Seymur Həzinin həbsinə kim sevinir?

Natiq Güləhmədoğlu natnetaz@gmail.com

O gün dostlardan birinin “facebook”da Seymur Həzi barədə yazdığı yaxşı bir status vardı. Yazmışdı ki, Seymurun həbsinə hökumətdən çox sevinən bilirsinizmi kimdi? Onunla kamera yoldaşı olanlar. Çünki həbsxana kimi bir qapalı yerdə Seymur qədər savadlı, dərrakəli, söhbətcanlı adamı kim istəməz ki?!

Haqlı təsbitdi…

Nazim Hikmətin “Bu gün bazar” adlı şeiri var. Şair uzun müddət həbsdə qapalı şəraitdə saxlandıqdan sonra ilk dəfə bazar günü açıq havaya çıxarılır. Deyir ki, bu gün ilk dəfə göy üzünün nə qədər geniş, nə qədər mavi olduğunu gördüm və ehtiramla kürəyimi torpağa dirəyib düşündüm: Bu an hər şey cəhənnəmə, torpaq, günəş və mən varamsa, xoşbəxtəm!

Mən bir az dəyişiklik etdim. Seymurun həbsi, onun həbsinə olan mətanətli reaksiyası, hökumətin böhtanına baxmayaraq, sözün əsl mənasında xalqın ona sahib durmasını gördükdən sonra özüm-özümə dedim: Cəhənnəm olsun, sizin o dəbdəbəli həyatınız, yaltaq və satqınlar ordusunun ehtişamı… Təkcə Seymur Həzi kimi dostu, əqidədaşı olan adama heç nə lazım deyil, o bəxtiyardı!

***

Seymurun həbsi gözlənilən idi. Deyim ki, o, hətta türmə üçün darıxmağa başlamışdı. Hələ özü üçün elmi-araşdırma istiqaməti də müəyyən etmişdi ki, həbsin yaradacağı asudə vaxtdan istifadə edib onlarla məşğul olsun. Odur ki, bu həbsi təşkil edənlərə Seymurun təşəkkür etdiyinə az qalıram inanım.

Amma bütün bunlara baxmayaraq, hələ də düşünürəm ki, Seymurun həbsi hakimiyyətə nə qazandırdı? Axı bu adamın silahı düşüncədi, sözdü, siz isə onların daha da püxtələşməsi üçün şərait yaratmısınız. Kobud misal olmasın, Seymur Həzini arata qoymusunuz. Sizin kəşfiyyatınız, insanları araşdıran qurumlarınız bu qədərmi hazırlıqsızdı? Axı Seymuru ən elementar qaydada tanımaq kifayət edir ki, həbsin onun həyatında geriçəkilmə istiqamətində heç bir rol oynamayacağına əmin olasan. Lap o müqəddəs mətnlərdə yazıldığı kimi, siz axı Seymur Həzi və onun kimilərin bədənləri ilə savaşmırsız, ruhu ilə savaşırsız. Onu da dörd divarla-filanla yenmək mümkünsüzdür.

Xülasə, mən Seymurun kamera yoldaşlarına onlar üçün yaradılan şəraitdən səmərəli bəhrələnməyi tövsiyə edirəm. Seymura isə deyə biləcəyim bir söz var: Gözün arxada qalmasın. Atan Məşgülün sənin məhkəməndən sonra verdiyi açıqlamaları gördüm, “Azadlıq” radiosunda dediklərini eşitdim. Evində o cür arxası olan adam 10 dəfə həbsə düşər də, çıxar da…

Bir az geciksə də…

Qardaşım Muradın şərlənməsindın sonra mənə, ailəmizə, partiyamıza sonsuz dəstək var və bu, bizi məmnun etməyə bilməz. Hər kəsə dönə-dönə təşəkkür edirəm. Amma bir dəstək var ki, o barədə ayrıca danışım. Bir qədər əvvəl, elə Muradın üzləşdiyi şərə ürcah olaraq həbsə atılan “facebook”dakı “Yaltaqlara ”dur” deyək” səhifəsinin admini Əbdül Əbilovun anası mənim anama zəng edib. Əbdülün anası öz ürək sözlərini deyib, iki dərdli ana bir-birilə danışıb, təsəlli tapıblar. Onları sakitləşdirən bircə odur ki, övladlarının günahsız olduğuna əmindilər. Bizim borcumuz o analara heç nədən əziyyət verən sistemi dəyişməkdi. Başqa yol bilmirəm. Əbdül qardaşımıza da salam olsun!

Davam edir 37…

Son həbslər beyinləri 1937-ci ilə yönəldib. Hamı təlaşlıdır, repressiyalar geri dönüb. Prinsipcə, etiraz eləmirəm. Ancaq “37″nin dönüşü belə, daha çox hakimiyyəti narahat etməli deyilmi? Yaxşı-yaxşı fikirləşsək, ”37″ni tarixi baxımdan qiymətləndirsək, o əclaf illərdə zülm çəkənlər bəraət almadımı? Əksəriyyəti, hətta xalqın sevimlisinə, qəhrəmanına çevrilmədimi?

Bəs “37″də baş kəsib qan tökənlər? Onların üstündə əbədi lənət hələ də qalmaqdadı və tarixi baxımdan, o qədər də uzaq olmayan bir vaxtda onlar da fiziki olaraq etdiklərinin cəzasını daddılar.

 

Bunu unutmamalı…