Türkiyənin dövlət başçısı Azərbaycanda hansı məsələləri müzaikrə edib?
Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanı və xanımı Əminə Ərdoğanı sentyabrın 2-də Bakının beynəlxalq hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Sentyabrın 3-də Bakıda bir sıra rəsmi təmasları olan Türkiyə prezidenti Azərbaycanın dövlət başçısı İ.Əliyevlə görüşdən sonra birgə mətbuat konfransı keçirib və bir sıra mühüm bəyanatlar verib.
“Ermənistan və dünya erməniləri beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç birinin tarixi əsası yoxdur, yalandır, böhtandır. Biz birgə səylərlə və yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik”. Bunu İ.Əliyev keçirilən birgə mətbuat konfransında deyib.
İlham Əliyev Türkiyə dövlətinə Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə öz minnətdarlığımı bildirib. O, qeyd edib ki, Türkiyə bütün dövrlərdə olduğu kimi bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparıb və daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olub.
İlham Əliyev daha sonra Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhdid olduğunu da vurğulayıb.
“Azərbaycan və Ermənistan arasındakı problem həll olunsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq”. Bu sözlər Türkiyə prezidentinə məxsusdur. Ərdoğan bəyan edib ki, Türkiyə və Azərbaycan rəhbərləri arasında qarşılıqlı ilk rəsmi səfərlər artıq ənənəyə çevrilib və bu da münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə olunub: “Türkiyə-Azərbaycan münasibətləri bundan sonra çox fərqli formada inkişaf edəcək. Hazırda bölgədəki problemlər iki ölkənin müştərək çözəcəyi problemlərdir. Əgər Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək. Münasibətlərimizin inkişafı yönündə səylər eyni qətiyyətlə davam etdiriləcək”.
Əslində Ərdoğanın Bakıya səfəri bir neçə aspektdən maraq kəsb edir. İki dövlət arasında münasibətlərin bir o qədər də yaxşı olmadığı şəraitdə baş verən səfərdə müzakirə olunan məsələlər mətbuatın diqqətindədir. Ərdoğan andiçmə mərasimində Türkiyənin xarici siyasətdə əsas istiqamətlərdən birinin məhz Avropa Birliyinə üzvlük olacağını vurğulamışdı. Avropa Birliyinin Türkiyə qarşısında qoyduğu şərtlərdən biri isə Ermənistanla əlaqələrin bərpası ilə bağlıdır. Amma Ərdoğan Bakıda olarkən Azərbaycanın işğal altında olan əraziləri azad edilməyincə Ermənistanla əlaqələrin bərpa olunmayacağını vurğulayıb. Burada müəyyən təzad hiss olunur.
Səfər ərəfəsində diqqət çəkən daha bir məqam Azərbaycan tərəfinin heç bir halda Qafqaz Universitetinin fəaliyyətinə son qoymayacağı ilə bağlı səsləndirdiyi bəyanatdır. «Nurçu»larla mübarizəyə Ərdoğanın böyük önəm verdiyi nəzərə alınarsa Qafqaz Universiteti ilə bağlı qərar onun diqqətindən yayınmaya bilməz. Mətbuatda müzakirə olunan daha bir məsələ isə seçki zamanı Ərdoğanın Azərbaycanda rəqibinə məğlub olması ilə bağlıdır. Seçkinin bu cür nəticəsi Azərbaycan hakimiyyəti ətrafında olan türk iş adamlarının Ərdoğana qarşı olduğunu deməyə əsas verir. Sadalanan bu məsələlərin tərəflər arasında müzakirə predmeti olacağı istisna edilmir.
Elxan Şahinoğlu: «Ərdoğan üçün Gülən hərəkatı müxalifətdən daha təhlükəlidir və dövlət başçısı hərəkatın xaricdəki dayaqların məhv etmək istəyir»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın Bakıya səfəri zamanı onu müşayiət edən nümayəndə heyətinə çəkdi. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə xarici işlər, müdafiə və energetika naziri daxildir. Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın son zamanlar dərinləşdiyini deyən E.Şahinoğlu vurğuladı ki, Naxçıvanda Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü təsadüfi xarakter daşımır: «Ukraynada baş verənlərin fonunda Rusiyanın bölgədə fəaliyyəti artmaqdadır. Amma Türkiyə də cənubi Qafqazda aktiv olmağa çalışır. Ərdoğanın səfərinin nəticələri bir müddət sonra daha aydın formada görünəcək. Amma heç şübhəsiz bu səfərdə müzakirə olunan əsas məsələlərdən biri Gülən hərəkatı ilə bağlı olub».
Qafqaz Universiteti ilə bağlı mətbuatda müzakirəyə çıxarılan məsələlərə də görüşdə toxunulduğunu istisna etməyən E.Şahinoğlu vurğuladı ki, universitetin fəaliyyətini davam etdirəcəyinin əminliklə vurğulanması Ərdoğana mesaj sayıla bilər: «Seçkilərdə Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının əksəriyyəti Ərdoğanın rəqibinə səs verdilər. Bu da yəqin ki, Ərdoğanı qıcıqlandırıb. Bu onu sübut edir ki, Gülən hərəkatına bağlı şəxslər Azərbaycanda güclüdürlər. Bu baxımdan Ərdoğan bu məsələləri Bakı görüşündə müzakirə etdiyi istisna deyil. Ərdoğanın hazırda əsas mübarizə istiqaməti kimi Gülən hərəkatını seçib. Ərdoğan üçün Gülən hərəkatı hazırda müxalifətdən də təhlükəlidir. Ərdoğan bu hərəkatı nəinki daxildə bitirmək istəyir, hərəkatın xaricdəki dayaqlarını da neytrallaşdırmağa çalışır. Gülən hərəkatının ən böyük dayağı isə Azərbaycandadır».
Buarada Gülənin Azərbaycan hakimiyyətinə olan mesajını da xatırlayan E.Şahinoğlu bildirdi ki, rəsmi Bakının diqqətinə keçmişdə edilənlərin çatdırılması təsadüfi deyil. «Bu baxımdan Ərdoğan əqin ki, Azərbaycan hakimiyyətindən başqa istəklərdə buluna bilər», deyə ekspert vurğuladı.
Xəyal