“Boraltan”ı da unudarıq, “erməni açılımı”nı da…

Təxminən iki il öncə Türkiyənin baş naziri müxalifətdə olan CHP partiyasının ünvanına ağır ifadələr işlədərək onu saxta Azərbaycan (azeri) sevgisində ittiham etdi. Onlara Ismət Inönü dövründəki Boraltan “xəyanət”ini xatırladaq, dedi ki, oturun yerinizdə siz Azərbaycanı (azeriləri) sevə bilməzsiniz. Söhbət 1944-cü ildə Stalin zülmündən qaçaraq, Türkiyəyə sığınmış 146 azərbaycanlının geri verilməsindən  gedirdi. 

Bundan bir neçə il öncə, Stalinin ölümündən 50, SSRI-nin süqutundan isə 20 il sonra, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqları yığışdırılaraq, Bursa valisinin təbirincə desək, stadionun girişindəki “normal” qutulara atılmışdı. O kadrları mən də seyr etmişdim, qutu “normal” olsa da, qutu idi və aydın məsələdir ki, bayraq üçün nəzərdə tutulmamışdı. CHP də o vaxt AKP-ni saxta Azərbaycan (azeri) sevgisində ittiham etmişdi. Yuxarıda ərz etdiyim kimi, bu zaman dünyada nə Stalin var idi, nə də ki, qüdrətli SSRI.

CHP daha sonra AKP iqtidarını “erməni açılımı”nda, prezident Abdullah Gülün Yerevana gedərək, Ermənistan-Türkiyə oyununu əli Xocalı körpəsinin qanına bulaşmış Serj Sərkisyanla birlikdə seyr etməkdə  ittiham etdi. 

Nə isə, müəyyən səbəblər üzündən “erməni açılımı” baş tutmadı, yəni ermənilər Türkiyəyə olan ərazi iddialarından və “qondarma soyqırım”ın ittihamından əl çəkmədilər. AKP liderlərinə inansaq, ortada guya bir Qarabağ məsələsi də var imiş…  

Türkiyədə Azərbaycana olan sevgi yarışı seçkilər ərəfəsində az qala müharibəyə çevrilir. “Azeri”nin yanına bir də kardeş  kəlməsin əlavə edib, olaya türklər demiş bir də qaz verirlər. Zarafat deyil, Türkiyədə bir milyondan çox səsin taleyi həll olunur. 

…Təxminən 10 gün əvvəl Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan inauqurasiyadan sonra ilk səfərini Bakıya edəcək. Bu onun neçənci səfəridir, deyə bilmərəm, amma həmişə mənə elə gəlir ki, o Bakıya yalnız şəxsi məsələlərlə bağlı gəlir. Yəni hamımızın güvəndiyimiz, bir millət, iki dövlətdən birinin başçısı kimi gəlmir. Çünki o, təxminən on il ərzində bunu baş nazir olanda dəfələrlə sübut edib. Xatırladıram ki, Türkiyədə prezident postu, simvolik vəzifədir. Lakin unutmaq lazım deyil ki, bu posta əyləşən AKP lideridir. Deməli, avtomatik olaraq, Türkiyənin gündəmini o bəlirləyəcək. Baş nazir postuna iddiası az olan Əhməd Davudoğlunun gətirilməsi, dediklərimizə əyani sübutdur. Nə isə, keçək mətləbə. 

Türk siyasətində Azərbaycan mövzusu həssas bir mövzudur. Hamı ehtiyatlı olmağa çalışır, ilk növbədə mövcud Əliyev rejimi ilə münasibətləri korlamaq istəmir. Özünüz fikirləşin, 70 il bundan qabaq Boraltan faciəsini yada salan Ərdoğan guya bu gün Azəbaycan türklərinin hansı zülm altında inlədiyini bilmir? Əlbəttə bilir, bilir ki, 9 milyon türk demokratiya və söz azadlığının olmadığı bir ölkədə yaşayır. Hər seçki görünməmiş saxtakarlıqla keçir. Ən azı buna susmaq əvəzinə bir də AKP-li millət vəkillərini müşahidə üçün buraya göndərir. Onlar da seçki biabırçılığı bitməmiş bəyanat verirlər ki, Azərbaycanda Avropanın belə ibrət götürəcəyi bir şəkildə şəffaf seçkilər keçirildi. Bax belə… Ardından da R.T.Ərdoğan cənablarının ta kəndisi təşrif buyurur. Öz növbəsində o da iqtidarı tərifləyib gedir. 

Keçən yazılarımın birində yazmışdım ki, Azərbaycandakı YAP iqtidarının sonu həm də Türkiyədə AKP-nin sonu deməkdir. Bu iki partiya arasında olan qardaşlıq möhkəm iqtisadi təməllər, şübhə doğuran tenderlər (ihalələr), qarşılıqlı güzəştlər, bir sözlə, şəxsi maraqlar üzərində qurulub…

Boraltanı da, Bursadakı bayraq olayını da, lap elə “erməni açılımı”nı da unudacağıq. Gün gələcək Ərdoğan və AKP da unudulacaq…

Azərbaycan xalqının heç bir zaman unutmayacağı bir Türk var. O türk dünyasının əbədi lideri Mustafa Kamal Atatürkdür. 

O Atatürk ki, ölümündən az öncə Iran şahına böyük miqdarda qızıl ödəyərək Naxçıvanla Iğdırın arasında yerləşən torpaqları aldı. Bunun nə demək olduğunu isə, özünüz düşünün…