Hakimiyyət bu kalonu Qərbdə axtarır
Tez-tez mətbuatda, siyasətçilərin çıxışlarında “5-ci kolon” söhbətlərinə rast gəlirik. Arayış üçün deyək ki, Beşinci kolon (ispanca – kontekolonna) 1936-1939-cu illərdə Ispaniyada baş verən vətəndaş müharibəsində general Frankonun casuslar qrupunun adıdır.
Geniş mənada düşmənin casusları, təxribatçıları, sabotajçıları, terrorçuları və təsir agentləri deməkdir. “5-ci kolon” termininin müəllifi vətəndaş müharibəsində frankistlər ordusuna komandanlıq edən general Emilio Moladır. O, Madridə hücum edərkən 1936-cı il oktyabrın əvvəlində radio ilə Ispaniya paytaxtının sakinlərinə müraciət edərək bildirmişdi ki, sərəncamında olan 4 hərbi kolondan başqa, Madridin özündə 5-ci kolona sahibdir ki, bu da həlledici məqamda arxa cəbhədən zərbə endirə bilər. Yəni 5-ci kalon düşməni içindən məhv etməyə hesablanmış qüvvədir.
Bir neçə gün öncə jurnalistlərlə müşavirə keçirən PA rəhbəri Ramiz Mehdiyev də 5-ci kolonun fəaliyyətindən danışıb: “Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KIV-lərdən ibarət öz dayaq nöqtələrini, ”5-ci kolon”unu formalaşdırmağa nail olublar. Sxem çox sadədir. Həmin QHT-lər və KIV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır”- deyə Ramiz Mehdiyev bildirib.
Qeyd edək ki, Azərbaycanda 5-ci kolon ifadəsi daha çox Rusiya ilə bağlı işlədilir. Ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin əleyhinə hansısa fikirlər səslənəndə, bunu 5-ci kalonun fəaliyyəti kimi qiymətləndirirlər. Maraqlıdır ki, Rusiyameylli qüvvələr də, Rusiyanın təbliğatını aparanlar da, Putinin “böyük qardaş” obrazını yaradanlar da məhz bu hakimiyyətin təmsilçiləridir. Bir müddət öncə hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar Azərbaycanda rus qoşunlarının yerləşdirilməsindən tutmuş, Sovet hökumətinin bərpa olunmasına qədər, müxtəlif təkliflər səsləndirdilər. Bu təkliflər isə, milli qüvvələr tərəfindən etirazla qarşılandı və 5-ci kolonun aktivləşməsi kimi qiymətləndirildi.
Ancaq Ramiz Mehdiyevin yanaşmasından belə görünür ki, hakimiyyət 5-ci kolonu Qərbdə axtarır.
Bəs, bunun üçün hansısa əsas varmı? Bugünə qədər heç bir qərb ölkəsi Azərbaycanı ərazi bütövlüyü ilə təhdid etməyib, ölkəmizdə terror törədəcəyinin anonsunu verməyib, vətəndaşlarımıza qarşı qeyri-qanuni davranışlar sərgiləməyib. Ümumiyyətlə, Qərbin 5-ci kolon rolunda təsəvvür edilməsinə əsas yoxdur.
Bəs, hakimiyyət 5-ci kolonu niyə Qərbdə axtarır? Görünür, Qərbin “5-ci kolon” adlandırılması, demokratiya tələblərinin artması ilə bağlıdır. Son dövrlər Azərbaycandakı neqativ halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənməsi, beynəlxalq tribunalardan Azərbaycan rəhbərliyinə çətin sualların ünvanlanması, siyasi məhbusların azadlığının tələb olunması və demokratik prinsiplərin ikinci plana keçirilməyəcəyinin mesajının verilməsi, hakimiyyəti ciddi narahat etməyə başlayıb. Bütün avtoritar rejimlər üçün demokratiya böyük təhlükə sayılır. Dünyada gedən proseslər isə göstərir ki, demokratikləşmə qaçılmaz prosesdir. Bu proses Qərbdən qaynaqlandığı üçün hakimiyyət Qərbi 5-ci kolon adlandırır.
Yəni bu dəfə 5-ci kalon ifadəsi, dövlətin təhlükəsizliyi üçün deyil, hakimiyyətin təhlükəsizliyi üçün işlədilir. Bir sözlə, Qərbin 5-ci kalon adlandırılması, hakimiyyəti itirmək təhlükəsindən doğur
Azad


