Mənə “Sus!” deyirlər

Natiq Güləhmədoğlu

İlahi, susqunlarımıza fəryad bəxş et!

Işə bax, ustad Əli Şəriətinin bu fikrini az qala, özünə həyati şüar seçmiş bu bəndeyi həqirinizə “Sus”, “Sakit ol” mesajı verirlər. Bir yox, azı on bir yerdən…

Təkcə hədə kimi deyil, guya, həm də canıyananlıq kimi. “Bir az sakitləş”, “bir az az danış” formasında da gəlir bu mesajlar.

***

Indi onlar özlərini daha cəsarətli sayırlar. Öz aləmlərində fikirləşirlər ki, qardaşım Muradı əsir götürüblər, ailəmizin müdafiəsiz üzvlərini – xanımlarını bəlkə də sağalmaz xəstəliyə salıblar, hələ qarşıda bunun istintaqının, məhkəməsinin yorucu, ağır günləri var. Bundan cəsarətlənirlər və danışan bir dili lal edə biləcəklərini düşünürlər. Necə də səhv haqq-hesab aparıblar.

Mən də, Murad da belə namərdliyə çoxdan hazırıq. Bizim üçün bu baş verənlər, atılan böhtan və şərlər, repressiyalar ağır ola bilər, ancaq heç vaxt qorxulu olmayıb, olmayacaq da.

Üstəlik, bir məqam da var, axı bu ölkədə haqla nahaqqın savaşında, Natiq, Murad epizodik şeylərdi. Sabah lap onlar heç olmadı, satıldılar, sındılar, qorxdular və sair, məgər bu, ölkədəki gərginliyi aradan qaldıracaq, xalq-hökumət arasındakı münasibətləri tarazlaşdıracaq? Muradları, natiqləri meydana çıxaran sizin kobud, qaba, anti-insani davranışlarınız, ədalətsiz siyasətinizdi.

***

Dünyada hələ heç bir tirana, diktatora haqqın səsini tam boğmaq müəssər olmayıb. “Haqq nazilər, amma üzülməz” sözünü nahaq deməyiblər. Hətta bu sadə xalqı, müxalif düşünənləri bir gecədə qırsanız belə, yenə də vəziyyət xeyrinizə dəyişməyəcək. Çox mümkündür ki, hətta öz ailə üzvləriniz arasından, öz damınızın altından səhv əməllərinizi sifətinizə şapalaq kimi çırpan çıxacaq.

***

Muradı narkobaron çıxarmaq istəyirlər, davam etsinlər, biz onların özlərini rüsvay etməsinə mane olmayacağıq. Onların bu böhtanlarına ən ədalətli, ən sarsılmaz bir dəlil var – Muradın qabarlı əlləri!

Muradın işini aparan müstəntiqlərə, hakimlərə ancaq sözüm budur: o əllərin qabarından qorxun, o qabarlar sizə ədaləti qorumaq çağırışıdı. Ömrü boyu zəhmətlə, alın təri ilə dolanan insana zorən cinayətkar paltarı tikməyin!

***

Mənə, yəni, susqunları fəryada çağıran adama belə bir təklifin edilməsi nə qədər acıdır, bilirsinizmi? Nə günlərə qaldıq! Bunların – ölkəni çalıb-çapan bir ovuc kriminal, yolkəsənin hikkəsinə bir baxın ki, deyirlər, sizi çalıb-çapacağıq, insan yerinə qoymayacağıq, təhqir edəcəyik, qürurunuzla oynayacağıq, yaxınlarınız da kefimiz istəyəndə zülmə ürcah olunacaq, ancaq bu hələ sənin səsini ucaltmağına səbəb deyil. Döz və sus. Sus və buna da şükür elə.

Insafən, biz də sözəbaxanlığı bacarırıq. Susuruq. Fəryad nədi, “mıkk” da etmirik. Təəccüb içində qalırsan, azərbaycanlıların hansını dindir, Allahdan başqa heç kimdən qorxmadığını deyəcək. Yenə, bu adamlar o dünyanın varlığına iman gətirdiklərin bəyan edəcək. Ondan da şikayətlənməyi unutmayacaqlar ki, bu ölkədə yaşayışları çox bərbad keçir, ölsələr, bundan min dəfə yaxşıdır və s. Dəhşət budur ki, belə adamlar pislədikləri bu dünyadan min əllə yapışıb qalıblar. Azca ölüm qorxusu onları hər şeyə güzəştə getməyə, üzə durmağa, ev yıxmağa vadar edə bilir. Bu, bizim naqisliyimizdi.

Belə hallar var və bəzən mübarizə insanını sarsıdır, onun öz yoluna tərəddüdlə yanaşmasına səbəb olur. Fəqət, bu ağır və məsuliyyətli iş, yəni, ölkəni azadlığa qovuşdurmaq, firavanlıq, ədalət yaratmaq, onsuz da o cür düşünənlərin işi deyil. O adamların rəyi, yanaşması ilə də addım atmaq səhvdir. Ayrı-ayrı xalqları, millətləri onun yaltaqları, mənəviyyatsızlığın dibində eşələnənləri deyil, öndə gedənləri, ziyalıları, keyfiyyətli fərdləri təmsil edir.
Bizdə isə belələri nəinki azdı, hətta deyərdim ki, çoxdu. Mübaliğəyə varmıram. Sadəcə, indi zaman əclaflarındır deyə, hər yerdə gözümüzə onlar dəyir.

Sizə tövsiyəm var. “Azadlıq” qəzetinin 3-cü səhifəsindəki vicdan məhbuslarına bir-bir baxın. Məgər onlar sizə gələcək üçün ümid vermir? Bu fotolar hələ aysberqin görünən hissəsidir. Bilirsinizmi bu yalan və talan rejimini dəyişmək üçün çalışan, düşünən nə qədər insan var?

Azərbaycanın işğal tarixlərini yada salın. Onların heç birində bu qədər daxili müxalifət, zalımın gözünün içinə “zalımsan” deyən olmayıb. Buna baxmayaraq, o rejimlər cəhənnəmə vasil olub.
Yoxsa, belə deyil?!