Bakıda Ərdoğanın gözlənilən tələbinə necə hazırlaşırlar?
Azərbaycan hakimiyyəti ölkədə nurçu məktəbləri qapadsa da, bu şəbəkəyə aid olan ən iri təhsil müəssisəsini – Qafqaz Universitetinə dəymədi. Bu bir tərəfdən Qafqaz Universitetinin Azərbaycanda ən səviyyəli təhsil müəssisəsi olması ilə bağlıdırsa, digər tərəfdən məmur övladlarının orada oxuması ilə əlaqədardır. Bunlar məsələnin görünən tərəfidir.
Qafqaz Universitetinin bağlanmamasının gizli səbəblərindən biri isə hakimiyyətin nurçularla tam əlaqəni kəsmək istəməməsidir. Lakin Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ərəfəsində universitetin bağlanması ilə bağlı bu təhsil müəssisəsinin rəhbərliyində həyəcan var. “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, hakimiyyət də bu məsələdən narahatdır. Çünki Ərdoğanın səfərində əsas məqsədlərdən biri də Azərbaycandakı nurçu şəbəkənin tamamilə darmadağın edilməsi ilə bağlı tələblərini çatdırmaqdır. Hakimiyyət düşünür ki, Qafqaz Universitetinin bağlanması da tələblərin sırasında ola bilər. Bu baxımdan hökumət ehtiyat varianta əl atıb.
Hakimiyyətin planı bundan ibarətdir ki, Ərdoğan Qafqaz Universitetinin qapadılmasına israr edərsə, o zaman bu təhsil müəssisəsi nurçuların nəzarətindən çıxarılsın və başqa ad altında fəaliyyət göstərsin. Məlumata görə, artıq Qafqaz Universitetinin yeni adı da müəyyənləşib: Ulduz.


