İntihar körpüləri

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il doğumlu, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib”- xəbərinin arxasınca kimsə düşmədi. Bu sahəyə cavabdeh olan kimsə cəzalanmadı. 

Generator maşınında adamı niyə tok vurmalıdır ki? Söhbət insan taleyindən və bu taleyin Azərbaycanın ilk, dövlətdən ən çox maliyələşən televiziyasından gedir. Ildə 50 milyon manatdan çox vəsait ayrılan televiziyanın əməkdaşını generator maşınında elektrik cərəyanı vurur. Çünki büdcədən pullar təmir-tikinti adıyla silinir, yeni texnikaya pul xərclənmir. AzTV-də jurnalistlərə əməkhaqqı verilmir. Adam dolandırmayacaq qonorar yazılır. Sənədləşdirmədə dəyərindən qat-qat baha qeyd olunsa da, yüksək texniki avadanlıqlar alınmır. Səyyar studiyalar imkanlarından çox istidafə olunur. Rəsmi tədbirlərdə texniki heyət fasiləsiz iş rejimində çalışır. Kəskin ixtisarlar, pula qənaət üçün çalışanların sayının azaldılması sonda  fiziki yorğunluğa, əsəbi gərginliyə gətirir, “gərginlik”dən adam ölür. Bunun haqq-hesabını AzTV sədri, televiziya maqnatı, deputat Arif Alışanovdan soruşan yoxdur. Soruşsalar nə dəyişəcək ki? Soruşan pulla susdurulacaq.

Eyni gündə daha bir ölüm xəbəri jurnalistlər üçün tikilən bina ilə bağlıdır. Fəhlə hündürlükdən yıxılıb, ölüb. Salyan yolu küçəsi-20-də jurnalistlər üçün tikilən binada Sabirabad rayon sakini, 19 yaşlı Pünhan Musayev 8 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. Belə hadisələr tez-tez baş verir. Fəhlənin hələ də insan yerinə qoyulmadığı Azərbaycanda (Allah Mirzə Ələkbər sabirə rəhmət eləsin) damdan yıxılıb ölmək “həyat normasına” çevrilib. Əsas olan məsələyə loyal  münasibət, belə münasibətin üzündən ölüm hallarının davam etməsidir. “Heç kim bu cür hadisədən sığortalanmayıb”. Bu hadisə ilə bağlı binanı inşa edən “Portos Inşaat” şirkətinə heç bir irad tuta bilmərik. Bizim bu şirkətdən əsas tələbimiz keyfiyyətli işdir”. Fəhlənin ölümünəÿKütləvi Informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin münasibəti belə olub. Keyfiyyət(?) insan həyatından dəyərlidir? Inanan daşa dönsun. “Portos Inşaat”a irad tutmamağın başlıca səbəbi sonradan bəlli oldu. Həmin şirkət Vüqar Səfərovun hamisi, media maqnatı iddiasında olan Əli Həsənova məxsusdur. Sadə səbəb bu…

Həmin gün daha bir xəbər yayıldı. Zərdab rayonunun icra başçısı Lütfəli Babayevin ondan 65 min dollar pul aldığını və hələ də qaytarmadığını iddia edənÿSadiq Nəsirov adlı vətəndaş el içində intiharlar körpüsü kimi məşhurlaşan Bakının ilk asma körpüsündən özünü atmağa cəhd edib, cəhdin qarşısı alınıb. El birliyi – prokurorluq, polis, FHN, deputat, nə bilim daha kimlərin əsəyilə adamı ölümdən döndəriblər. Çox gözəl, afərin, eşq olsun! 

Olayın tənzimlənməsində iştirakı olan deputat Qənirə ana (tapıntı mənim deyil) facebook səhifəsində belə bir çağırış edib: “Inşallah inanıram ki, bir daha belə hallar təkrar yaşanmayacaq. Intiharlar çıxış yolu deyil, əzizlərim. Ailənizi, yaxınlarınızı düşünün, lütfən. Yaşadığım hadisənin şokundan indi özümə gəlirəm və sadəcə Allaha dua edirəm ki, şükür ki, hər şey yaxşı qurtardı. Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik.. Hamımız…”

Bu da gözəl. Bəs Ağaqulu Mürvətovların, Pünhan Musayevlərin ölümünü hara, kimin adına yazaq. Onların ölümü niyə sizləri ağrıtmır? Onların ailəsi, yaxınları yoxdumu? Onların ölümünü “təbii fəlakət” kimi dəyərləndirməyə nə ad verək? Hər iki öülümün və ölümdən dönmənin babalı hakimiyyətindir. Səhmdar cəmiyyətlər, şirkətlər, icra başçıları – hamısı hakimiyyətin seçmələridir. Seçilənlərdən olmayan sadə insanlardır – Əzrayıl hakimiyyət onların hərəsinə bir ad qoyub aparıır. 

Azad