“Azadlıq” “Qasid” dən pulunu tələb etdi VİDEO

Bu dəfə firma rəhbərliyi qapı arxasında gizlənməyə üstünlük verdi

“Azadlıq” qəzetinin kollektivi “Qasid” yayım firmasının qarşısında növbəti dəfə etiraz aksiyası keçirib. Aksiyaya səbəb firmanın qəzetə olan borcunu ödəməməsidir. Qəzetin əməkdaşları firmanın önündə “Pulumuzu tələb edirik”, “Azadlıq” Qasidin əlilə boğulur” və s. şüarlar tutaraq borcun qaytarılmasını tələb ediblər.  Ancaq əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfə firmanın qapısı da bağlanıb , zənglərə cavab verilməyib. Firmanın qarşısında avtomobillərin dayanmasından məlum olub ki, içəridə adamlar var, sadəcə qapını açmaqdan imtina edirlər.
Görünür, “Qasid” firmasının rəhbərliyi artıq arqumentsizlikdən əziyyət çəkir və hər dəfə absurd səbəblər gətirməklə ictimaiyyət qarşısnda gülünc vəziyyətə düşdüyünü anlayır.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev yaranmış vəziyyətlə bağlı bildirdi ki, “Qasid” firmasının qəzetə qarşı belə müasibəti Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlıdır və qəzetin susdurulmasına xidmət edir:  “Artıq uzun müddətdir ki, ”Qasid” yayım firması “Azadlıq” qəzetinin boğulması prosesində çox fəal iştirak edir. Firmanın rəhbərliyinə çoxlu sayda müraciətlərə baxmayaraq, onlar qəzetə olan borcu ödəməkdən açıq şəkildə imtina edirlər. Dəfələlərlə vəd versələr də, heç bir əməli addım atmayıblar.  Artıq 3 aydır ki, qəzetin əməkdaşları əmək haqqı almadan çalışır. Görünür, Azərbaycan hakimiyyəti bu aqressiv siyasəti ilə, qəzeti sıradan çıxarmaq və iqtisadi yollarla çökdürmək istəyir. Dünyanın 4 tərəfində milyonluq layihələr həyata keçirən Azərbaycan hökuməti,  “Qasid”in “Azadlıq”a olan borcunun ödənilməsi ilə bağlı heç bir addım atmayıb. Bugün nə zənglərimzə cavab verdilər, nə də qapını açdılar. Ölkə ictimaiyyəti də görsün ki, firma qəzetə olan borcu ödəməkdən imtina edir. Bütün bunların səbəbi isə, “Azadlıq”ın həqiqətləri dilə gətirməsi, prinsiplərdən dönməməməsidir. Ancaq, biz sona qədər mübarizəmizi davam etdirəcəyik və “Azadlıq” qəzeti yaşayacaq”.