Azərbaycandan olan sərnişin “Novosibirsk-Bakı” reysində fövqəladə vəziyyət yaradıb
Azərbaycanlı qız bu gün “S7” aivaşirkətinin 3299 saylı “Novosibirsk-Bakı” reysində fövqəladə vəziyyət yaradıb.
Təyyarə yerli vaxtla saat 10:40-da Sibirin paytaxtından Bakıya uçuş etməli idi. Lakin 21 yaşlı azərbaycanlı sərnişinin ucbatından təyyarə 2 saat gec havaya qalxıb.
Rusiya DİN-nin Sibir Federal Dairəsinin Terrorizm İdarəsi artıq bu barədə Rusiya mətbuatına açıqlama da verib. Açıqlamada bildirilir ki, sərnişinlər təyyarənin göyərtəsində olduğu zaman xoşagəlməz hadisə baş verib. Sərnişinlər eşidiblər ki, Azərbaycan vətəndaşı olan 21 yaşlı qız kiməsə telefonla təyyarəni partladacağını deyir. İnsanlar qorxublar və dərhal bu barədə stüardessaya məlumat veriblər.
Bundan sonra, polislər sərnişinlərin özləri ilə götürdükləri bütün yükləri yoxlayıblar və buna görə də, təyyarənin uçuşu 2 saat gecikib.
Kimliiyi açıqlanmayan həmin azərbaycanlı qız polislərə izahatında sərnişinlərin onun telefon danışığının mahiyyətini düzgün anlamadığını söyləyib. Qız polislərə deyib ki, o, telefonda öz bacısı ilə mübahisə edirmiş və partlayış hədəsini də əsəbiləşdiyi üçün dilinə gətirib (ans press).