Müzəffər Baxış: «Seymur özünü müdafiə edib, bu, xuliqanlıq kimi tövsif oluna bilməz»
“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin həbsinin siyasi sifariş olduğu aydındır. Ən azı, hadisənin necə baş verdiyinə nəzər salanda buna şübhə yeri qalmır.
Bir daha xatırladaq ki, Seymur Həzi avqustun 29-da Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfər ona yaxınlaşıb və “facebook”da ona yazdıqlarına niyə cavab vermədiyini soruşub, daha sonra onu vurmağa başlayıb. Bu zaman o, özünü qorumaq məqsədilə əlindəki butılka ilə həmin şəxsi vurub. Daha sonra isə polislər Seymur Həzini saxlayıb. Seymur Həziyə qarşı xuliqanlıq ittihamı irəli sürülərək, avqustun 30-da Abşeron Rayon məhkəməsində ilkin istintaq dövrü üçün barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Işin maraqlı tərəfi odur ki, Seymur Həziyə hücum edən şəxs barəsində heç bir ölçü götürülməyib. Yəni, hücum edən deyil, özünü müdafiə edən şəxs həbs olunub.
Tanınmış vəkil Müzəffər Baxış bu durumu şərh edərək deyir ki, mübahisə zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətlərindən başlayırsa, onda həmin əməl xuliqanlıq kimi tövsif edilə bilməz: “Xuliqanlıq nədir? Ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya zor tətbiqi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan əməldir. Inanmıram ki, Seymur Həzi kimi ictimai bir xadimin hər hansı bir yerdə xuliqanlıq törətməsilə bağlı mübahisəsi yaransın. Bu, sadəcə zərəçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində baş verib. Xuliqanlıq kimi tövsif edilə bilməz. Seymur Həzi özünü müdafiə edib. Onun barəsində cinayət işinə xitam verilməlidir”.
Digər tanınmış hüquqşünas Əyyub Kərim də deyir ki, qanunda şəxsin özünü müdafiəsilə bağlı müddəalar var: “Istənilən şəxs özünü müdafiə edə bilər. Iş materiallarıyla tanış deyiləm, amma istənilən halda, niyə görə Seymur Həzi barəsində təqdimat verilərkən hökmən barəsində həbs-qətimkan tədbiri seçilməlidir? Niyə istintaq həbssiz aparılmamalıdır? Bu, mənim üçün aydın deyil”.
Yeri gəlmişkən, Aydınlar Partiyası da Seymur Həzinin həbsilə bağlı bəyanat yayıb. Partiya Seymur Həzinin həbsini pisləyərək, baş verənləri ictimai fəallara qarşı təqib kampaniyasının davamı və söz azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirir.
Bəyanatda deyilir ki, hakimiyyətin zorakı hərəkəti plüralist cəmiyyətin formalaşmasına mane olur, ictimai fəal kəsimin susdurulmasına xidmət edir: “Həbslərin kütləviləşməsi cəmiyyətdə xof yaratmaq, siyasi opponentləri zorakı yolla susdurmaq cəhdindən başqa bir şey deyil”.
Bəyanat müəllifləri hakimiyyəti ictimai kəsimə qarşı təqibləri dayandırmağa, günahsız həbs edilənləri azad etməyə çağırır.
Ramin DEKO


