“Azəryolservis” Əliyevlə hesablaşmır

Miraslan Əkbərov: «Deyirəm prezident deyib ki, kvadratı 1500 manatdan ödəyin, mənə deyirlər, sənin prezidentin populist çıxış edir»

Binəqədi rayonu, Yusifzadə küçəsi, 46 ünvanında, “Çermet” adlanan ərazidə yaşayan vətəndaşlarla “Azəryolservis” arasında gərginlik davam edir. Qeyd edək ki, “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun göstərişilə həmin ərazidəki evlərin sökülməsinə başlanıb. Vətəndaşlar kompensasiyanın azlığından şikayət edirlər. Həmçinin vətəndaşlar bildirir ki, Cavid Qurbanov bu evlərin dövlət ehtiyacı üçün söküldüyünü desə də, əslində ərazidə otel inşa etmək niyyətindədir.

Narazılardan biri də Miraslan Əkbərovdur. Avqustun 21-də “Azəryolservis” əməkdaşları onun həyətinə daxil olaraq evini yararsız hala salıblar. Miraslan Əkbərov “Azadlıq”a bildirib ki, “Azəryolservis”in işçiləri evinin bir tərəfini və 3,5 metr hündürlükdə olan hasarını xəbərdarlıqsız və heç bir qanuni əsas göstərmədən söküblər. Şikayətçinin sözlərinə görə, o, həmin vaxt Rusiyada olub və bu barədə xəbəri eşitdikdən sonra Bakıya gəlib. “Xeyli ziyan dəyib. Evim yarasız hala salınıb. Mənim müdaxiləmdən sonra söküntü dayandırılıb, ancaq evlərə verilən su, qaz, elektrik xətti kəsilib. Azərbaycan Voleybol Federasiyasında xadimə işləyən bacım və qardaşının həyat yoldaşı işdən qovulub”.

O, bildirib ki, həmin evdə hazırda 3 ailə yaşayır: “Mənim ailəmlə yanaşı bacımın və rəhmətə getmiş qardaşımın ailəsi də bizim mənzildə yaşayır, 11 nəfər bir mənzildə qalırıq”. 

Miraslan Əkbərovun sözlərinə görə, həmin 2003-cü ildə alıb: “Ev və həyətyanı sahə mənim şəxsi mülkiyyətimdədir. Bütün sənədlərim qaydasındadır. 2013-cü ilin mart ayında bizim evin yaxınlığında yerləşən və Cavid Qurbanovun rəhbəri olduğu Voleybol Federasiyasının nümayəndələri mənim mülkümün dövlət ehtiyacları üçün satın alınması ilə bağlı mənə müraciət etdilər və əvvəlcə 300, daha sonra 350 min manat təklif etdilər. Mən bu təkliflərlə razı olmadım. Onların hesablamalarına görə, 150 kvadratmetr mənzil sahəsi və 7 sot həyətyanı sahənin qiyməti bu idi. 

Daha sonra bu ilin iyul ayında mən, vəkilim Aslan Ismayılov, Cavid Qurbanov, onun vəkili Ilqar Abbasov, nümayəndəsi Faiq Məmmədovla bir yerdə görüşdük. Razılaşdıq ki, evin hər kvadrat metri 1500 manata, həyətyanı sahə isə bazar qiyməti ilə dəyərləndirilsin. Burada isə torpağın 1 sotunun qiyməti 50-70 min manat arasında dəyişir. Ancaq bu sözə əməl olunmadı. Təsəvvür edin, mən onlara deyirəm ki, prezident Bakıdakı evlərə görə kvadratı 1500 min manatdan ödənilməsini deyib. Mən bunu televiziyada eşitmişəm. Mənə deyirlər ki, sənin prezidentin populist çıxış edir. Mən prezidentə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova teleqram vurmuşam. Amma istəyirəm, sizin qəzetiniz vasitəsilə də prezidentə müraciət edərək ondan soruşum: Bu adamlar doğrumu deyir? Yoxsa özlərinə o qədər arxayındırlar ki, sizin tapşırıqlarınızı yerinə yetirmirlər? Mən prezidentdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın.

Bir məqamı da qeyd edim. Bu ilin yanvar ayında  bizə xəbərdarlıq bildirişi göndərilmişdi ki, sizin mənziliniz Ziya Bünyadov prospektinin genişləndirilməsi səbəbində sökülməyə düşür və Kapital Bankın Nərimanov rayon filialında sizin hesabınıza 147 min manat pul köçürüləcək. Ancaq bu prospektin yenidənqurma işləri artıq yekunlaşıb və prospekt bizim evlərə tərəfə genişləndirilmədi. Bizim evlə həmin prospekt arasında 80 metr məsafə var. Bu, o deməkdir ki, mənim evim heç yolun mühafizə zolağına belə düşmür”.

Miraslan Əkbərov bildirib ki, sona qədər mübarizəsini davam etdirəcək.