Qanlı sülh mükafatı

Dünyanın örnək dövlət adamlarından biri Xose Muxika “Nobel” Sülh mükafatının ləğv edilməsi təklifini irəli sürüb. Təbii, buna əsaslı səbəblərini də göstərib. O, qan gölünə dönən, hər gün minlərlə məsum insanın öldürüldüyü bir dünyada kiməsə sülh mükafatı verilməsinin heç bir anlamı qalmadığını deyib. Bəlkə, bu sözləri sıradan biri desəydi, üstündən keçmək olardı. Amma Uruqvay prezidenti Muxika hazırda öz dürüstlüyü, prinsipiallığı, insani keyfiyyətləri ilə dünyanın ən simpatik adamlarından biri sayılır. Daşıdığı yüksək vəzifənin imtiyazlarından heç bir halda sui-istifadə etməyən idealist biri. Lap film qəhrəmanları kimi… Həyatı inqilabi mübarizələrdə keçib. Uzun illər həbsxanada yatıb. Hələ 1969-cu ildə Tupamaros inqilabi qrupunun fəal üzvləri ilə avtofurqon və bankları soyub yoxsullara paylamaqla Robin Qud yolunun davamçısı kimi ada çıxarıb.ÿUzun illər sonra seçildiyi prezidentlik vəzifəsində də prinsiplərinə sadiq qalaraq, dəbdəbəli həyatdan imtina edib: “Evsizlər üçün ev, suyu olmayanlar üçün su, çörək lazımdır. Sən belə bir dünyada şəxsi təyyarəm olsun, ora-bura gedim deyirsən. Əgər hər kəs daha çoxunu istəsə bir gün kiməsə bir şey qalmayacaq. Əsl azadlıq yaşamaq üçün qazandığın vaxtdır…”

Indiyə qədər “Nobel” Sülh mükafatı almış məşhurların siyahısına baxsaq, onların arasında Muxikanın dediyi kimi,  əsl azad yaşamağa vaxt qazanmaq naminə həyatı mübarizələrdə keçmiş onlarla insan var. Martin Lüther Kinq, Nelson Mandela, Leh Valesa, Şirin Ibadi, Təvəkkül Karman… O mükafatı çoxlarından daha artıq haqq edən, 5 dəfə namizəd göstərilməsinə baxmayaraq, kənarda qalan Mahatma Qandi kimi əfsanəvi adlar da var. Hansı ki, o mükafatın təyinatı Qandinin illərlə davam edən dinc mübarizə ideyasına daha çox uyğun gəlirdi…

Şübhəsiz, dünyada öz idealları naminə mübarizə aparan insanlar heç bir halda ondan şəxsi qazanc gözləmir. Onlardan biri olan Muxika da “Nobel” Sülh mükafatına namizədliyinə münasibət bildirərkən, qazandığı halda ondan imtina edəcəyini deyib. O, yaşadığımız dünyada ölüm vahiməsindən bezərək, “soyuq müharibə” dönəmlərinin həsrətini çəkdiyini vurğulayır: “O zaman liderlər oyunu qaydalarına görə oynayardı, bir düzən vardı, telefon zəngi ilə  savaşlar durdurulurdu, indi kimsə durub soyuq müharibə dönəmini tənqid etməsin”. Xatırlayırsınızsa, dünyanın ən yoxsul prezidenti bir az əvvəl də Israili Fələstin xalqına qarşı soyqırım aparmaqda ittiham etmiş və bu savaşın ən böyük günahkarının Amerika olduğunu bəyan etmişdi.

Yaşadığımız dünyanın dəhşətli mənzərəsi göz önündədir və nə Muxikanın ittihamlarına, nə də təklifinə qarşı qoyulacaq fakt var ortada. Insan söylədiklərində təpədən-dırnağa haqlı. Hələ o, irəli sürdüyü təklifə əsas olaraq yalnız qanlı savaşları göstərib. Axı bu gün insanlar təkcə müharibə meydanlarında və bombardmanlarda ölmür. Kim bilir, yer üzündə müharibə bəlası qədər amansız olan totalitar recimlərin zülmündən nə qədər insan qan qusur! Kim bilir, belə oğru, talançı, zalım hökumətlərin repressiya maşını nə qədər insanı şil-küt qoyub! Neçə toplumu, nəsli, ailəni məhv edib! Kim bilir, qanun deyilən mexanizmin çoxdan zorakılıq və yalanla əvəzləndiyi belə yerlərdə neçə milyon insan çürüyür həbsxanalarda! Bu zülmü, dəhşəti, işgəncəni dayandıra biləcək kimsə varmı milyardların arasında?.. Yoxsa, sülh mükafatı belə bir dünyanın nəyinə yaraşır axı?..