Rusiyanın ATƏT büdcəsinə pulu xəsisliklə verməsi təşkilata Ukraynadakı fəaliyyətini genişləndirməyə imkan vermir. Virtualaz.org xəbər verir ki, bu haqda Fransanın “Liberation” qəzeti yazır. “Vladimir Putin ATƏT-i Qərbin silahı hesab edir və istəmir ki, bu təşkilat Rusiya-Ukrayna işlərinə qarışsın” məqalədə bildirilir.
Qəzetin yazdığına görə Rusiya ATƏT-in büdcəsinin cəmi 4 faizini verir, müqayisə üçün ABŞ və Almaniya hərəyə 13 və 11 faiz verirlər. Bu ölkələr çoxdandır Rusiyadan üzvlük haqqını artırmağı tələb edirlər, ancaq Rusiya təşkilatın maliyyələşdirilməsində olduqca xəsis davranır. “Vladimir Putin istərdi ki, ATƏT ancaq Balkanlarda münaqişəsonrası nizamlama ilə məşğul olsun, seçkilərə, KİV azadlıqlarına, insan haqlarına qarışmasın. Görünür buna görədir ki, Ukrayna hadisələri zamanı Rusiya təşkilatın bu ölkədəki missiyasının xərclərinin cəmi 2 faizini vermişdi. Belə vəziyyət ABŞ-ı o qədər boğaza yığıb ki, iki ölkənin ATƏT-dəki daimi nümayəndələri bir-birlərini davamlı olaraq acılayırlar” deyə qəzet yazır.
Bildirilir ki, ATƏT-in büdcəsinin üzv ölkələr arasında bölgüsü 30 il əvvəl olduğu kimi qalıb. Bu bölgüyə görə Türkiyə Rusiyadan daha çox ödəniş etməlidir. “Azərbaycan isə bu gün ildə cəmi 45 min avro üzvlük haqqı ödəyir. ATƏT-də ironiya ilə deyirlər ki, Azərbaycanın daimi nümayəndəsinin limuzini də bundan bahadır” deyə məqalədə bildirilir.
Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi hazırda Qalib İsrafilovdur. O, 2011-ci ildə Azərbaycanın Avstriyadakı səfiri təyin olunub. Azərbaycanın Vyanadakı səfiri həm də ATƏT yanında daimi nümayəndə vəzifəsini yerinə yetirir.