Məlahət Nəsibova açıqlamanı böhtan adlandırdı; VHP isə nazirlikdən üzr istəməsini tələb etdi
Naxçıvanda hüquq müdafiəçisi və jurnalist, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin təmsilçisi İlqar Nəsibovun ölümcül döyülməsi ilə bağlı Muxtar Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Naxçıvan Şəhər Polis İdarəsi hadisəni araşdırıb və müəyyən edilib ki, hadisə məişət zəminində baş vermiş davadan ibarət olub.
“Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan təşkilatının sədri olmuş, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar.
21 avqust 2014-cü ildə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib.
Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.
Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.
Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir”, – deyə Naxşıvan DİN-in məlumatında bildirilir.
“Bu məlumat gülməlidir”
İlqar Nəsibovun həyat yoldaşı, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova “Turan”a müsahibəsində Naxçıvan DİN-in yaydığı məlumatı böhtan adlandırıb.
“Bu məlumat mənə gülməli gəldi. Düşünürdüm ki, polislər baş verənləri görüb, utanıb işə obyektiv baxacaqlar. Görünür, mən sadəlöv olmuşam, onlarda bu cürət olmazdı”, – deyə o, qeyd edib.
Nəsibova həyat yoldaşının ümumiyyətlə danışarkən söyüşdən istifadə etmədiyini bildirib. “O, içkili də deyildi. Əgər içkili olsaydı, bunu hamı hiss edərdi. İlqar Fəridlə dost da ola bilməz, çünki Fərid İlqarın oğlu yaşındadır. İlqar xatırlayır ki, onu vurduqdan sonra fiziki cəhətdən qüvvətli şəxslər ofisə daxil olub və ofisi dağıdıb”, – deyə Nəsibova əlavə edib.
Məlahət Nəsibova İlqarın döyülməsi və ofisin dağıdılması işinin hakimiyyət orqanları tərəfindən təşkil edildiyini istisna etmir. “Bu işi Avropa Məhkəməsinə qədər aparacağıq”, – deyə o, qeyd edib.
VHP-dən sərt etiraz
Naxçıvan DİN-in məlumatına orada adı hallanan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da kəskin etirazını bildirib.
Partiyanın yaydığı açıqlamada bildirilir ki, İlqar Nəsibovu döyən Fərid Əsgərovun VHP-nin Naxçıvan MR təşkilatının sədri kimi təqdim edilməsi əssasızdır və heç bir məntiqə sığmır: “VHP bəyan edir ki, Fərid Əsgərov adında Naxçıvan MR təşkilatının nəinki sədri, heç üzvü belə yoxdur. Fərid Əsgərov adlı şəxs 2 il öncə təşkilata üzvlük üçün müraciət etsə də, onun müraciəti VHP Siyasi Şurası tərəfindən müsbət dəyərləndirilməyib və o, təşkilat sıralarına hətta üzv kimi qəbul edilməyib”.
Bəyanatda VHP Naxçıvan Muxtar Respublikası təşkilatına Abdulla Abdullayevin sədrlik etdiyi də xatırladılıb və yayılan yanlış xəbərə görə partiyanın ictimai-siyasi nüfuzuna ziyan vurduğu üçün Naxçıvan DİN-dən təkzib vermək və üzr istəmək tələb edilib: “VHP bir qeyri-hökumət təşkilatı sədrinin döyülməsi faktını pisləməklə barabər, Naxçıvan Muxtar Respublikasında VHP-nin yerli təşkilatının rəsmi qeydiyyatdan keçən sədri olduğu halda, heç bir sənəd-sübut olmadan, həbs olunan şəxsin əsassız iddiası ilə onun rəsmən VHP-nin təşkilat sədri kimi təqdim edilməsinə kəskin etiraz edir, cinayət törədən bir şəxsi qanunsuz olaraq VHP-nin təşkilat sədri kimi təqdim etməklə Naxçıvan DİN-in təşkilatın imicinə ciddi zərər vurduğunu bildirir. Buna görə də VHP belə bir əsassız məlumatı yayan orqanın dərhal təkzib verməsini və təşkilatdan üzr istəməsini tələb edir”.


