Qərbə qarşı müharibə Qarabağ danışıqlarına nə vəd edir?

Fuad Qəhrəmanlı: «Qərbə qarşı başladılan səlib yürüşü təkcə Azərbaycanın demokratik inkişafına deyil, həm də Qarabağ probleminin həllinə zərbə vurur»

Azərbaycan hakimiyyəti növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları, aparıcı Qərb dövlətlərini hədəf seçib. Səbəb aydındır. Azərbaycan demokratik islahatlar, insan haqlarına hörmət tələb edən beynəlxalq təssisatların hamısı Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlir. Amma Azərbaycan hakimiyyətinin şəxsi maraqlarından çıxış edərək yürütdüyü bu siyasət ölkənin milli mənafeyi baxımından ciddi fəsadlar vəd edir. Çünki Azərbaycanın ən ümdə problemi sayılan Qarabağ münaqişəsinin həlli məhz hakimiyyət tərəfindən hədəf alınan Qərb dövlətlərindən asılıdır. Bu reallığı isə hakimiyyət qəbul etmək istəmir. Hakimiyyətin yürütdüyü Rusiyaya hesablanan siyasət Qarabağ münaqişəsinin həllində də məhz Kremlin dəstəyinə arxalanır. Amma istər son Soçi, istərsə də Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlər sübut edir ki, problemin həlli Kremlin maraqlarına uyğun deyil.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyətin yürütdüyü hazırkı xarici siyasət həqiqətən də Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq arenada Azərbaycanın maraqlarına uyğun olmayan situasiya yaradır.Azərbaycan hakimiyyətinin başlıca amalının bütün vasitələrdən istifadə edərək siyasi iqtidarı əldən verməmək olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, iqtidar Azərbaycanın milli maraqlarına zidd olan istənilən addımı atmağa hazırdır ki, təki hakimiyyəti əldə saxlamaq mümkün olsun: «Azərbaycan hakimiyyəti uzun müddət Qarabağ problemindən daxildə demokratiya tələb edən qüvvələri şantaj etmək üçün istifadə edib. Guya Azərbaycanın qaçqın probleminin olması hakimiyyətə insan haqlarını pozmağa, demokratik dəyərləri tapdalamağa əsas verir. Ona görə demokratiya ilə bağlı problemlər dilə gətiriləndə onlar Qarabağ problemi arxasında gizlədilməyə çalışılır. Hakimiyyət beynəlxalq təşkilatlardan həmişə Qarabağ probleminə diqqət yetirməyi tələb edib. Demokratiya və insan haqları məsələsinin gündəmə gətirilməsi isə Azərbaycana qarşı qərəz kimi qiymətləndirilir. Qarabağ problemi hakimiyyət üçün çözümü vacib olan məsələ deyil. İqtidar sadəcə olaraq onun arxasında gizlənir».

F.Qəhrəmanlı hesab edir ki, hakimiyyətin yürütdüyü xarici siyasət Azərbaycanın beynəlxalq imicini korladığına, ölkəmiz barəsində korrupsioner imici yaratdığına görə rəsmi Bakı Qarabağ problemi ilə bağlı müttəfiqlərini itirməkdədir: «Hakimiyyətin yürütdüyü siyasət Azərbaycanı Qarabağ probleminin həllində beynəlxalq aləmdən ala biləcəyi dəstəkdən məhrum edir. Burada daha bir məsələ gündəmə çıxır. Öz vətəndaşlarının hüquqlarını tapdalayan, onları kobud şəkildə pozan, siyasi repressiyalara məruz qoyan hakimiyyət sabah Qarabağdakı ermənilərin hüquqlarını necə müdafiə edəcəkdir. Bütün bu siyasət həm də Azərbaycanın Qarabağ problemindəki maraqlarına ciddi zərbə vurur. Ona görə bu istiqamətdə Azərbaycanın apardığı siyasət yanlışdır. Qarabağ probleminin həlli istiqamətində Azərbaycan öncə Avropaya inteqrasiya siyasəti yürütməli, beynəlxalq aləmdə öz dəstəyini artırmalıdır. Hazırkı durumda Azərbaycanın Qərb cəbhəsində yer alması Rusiyanın yürütdüyü siyasət nəticəsində yaranan Qarabağ probleminin həllində daha çox dəstək almasına gətirib çıxara bilərdi. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti Rusiyanın himayəsinə sığınaraq daha çox avtoritar, zorakı siyasətə dəstək axtarmağa çalışır».

Amma hakimiyyətin Qarabağ probleminin həllində Rusiyanın oynaya biləcəyi rol ilə bağlı yürütdüyü siyasətin bir nəticə vermədiyini deyən F.Qəhrəmanlı bildirdi ki, Qərbdən məsafə saxlamaq, demokratiyaya görə Qərbə qarşı başladılan səlib yürüşü təkcə Azərbaycanın demokratik inkişafına deyil, həm də Qarabağ probleminin həllinə zərbə vurur.

Xəyal