyi problem yaratmayıb. Küçə xuliqanlığı, sataşma və soyğun faktları da başqa şəhərlərlə müqayisədə xeyli aşağı olub. Insanlar paytaxtın “gecə həyatı”nı kimsənin kimsəyə dəyib toxunmadığı sakit bir zaman kəsiyi olaraq yaşayıblar, sadəcə. Indi bu şəhərdə “gecə həyatı” anlamını xeyli dəyişsə də, onu yaşamaq üçün qorxulu şəhər hesab etmək insafsızlıq olardı. Bəlkə də, zaman anlamında qaynayan Bakının gündüzüylə gecəsi arasındakı cizgi çoxdan silinib gedib. Amma dünyanın hər yerində olduğu kimi, burada da vaxtaşırı kriminal hadisələr baş verir, şübhəsiz. Bəzən isə bu hadisələr gözlənməzlik və iyrənclik dərəcəsi ilə qanını dondurur insanın…

Bir az əvvəl Şəhidlər xiyabanında baş verən çirkin hadisədən xəbəriniz var. Şəhidlikdə Azərbaycan istiqlalının simvolu sayılan Ilhamla Fərizənin məzarı təhqir olunub, həm də ən iyrənc şəkildə. Hadisə neçə vaxtdır gündəmdən düşmür və düşməməlidir də. Heç bir ölkədə o ölkənin şəhidlərinə belə həqarəti kimsəyə bağışlamazlar. Bir də təsəvvür edin ki, şəhidlərimizə o dərəcədə nifrət edən həmin məxluqlar aramızda əl-qolunu sallayıb rahat-rahat dolaşır…

Hadisədən sonra şəhid ailələri ölkə prezidentinə müraciət edib və yalnız ondan sonra şəhidlikdə müşahidə kamerası quraşdırılıb. Faktla bağlı da cinayət işi açılıb, istintaq gedir. Iki gün əvvəl Ilhamla Fərizənin anasını Bakı Şəhər Baş Polis Idarəsinə dəvət edən yetkililər də söz veriblər ki, hadisə “dövlətimizə atılan çamurdur və bunu edəni tapıb cəzalandırmaq DIN əməkdaşları üçün şərəf məsələsidir”. Doğru sözə nə deyəsən? Axı yeri gələndə hüquq və təhlükəsizlik adına şeytana papucun tərsinə geydirildiyi bir ölkədə niyə çətin olsun hansısa azğını tapıb ortaya çıxarmaq? 

Xatırladım ki, illər öncə bənzər hadisə görkəmli gülüş ustası Lütfəli Abdullayevin evinin qarşısına vurulan barelyefi ilə bağlı baş vermişdi. Paytaxtın düz mərkəzində sənətkarın mərmər xatirə lövhəsi oğurlanmışdı. O zaman oğrunu tapmaq mümkün olmamış, ailənin təkidli  müraciətlərindən sonra Mədəniyyət Nazirliyi yeni lövhə hazırlatdırıb əvvəlki yerinə vurdurmuşdu. Amma qısa müddətdən sonra lövhə gecənin birində yenidən yoxa çıxmışdı. Bu, adi bir oğurluq hadisəsi idimi? Əsaslı görünməsə belə, aktyorun övladları müəmmalı oğurluğun qərəzli, qisasçılıq məqsədi daşıdığına inanmadıqlarını söyləmişdilər. Ailə pərişan olmuşdu o barelyefi üçüncü dəfə bərpa etdirib yerinə qaytarınca. Təhlükəsizlik üçün son çıxış yolunu da ona siqnalizasiya quraşdırmaqda görmüşdülər. Sonda da hüquq mühafizə orqanları oğurluğu avara bir bomjun etdiyi barədə məlumat vermişdi ailəyə. Heç inandırıcı deyildi, əslində. Çünki o lövhə divara xüsusi mismarlarla elə bərkidilir ki, onu səssiz şəkildə çıxarmaq və ya qoparmaq yalnız xüsusi hazırlıqlı adamların işi ola bilərdi…

Bəllidir ki, bu gün ölkədə yaşanan misilsiz haqsızlıqlar insanların hüquqa və qanuna inamını tamamilə öldürüb. Ona görə də, artıq bu ədalətsizliklərin birbaşa səbəbkarı olanların vətəndən, bayraqdan, haqqdan danışması insanlarda qıcıq yaradır. Amma ortada bu ölkənin azadlığı naminə canlarından keçmiş bayraq insanların ruhunun təhqir olunması gerçəyi var və ən azı onların ailələrinin rahatlığı üçün həmin cinayətkarlar tapılmalıdır. Şüarçılıq deyil, bu artıq doğrudan da, şərəf məsələsidir.