Qafqazın ən böyük xəstəxanası niyə Azərbaycanda yox, qonşu ölkədə tikildi?
Insanlar təkcə istirahətə deyil, müalicəyə də Gürcüstana gedir
Yolumuz yenə Gürcüstanadır. Bizim tərəfdə – Qazaxın “Sınıq körpü” keçid məntəqəsində basırıqdır. Hamı Tiflisə üz tutur. Kimi alverə, kimi də istirahətə. Çünki ucuzluqdu. Hər kəsə sərfəlidir. Təkcə bizim hökumətdən başqa. Inhisar olduğundan insanların bir tikə çörək qazanmağına mane olmaq istəyirlər. Bütün məhsullar onların şəbəkələşmiş biznesindən alınmalıdır. Ancaq bütün çətinliklərə baxmayaraq, saatlarla növbədə dayanmaq bahasına da olsa, insanlar qonşu ölkəyə pənah aparırlar. Tiflisə getmək üçün Azərbaycan insanının əlinə daha bir fürsət düşüb – müalicə almaq. Əgər cənub bölgəsində yaşayan vətəndaşlar Iran səhiyyəsinin ümidinə qalıblarsa, Bakıdan üzü qərbə doğru bölgələrdə isə əksəriyyət – paytaxtın bahalı xəstəxanalarında müalicə və əməliyyat olunmağa maddi imkanı çatmayanlar və ya daha keyfiyyətli tibbi xidmət axtaranlar Gürcüstana gedir.
Tibbi sığorta – insanların rifahı
Mixail Saakaşvili hakimiyyətə gələndən sonra hökumət bütün sahələrdə olduğu kimi səhiyyədə də ciddi islahatlara imza atdı. Ilk növbədə korrupsiya aradan qaldırıldı. Daha sonra isə tibbi sığorta tətbiq edildi. Bununla da böyük bir problemin həlli çözülmüş oldu. Saakaşviliyə qədər gürcü pasiyent xəstəxanaya üz tuturdusa, özü ilə mütləq bir neçə litr benzin aparmalı idı. Yox, yandırmaq, intihar etmək üçün deyil, hər an elektrik enerjisinin kəsilə biləcəyi qorxusu insanları buna vadar etmişdi. Indi isə hər şey tam əksinədir, hər şey adamı heyran edir edir. Tibbi sığortadan kim yararlanmır, kim xeyir görmür? Hamı!
Təqaüdçülər, müəllimlər, təcili yardımla xəstəxanalara gətirilən hər kəsin müaliacə və əməliyyat xərcləri bütünlüklə dövlət hesabınadır. Bütün qalan hallarda istənilən vətəndaşın müalicə və müayinə xərcini Gürcüstan hökumət 70 faiz qarşılayır. Nefti, qazı olmayan kasıb qonşumuz bu qədər pulu, maliyyəni necə qarşılayır?
Gürcüstanda, demək olar, dövlət xəstəxanası yoxdur. 95 faizi özəl klinikalardır. Təsəvvür edin, hökumət dövlət xəstəxanasının həkim heyətinə yüksək maaş verməlidir, binanı təmir etməlidir, tibbi avadanlıqları tez-tez yeniləməlidir, tibbi personalı gücləndirməlidir. Bu isə böyük xərclərdir və korrupsiyaya yol açır. Odur ki, bunları ləğv edib, maliyyəni tibbi sığorta yolu ilə vətəndaşlara yönəldiblər, bundan isə həm əhali qazanır, həm dövlət, həm də həkimlər. Həm də daim keyfiyyətli xidmət üçün rəqabət aparan özəl klinikalar bundan qazanmış olur. Vətəndaş hansı klinikanı seçməkdə tam sərbəstdir. Nəticədə, səhiyyə durmadan rəqabət və inkişaf yaşayır.
Tiflisdə olanda səhiyyə haqda çox məlumatlar eşitdik. Hətta bütün bunlar bizə nağıl kimi gəldi. Inanmadıq. Məsələn, dövlət böyrək köçürülməsinə ehtiyacı olan hər kəsə 20 min lari (10 min manat -R.D.) ayırır. Sonra bəlli oldu ki, deyilənlərin heç biri yalan deyil, hətta bunu yerində araşdıra bilərik. Elə də oldu.
Qafqazın ən böyük xəstəxanası – “Lancet”
“Lancet” klinikasının adı bizlərə tanışdır. Bu adlı mərkəz Bakıda fəaliyyət göstərirdi. Bir müddət əvvəl isə Səhiyyə Nazirliyi “Lancet”in fəaliyyətinə heç bir izah gətirmədən son qoydu. Amma klinikanın rəhbəri Fərman Ceyranlının Gürcüstanda qurduğu eyniadlı klinika heç bir problemsiz işləyir. Tiflisin mərkəzindən bir az aralıda 10 mərtəbəli gözəl görünüşlü iki binada, bütün yeni tibbi avadanlıqlardan ibarət klinika pasiyentlərə ucuz və yüksək xidmət təklif edir. Qafqazın ən böyük xəstəxanası və müasir texnologiyalarla təchiz olunan bu klinikada hotel xidməti də fəaliyyət göstərir. Psixatriyadan başqa bütün sahələri əhatə edən “Lancet”də ən yüksək tibbi avadanlıqlar, yüksək dərəcəli xarici və yerli həkim personalı, vertolyot meydançası da var.
“Lancet”in rəhbəri Fərman Ceyranlıyla görüşürük. Gəlişimizin məqsədini biləndə heç bir etiraz olmadan klinikada sərbəst dolaşa biləcəyimizi söylədi. Üstəlik, bizə bir neçə bələdçi həkim də verdi.
Üç aydır fəaliyyətə başlayan klinikanı var-gəl edirik.
Xalq hospitalı…
Klinikanın tibbi xidmət sektorunun rəhbəri Qela Arabidze deyir ki, “Lancet” xalq hospital kimi tanınır: “Bilirsiniz ki, yüksək səviyyəli tibbi avadanlıqlar çoxlu maliyyə tələb edir. “Lancet”də isə bu cür tibbi avadanlıqlarla xidmət göstərilir. Faktiki olaraq tibbin bütün istiqamətləri üzrə avadanlıqlarımız var. Əsasən anestozoligiya reanimasiya, kardocərrahiyyə, neyrocərrıəhaiyyə, ümumi cərrahiyyə, urologiya, ginekologiya, onkologiya, xüsusən müasir biokimyəvi, bakteroloji laborotoriya fəaliyyətdədir. Bakteroloji laborotoriya bakteroliji mikrodiaqnostika üçündür. Burda olan avadanlıqlar ayrı-ayrılıqda yox, kompakt haldadır”.
Qela Arabidzenin sözlərinə görə, klinika fəaliyyətə başladığı 3 ay deyil, amma 1500 insan müayinədən keçib, 600 pasiyent isə yataq xəstəsi olub: “Qafqazın bütün regionlarından bura gəlirlər. Hətta Rusiya, Türkiyə, ABŞ-dan da xəstəmiz olub. Azərbaycanın tanınmış müğənnisi Flora Kərimova klinikamızda cərrahiyyə edilib. Uğurumuzun yeganə formulası yüksək tibbi texnologiyalar və xidmətdir. Klinikada Gürcüstandan, Rusiyadan, Ukraynadan, Azərbaycandan, Israildən, Italiyadan, Amerkadan həkimlər çalışır”.
Qiymətlərə gəlincə, müsahibimiz qeyd etdi ki, əsas məsələ əhaliyə sərfedici və yüksək səviyyəli xidmət göstərməkdir. Ona görə də “Lancet”i xalq hospitalı adlandırırlar.
25 il Gürcüstan DIN-in xəstəxanasının baş həkimi kimi çalışmış Georgi Skliçelenko isə bizi 10 mərtəbəli xəstəxananın tibbi avadanlıqları, personalı, labarotariyaları ilə tanış etdi. Bildirdi ki, əsas tibbi avadanlıqlar “Toşiba” firmasına məxsusdur: “Kompüter, maqnit tomoqrafiyası və bütün başqa müayinələr var. Koronar müayinəsi 500 dollardır. Kordiocərrahiyyə, yəni şuntlama 7-9 min dollar arasındadır. Ancaq xəstələrə güzəşt edilə bilər, üstəlik, bu qiymətlərə yaxınları ilə hoteldə qalmaq və qidalanma da daxildir”.
“Bu gün ”Lancet” tibbin bütün profilləri üzrə xidmət göstərir”
24 yaşında Gürcüstan səhiyyə nazirinin birinci müavini olan, keçmiş prezident Mixail Saakaşvilinin vaxtında 5 il bu vəzifədə çalışan, hazırda klinikanın meneceri olan David Mesxişvili ilə söhbətimizə lap əvvəldən başladıq. Deyir ki, səhiyyə nazirinin birinci müavini təyin edilməsi xəbərini eşidəndə şok keçirib. Ancaq qısa müddətdə buna alışıb: “Istər-istəməz təcrübə topladıqca peşəkarlığım da artırdı”.
O, səhiyyə sistemində ilk addım kimi korrupsiyanı sıradan çıxartdıqlarını bildirdilər: “Birinci növbədə kadrları dəyişdik, gəncləri sistemə gətirdik. Korrupsiyaya bulaşmış köhnə kadrlar mane ola bilmədilər, çünki onları sistemdən təcrid etdik. Həm də korrupsiyaya qarşı mübarizə polis və başqa sahələrdə də sürətləndiyindən onların gücü çatmırdı. Birinci il çətin oldu, çünki yenilikləri yerində otuzdurmaq lazım idi. Ikinci ildən müsabiqələrə başladıq, insanları işə imtahan yoluyla götürürdük, bundan sonra əməkhaqqını artırdıq. O zaman əhaliyə yardım üçün sosial təşkilatları işə qoşduq və paralel olaraq tibbi sığorta qanununu qəbul etdik. Bununla da Gürcüstan əhalisi xəstəxanalara getməkdən çəkinmədi. Çünki hamının tibbi sığortası vardı”.
David Mesxişvili deyir ki, Gürcüstanda xəstəxanalar çox olsa da, ancaq “Lancet” səviyyəsində heç biri fəaliyyət göstərə bilməyib: “Bu gün “Lancet” tibbin bütün profilləri üzrə xidmət göstərir. Mən bir gürcü kimi Fərman Ceyranlıya belə bir klinika açdığına görə təşəkkür edirəm. Bir çox ölkələrdə olmuşam və həmişə bu cür yüksək xidməti ölkəmdə görmək istəyirdim”.
490 nəfər personalın klinikada çalışdığını deyən D.Mesxişvili bildirdi ki, onların içində çox güclü, avtoritet hesab olunan həkimlər var.
“Bu gedişlə biz Azərbaycandan gələn xəstələri yerləşdirə bilməyəcəyik”
21 ildir həkim işləyən, ümumi cərrahiyyə şöbəsinin müdiri olan Cavanşir Babayev də qeyd etdi ki, Gürcüstanda həm kadr, həm də müasir tibbi avadanlıqlar baxımından “Lancet” səviyyəsində klinika yoxdur: “2 ayda 100 əməliyyat etmişik, Azərbaycandan da çoxlu xəstələrimiz var”.
Klinikanın meneceri Ramilya Əliyeva mərkəzin iqtisadiyyat və maliyyə sektorunu idarə edir. Deyir ki, 3 ayın monitorinqi yaxın günlərdə “Lancet”in regionda həqiqətən də ən güclü tibb mərkəzi olacağını proqnozlaşdırır: “Bura həm elmi əsər, həm də komfortlu tibbi xidmətin bir nümunəsidir. Pasiyent tibbi xidmətlə yanaşı, istirahət də edə bilər”.
O, xəstələrin daha çox Azərbaycandan gəldiyini dedi: “Bu gedişlə biz Azərbaycandan gələn xəstələri yerləşdirə bilməyəcəyik. Yaxşı olardı, mövcud durumun səbəbləri barədə Azərbaycan səhiyyəsinə rəhbərlik edənlər düşünsünlər”.
Gələcək planlar barədə danışan xanım Əliyeva bildirdi ki, region əhalisi bundan sonra Rusiyaya, Almaniyaya, Israilə, Irana və Türkiyəyə yox, Tiflisə gələcəklər: “Bu, yaxın 5 ilin hədəfidir. 3 aylıq fəaliyyətimiz nəticəsində Vladiqafqazda nümayəndəliyimiz açılıb və başqa regionlarla da danışıqlar gedir”.
Klinikanın qadın xəstəlikləri və doğum şöbəsinin həkimi Türkiyədən olan Mehmet Can Aslancan bildirdi ki, övladı sonsuzluğun müxtəlif səbəbləri var, lakin müasir tibb çox hallarda bunu aradan qaldıra bilir. Onun sözlərinə görə, “Lancet”də bu sahənin ən müasir müalicə və prosedurlarını həyata keçirə bilirlər. O cümlədən, süni mayalanma – “tüb bəbək” prosesinin təxminən 1 aya başa gəldiyini vurğuladı. Qiymətlərə gəlincə, Mehmet Can Aslancan sonuncu prosedurun 3-4 min dollar civarında olduğunu dedi.
“3 aydır açılıb, ancaq Azərbaycandan axın çox güclüdür”
Klinikada müalicə alan azərbaycanlılarla da söhbət edirik. Musa Məmmədovun bağırsağında xəstəlik var. Müsahibimiz xidmət səviyyəsi çox yüksək, qiymətlərin isə Azərbaycandan da, Türkiyədən də qat-qat ucuz olmasından ağızdolusu danışır: “Qiymətlərdə bəzən 50 faiz fərq var. Olmazdımı, bu bina Bakıda inşa olunaydı, bizlər də Tiflisə gəlməzdik”.
“Lancet”ə pənah gətirən Zaqatala rayon sakini Telli Osmanovanın öd kisəsində daş, qum yığılıb: “Həkim dedi ki, cərrahiyyə olunmalısan. Zaqatalada eyni diaqnozu qoymuşdular. “Lancet”in adını eşitməmişdim. Gürcüstana ona görə gəldim ki, burada müalicənin ucuz olduğunu bilirdim. Ancaq Tiflisdə belə bir klinikanın olduğunu dedilər. Üz tutdum, müayinədən sonra inamım daha da artdı. Xidmət yaxşıdır, qiymətlər isə ucuzdur”.
Azərbaycandakı əngəllər, maneələr…
“Lancet”in qurucusu Fərman Ceyranlıdan niyə Tiflisdəki işləri Azərbaycanda görə bilmədiyini soruşduq. Azərbaycan səhiyyəsinin acınacaqlı durumu barədə çox ciddi cavablar aldıq. Əngəllər və maneələr barədə danışdı. Yaxın günlərdə onunla müsahibəni də oxuculara təqdim edəcəyik.
Son söz
Tiflisi tərk edirik. Gürcüstan sərhədini 3 dəqiqəyə, Azərbaycan tərəfdə – sərhəd-keçid məntəqəsində 2 saatdan çox növbədə dayanmalı oluruq. Bütün çantalar yoxlanılır, bir-iki kiloqram artıq mer-meyvə alan adamlar sorğu-suala tutulur, qarmaqarışıqlıq, qışqırıq, basırıq da öz yerində. Ancaq bütün bunlara baxmayaraq insanlar yenə üzü Tiflisə – Qərbə sarı gedir. Həm istirahətə, həm alverə, həm müalicəyə…
Ramin DEKO, Bakı-Tiflis-Bakı