Azərbaycandan Rusiyaya gedən kənd təsərrüfatı məhsullarının artması ölkə daxilində meyvə-tərəvəzin qiymətini qaldırdı
Meyvə-tərəvəzin qiyməti qalxıb. Bakının bazarlarında apardığımız müşahidələr bunu deməyə əsas verir. Satıcılar düşünür ki, qiymət artımına səbəb, fermerlərin istehsal etdikləri məhsulları yerli bazara çıxarmaqda maraqlı olmamalarıdır.
Meyvə-tərəvəzin qiyməti Rusiyaya görə qalxıb
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında kiçik bir dükanda meyvə-tərəvəz satışı ilə məşğul olan Malik Quliyev deyir ki, ötən ayla müqayisədə qiymətlərdə 20-50 qəpik arası artım var. Məsələn, ötən ay pomidorun qiyməti 40-50 qəpik arasında dəyişirdisə, indi 1 kiloqram pomidor ən aşağısı 1 manata satılır.
Bahalaşma təkcə pomidorla yekunlaşmır. Artım alma, qarpız, yemiş, badımcan, bibər, kartof, soğan, eləcə də mövsümə uyğun digər meyvə-tərəvəz məhsullarında da müşahidə edilir.
Əslində, bahalaşma öncədən də proqnozlaşdırılırdı. Ekspertlər getdikcə məhsuların qiymətinin daha da artacağını istisna etmirdilər. Ekspertlərin bu proqnozu Rusiyadakı vəziyyətə əsaslanırdı. Çünki Qərbin sanksiyaları ilə üzləşən Rusiya buna cavab olaraq, Avropa ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Belə olan halda, Rusiyada meyvə-tərəvəzə yaranan tələbatı ödəmək üçün Azərbaycan və ona yaxın ölkələrdən idxala ehtiyac duyulur. Buna görə də ölkədə meyvə və tərəvəzin qiymətində artım labüd idi.
Üstəlik, fermerlərin öz məhsullarını Bakıya gətirib satmaqdansa, Rusiyaya aparılmaları onlar üçün daha sərfəlidir. Çünki orada daha baha qiymətə satırlar və daha çox gəlir əldə etmək şansları var.
Onu da qeyd edək ki, son vaxtlar Rusiya bazarında Azərbaycandan gedən meyvə-tərəvəz məhsulları daha çox gözə dəyib. Yaxın vaxtlarda üzüm və nar, onların şirələri, qışda xurma ixracı başlayacaq. Rəsmi Bakı şimala ixracatı artırmağa hazırdır. Ekspertlərin fikrincə, Qərbdən idxala qadağa ruslara imkan verəcək ki, post-sovet respublikalarını iqtisadi cəhhətdən özünə bağlasın.
Bu il ikinci dəfədir ki, bahalaşma olur
Bugünlərdə Kənd təsərrüfatı naziri Heydər Əsədov da Azərbaycandan Rusiyaya idxalın artması ilə əlaqədar ölkə daxilində meyvə-tərəvəzin qiymətinin artması məsələsinə aydınlıq gətirmişdi. Nazir bunun təbii iqtisadi proses olduğunu bildirsə də, məsələnin müsbət tərəfinin daha çox olduğunu söyləmişdi. Heydər Əsədov Rusiyada keçirilən görüşlərdə ixraca mane olan məsələlərin həlli üçün danışıqlar apardıqlarını, süni maneələrin aradan qaldırılacağını vurğulamışdı.
Onu da qeyd edək ki, meyvə-tərəvəz məhsularının qiymətlərinin artımı bu il ərzində ikinci dəfədir. Rəsmi məlumatlara görə, bu ilin əvvəlində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki aylarla müqayisədə 0,5-2 faiz bahalaşmışdı.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz; kartofun 1,0 faiz; baş soğanın 4,3 faiz; baş sarımsağın 0,1 faiz; yerkökünün 5,5 faiz; xiyarın 3,3 faiz; pomidorun 1,0 faiz; göyərtilərin 0,4 faiz; quru otun istehsalçı qiymətlərində 1,4 faiz artım müşahidə olunub.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma qeydə alınıb.
“Alıcılar elə bilir ki…”
Göründüyü kimi, yenə də zərbə sadə vətəndaşlara dəyir. Qiymətlərin bahalaşması onsuz da vəziyyəti ağır olan insanları daha da çətin duruma salır. Satıcılar da qiymət artımından gileylənirlər. Deyirlər ki, bahalaşmanın onlara heç bir xeyri yoxdur. Onların sözlərinə görə, qazanc yenə əvvəlki qaydadır: “Alıcılar elə bilir ki, qiymət artımı olanda biz daha çox qazanırıq. Ancaq elə deyil. Bu gün də, dünən də, bir il əvvəl də mer-meyvəni fermerlərdən, yarmarkalardan neçəyə alırdıqsa, üstünə 5-6 qəpik qoyurduq. Əlavə heç bir qazancımız olmayıb. Ötən aya qədər pomidorun kilosunu ən yaxşı halda, 50 qəpiyə satırdıq. Indi 1 manata qədər qalxıb. Kartof da, soğan da həmçinin. Biz ötən ay da bir kilodan 5-10 qəpik qazanırdıq, indi də. Əksəriyyət elə bilir ki, qiymətləri biz qaldırmışıq. Ancaq məhsulları gətirənlər belə edirlər”.
Satıcılar deyir ki, fermerlərə qiymətlərin bahalaşması sərf edir. Çünki belə olan halda, məhsullara tələbat daha da artır.
Təbii ki, Azərbaycan məhsullarının Rusiya bazarına ixracı bizim üçün sərfəlidir. Ancaq ixrac elə həyata keçirilməlidir ki, daxili bazarda da problemlər yaranmasın. Daha doğrusu, məhsul qıtlığı və qiymət artımı olmasın. “Yaşıl bazar”, “Təzə bazar”, “Suraxanı bazarı”, “8-ci kilometr bazarı”nda bahalaşma hiss olunur. Satıcılar deyir ki, bazara gətirilən məhsullarda da qıtlıq yaşanır.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkə bazarlarında qıtlığın və qiymət artımının qarşısının alınması üçün Azərbaycan məhsullarının Rusiyaya ixracına maneə yaradılmamalı, əksinə, bölgələrdə məhsuldarlıq artırılmalıdır. Yəni, məhsul bol olmalıdır ki, təm ölkə daxilindəki tələbatı ödəsin, həm də Rusiyaya göndərilsin.
Bahalaşmanın daha bir səbəbi – quraqlıq
Maraqlıdır ki, söhbətləşdiyimiz bəzi satıcılar qiymət artımı məsələsinin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac olunmasıyla əlaqəsi olmadığını düşünür. Onlar səbəbi quraqlıqda görürlər.
Ramin DEKO