Və ya Amerika döyər, yoxsa Azərbaycan?!
Məşhur bir lətifə var, qarışqalarla filin davası. Yatmış fil ayağa qalxır və onun belində oynaşan qarışqalar bu titrənişdən kəlləmayallaq olurlar. Yerdəkilər filin boynunda qalan tək qarışqaya çığırır: “Con, boğ onu!”
Azərbaycan hakimiyyəti bugünlərdə bu lətifədəki kimi fili – ABŞ və Qərbi boğmaqdadı. Məsələn, dünən “Yeni Azərbaycan” qəzeti ABŞ üzərinə hücum edib. Çox güman ki, Vaşinqton “Yeni Azərbaycan”ın zərbəsindən aldığı yaraları hələ sarıyıb qurtarmayıb.
Bəs necə, sizə zarafat gəlməsin, qəzetin bir məqaləsindəÿ Azər Həsrət, Vüqar Rəhimov, Bəhruz Quliyev, Elçin Mirzəbəyli kimi söz sərrafları ABŞ-ı artilleriya atəşinə tutub. Sual yaranır ki, onların hiddətinə səbəb nədir?
Ümumbəşəri dəyərlər, humanist ideyalar, azadlıq və ədalət eşqi… Adıçəkilən parlaq imzalı jurnalistlər hesab edir ki, “ABŞ bu dəyərləri tapdalayır, o ölkədə jurnalistlər öz sözlərini deməyə qorxur, beləsi olanda polis onları çırpıb öldürür, buna görə də belə geridə qalmış, irticaçı rejimin Azərbaycan kimi, uğurları göz çıxaran dövlətə ağıl vermək haqqı yoxdu”.
Eyni fikirlər hakimiyyət televiziyalarında da günlərdir davam edir. Başa düşdünüz, ABŞ ağır günlərini yaşayır. Arada biz yapçıların dilindən eşidərdik ki, ABŞ və Azərbaycan dost, hətta strateji müttəfiqdir. Buna görə də mən ABŞ-ın Allaha şükr eləməsini məsləhət bilirəm. Iraq olsun, görün, ABŞ Azərbaycanla müttəfiq olmasaydı, “Yeni Azərbaycan” və başqaları onu nə günə qoyardı.
Zarafat bir kənara, Azərbaycan hakimiyyətinin bu kağız üzərindəki müharibəsini təhlil edəndə bizə rəhbərlik edənlərin zəkasının necə yerlə süründüyünü görmək olar.
Bəli, bu bir acı həqiqətdir ki, yuxarıda adı çəkilənlərə ana təbiət istedad, yaradıcı qabiliyyət verməyib. Buna görə də onların oxucuya təqdim etdiyi məhsullara gözünün ucu ilə də baxan yoxdu. Bunu yoxlamaq çox asandı, məsələn, bu adamların yazıları yayılan saytların statistikasına baxın, yaxud çıxardıqları qəzetlərin tirajına. 5-10 nəfər onları mütamadi izləyirsə, böyük işdi. Qəzet cəhənnəm, “7 dövlətin, bir millətin” başqanı olduğunu iddia edən Azər Həsrət bütün intellektini toplayıb status, məqalə yazıb “facebook” profilində yayır, amma çifayda, onu qohum-əqarabası daxil 3 nəfərdən çox bəyənən, şərh edən olmur. Bunlara baxmayaraq, Azər bəy ruhdan düşmür, “Xəzər TV”-də ucadan qışqırmaqla elə sanır ki, ABŞ-da qasırğa qopur.
Yaxud, Bəhruz Quliyev və Vüqar Rəhimov… Bu adamlar elə bilir ki, Ilham Əliyev onları saya salıb qoca çağlarında ev bağışlayıbsa, demək, onlar nəsə bir qabiliyyət sahibidilər, dünya onlardan qorxub-hürkəcək, Azərbaycanla bağlı bundan sonra tənqidə “tövbə” deyəcəklər.
Qələm adamlarında eqo böyük olur. Onlar öz yazılarına heyran olur, onun dəyərini yüksəldir və bu, hardasa başadüşüləndi. Bəs bu adamlara – bilik və dünyagörüşü primitivizmi keçməyən, əlindən gələn ən yaxşı iş rəhbərə məddahlıq etmək olanlara güvənib müharibə aparanlara nə demək olar?
Şübhəsiz ki, onların yazdıqları Biləcəridən o tərəfə keçmir. ABŞ və Qərbdə heç bir özünə hörmət edən adam yuxarıda adıçəkilən və onlara bənzərlərin qeydlərilə hesablaşıb siyasət qurmur. Belə olan halda, bir dəlil qalır ki, guya, dünyaya meydan oxuyan bu cür məqalə və verilişlər daxili auditoriya, yəni, yerli vətəndaşlar üçündü. Fəqət, dərd ondadı ki, axı yerlilər, daxili auditoriya da bu adamların yazdığını oxumur. Oxunsaydılar, tirajları olardı, bir dəfə gündəm yarada bilərdilər. Bunu bacarmırlar, bacara da bilməzlər. Həqiqətdən uzaq olan mətn, söz ölü doğulan uşaqdır.
Amerikada qaradərili gənc öldürülüb, doğrudur, amma buna görə Amerika cəmiyyəti ayaqdadı və hər kəs əmindir ki, yerli məhkəmə, bu qan nahaq tökülübsə, onu heç zaman ört-basdır etməyəcək. Bəs bizdə?
ABŞ-dakı qaradərili ilə eyni vaxtda Sabirabad polisində də bir vətəndaş öldü. Yaxınları onun işgəncə gördüyünü iddia edir. Amma buÿ parlaq imzalar o ölümdən narahat deyil. Çünki rəhbərləri deyib ki, heç kim polisi cəzalandıra bilməz. Cəzalandırılmayan cinayət haqda isə hökumət mirzələrinin danışmaq həddi, cəsarəti yoxdu.
Amerikada mətbuat azadlığının pozulmasından danışmaq olar, amma bunu söz azadlığını Azərbaycanda boğanların bıçağını itiləyən bəhruzquliyevlər niyə danışmalıdır ki? ABŞ-da söz azadlığının olmamasını iddia edən adam gərək ölkənin müstəqilliyilə yaşıd olan “Ayna”-“Zerkalo” qəzetlərinin bugünlərdə səssiz-səmirsiz bağlanmasından da narahat olsun. Jurnalistlərin, hüquq müdafiəçilərinin öldürülməsindən, ölümcül döyülməsindən də danışsın, yazsın.
Bunları demədən, okeanın o tayına yumruq silkələmək karikatura qəhrəmanı olmaqdı. Onlar bunu özlərinə yaraşdırırlarsa, oxucuya da gözəl karikaturaya baxıb gülmək qalır.
S.Novruz