Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

Bakının Sabunçu rayonunda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar.  “Mercedes”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

3 saylı şəhər xəstəxanasından APA-ya verilən xəbərə görə, xəstəxanaya 2 yaralı gətirilib. Onlardan birinin şəxsiyyəti naməlumdur, digərinin isə Nizami Gülməmmədov olduğu bildirilib.

Hər 2 yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şəxsiyyəti məlum olmayan yaralının vəziyyətinin olduqca ağır olduğu bildirilir. 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 5 yox, 6 nəfər dünyasını dəyişib. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir. 

Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərdən 5-nin adı məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza zamanı “VAZ-2106″ markalı avtomobildə olan Murad İman oğlu İmranov, Mürvət Mehman oğlu Baxşıyev, Ramin Hafiz oğlu Qasımov, Eyyub Araz oğlu Cəfərov, Mehman Kamran oğlu Novruzov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Qəza zamanı ölən digər sərnişinin şəxsiyyəti hələlik məlum deyil.