Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Daha çox uşaqlar üçün yazdığı “Qorxulu nağıllar” silsiləsinin müəllifi kimi tanıdığımız Süleyman Sani Axundovun həyatı ilə bağlı maraqlı bir fakt var. Bilənlərə xatırlatmaq, bilməyənləri isə agah etmək istəyirəm. Niyə? Bu suala sonda qayıdarıq.
***
Zaman – 10 yanvar 1893-cü il.
Yer – Qori şəhəri.
Qori seminariyasının Azərbaycan şöbəsinin inspektoru, dövrünün ən öncül maarifpərvərlərindən biri Aleksey Osipoviç Çernyayevski burada təhsil alan, həmin vaxt 2-ci sinif şagirdi olan Süleyman Sanini çörək almaq üçün dükana göndərir.
Süleyman Sani şəhərdə qərib olduğu üçün ona çörəyin qiymətini baha söyləyirlər.
Axundov çörəyi alıb geri qayıdır.
Amma Çernyayevski Süleyman Saninin çörəyi baha qiymətə almasından razı qalmır, aldadıldığını zənn edir, Axundovun çörək almaq üçün verilən pulu oğurlamasından şübhələnir. Ertəsi gün tələbəsinin çörək aldığı dükana gedir. Və Süleyman Saninin haqlı olduğu ortaya çıxır.
Bunu Axundovun özünə də deyirlər.
Ancaq Süleyman Sani ona qarşı “oğurluq şübhəsi”ni bağışlamaq fikrində deyildi. Odur ki, əvvəlcə hamının gözü önündə, nümayişkaranə şəkildə Çernyayevskinin qarşısında ayağa qalxmaqdan imtina edir. Ardınca Süleyman Saninin məsələsi intizam komissiyasında qaldırılır.
Elə həmin gün gecə Axundov ona yapışdırılan ləkə ilə yaşaya bilməyəcəyini anlayaraq intihar etmək qərarı verir.
Intihardan əvvəl Çernyayevskiyə məktub yazır: “Mənim namuslu olduğumu yoldaşlarım yaxşı bilirlər. Desələr, Axundov filan işdə dələduzluq etmişdir, əminəm ki, onların heç biri buna inanmaz… Ağ saçlarınızdan utanın, qoca! Eh! Siz mənim başıma nə iş açdınız!”.
((Yeri gəlmişkən: bəzi qaynaqlarda Axundovun intihar cəhdinə səbəb kimi onun oxuduğu sinifdə şagirdlərdən birinin pulunun oğurlanması və bu zaman Süleyman Sanidən şübhələnməsi əsas göstərilir. Amma yazıçının intihar öncəsi yuxarıda yazdığı məktub daha çox yuxarıda nəql edilən versiyanın həqiqətə uyğun olduğunu deməyə əsas verir).
Və nəhayət, səhərə yaxın, saat 5-də Axundov Xaritov adlı şüşəçidən aldığı tapança ilə özünə atəş açır.
Amma xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olur.
Hadisədən sonra diqqətəlayiq iki məqamı da qeyd etmək yerinə düşər.
Birinci: Çernyayevski intiharla bağlı seminariyanın Pedaqoji Şurasında Axundovun məsələsi müzakirə edilərkən onun cəzalandırılmasına qarşı çıxır və buna nail olur.
Ikinci: Süleyman Sani xəstəxanada yatarkən bir neçə dəfə ona baş çəkir.
Onu da demək yerinə düşər ki, intihar cəhdindən sonra Çernyayevskini polis xeyli get-gələ salır, çox keçmədən o, istefa ərizəsi yazmalı olur, bir il sonra – 1894-cü ildə isə dünyasını dəyişir.
***
Indi yazının əvvəlinə qayıdaq: üstündən az qala 120 il keçən bu hadisəni bilənlərə niyə xatırlatmaq, bilməyənləri də bundan niyə agah etmək istədim?
Çox sadə səbəbdən: oğurluğun, cibgirliyin, talanın, haramın, qul haqqı yeməyin adiləşdiyi, az qala həyat normasına, idarəçilik tərzinə çevrildiyi, günümüz Azərbaycanında 120 il əvvəl, cəmi 18 yaşı olan bir gənci ölümün bir addımlığına gətirən səbəb xeyli ibrətamizdir. Düşündürücüdür.
Baxmayaraq ki, “bir qarın çörək” üçün az qala hər yolun məqbul sayıldığı bu günlərdə həmin intihar səbəbini oxuyub ibrət götürmək yerinə dodaq büzənlərin, xısın-xısın gülənlərin, kinayə edənlərin daha çox olacağına adım kimi əminəm.