İlqarın şəkilləri və ya sonuncu «18+»

Cinayətlərin laboratoriyası və fabriki

İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən sonra yayılan fotolar hər kəsi dəhşətə gətirdi. Dəhşəti «adamı belə döyməzlər!» reaksiyasından başqa bir şəkildə ifadə etməyə kimsənin təsəvvürü əl vermədi.

Bizim günlərdə dəhşətin effekti şəraitə uyğun olaraq dəyişir. Məsələn, Yaxın Şərqdə kəsilən başların dığırlanma səhnəsi əvvəlcə «18+» qeydi ilə yayılırdı. Sonra adiləşdi. «18+» çox az KİV-in yadına düşdü və indi bütün dünyada İŞİD deyərkən hər kəsin gözünün qabağına «Allahu Əkbər» bağırtısı və bunun dalınca da kəsilib top kimi kənara tullanan insan başı gəlir. İndi o mənzərələr əvvəlki dəhşətlə qarşılana bilmir. Bəşəriyyət heyrətin miqyaslarını daraldır.

Bir zamanlar Azərbaycanda bir jurnalistin və siyasi fəalın şərlənərək həbs edilməsi heyrət yaradırdı. Sonra bu, adiləşdi. İndi insanları dəstə-dəstə, hətta ən həyasız böhtanlarla şərləyib içəri atırlar, 15 sutka deyil, 15 illik maddələrlə təhdid edən əməllərdə itiiham edirlər. Cəmiyyətdə intelligensiyanın təcəssümü sayılan adamları şərləyirlər və heyrət miqyaslarını kiçildirlər.

Əvvəllər də jurnalistləri döyürdülər. Jurnalistlərin döyüllməsi qeyri-adi bir şey deyil. Azərbaycanda bu, sıradan bir fakt kimi qarşılanır. Kimisə küçədə yaxalayıb beş-altı şillə-təpiyə qonaq edirlər, tullayıb gedirlər və bir müddət qalmaqala bənzər lokal narazılıqdan (!) sonra fakt unudulur və buna bənzər başqa birisi meydana çıxana qədər sakitlik olur. 

İlqar Nəsibovu isə insan təsəvvüründən kənar qəddarlıqla döyüblər. Bu, bir insanı öldürmək qəsdilə baş vermiş işgəncə faktıdır. Buna baxmayaraq, ilk növbədə Naxçıvan reallıqlarını göz önünə alan bir çoxları üçün bu qədər vəhşiliklə törədilən bu cinayət əməli də İŞİD effekti yaradır. Yəni, adiləşmək üzrədir. «18+» effekti sıradan çıxmaq üzrədir. 

Dünən İlqarın şəkillərini bəzi təşkilatlara yolladım. Bütün hallarda mənə yazılan cavablar bir neçə nida işarəsi ilə müşayiət olunan “Dəhşət” oldu – “UJAS!!!!!” və ya “TERRİBLE!!!!!”

Təkcə Azərbaycanda deyil, dünyanın başqa ölkələrində də reaksiyanın eyni təsəvvür qəlibsizliyində ifadəsi göstərdi ki, İlqarın döyülməsi prosesi nəsə insani olmayan, hətta heyvani də adlana bilməyəcək, yerdən, bəşəri hisslərdən kənar bir motivlə baş verib. 

Söhbət, Naxşıvan gerçəklikliklərindən də getmir. Azərbaycan unikal unitar dövlətdir və burada Gəncənin, Naxçıvanın, Lənkəranın,.. filanın «xan» elan edilən idarəçilərinin hamısı bu unitarlığın bölünməz tərkib hissəsidir. Adına Naxşıvan gerçəkliyi deyilən bir şey yoxdur. Azərbaycan gerşəkliyidir və bu gerçəklik idarəetmənin ən quduz şəkildə həyata keçirilməsi mənasında görükür. 

Onu öldürmək istədilər, istəmədilər, bu, şərt deyil. Şərt olan budur ki, onu bu şəkildə döyüb başqalarının gözünü qorxutmaq və bütün cəmiyyətin bu şəklə salınması üçün inzibati arsenalın bolluğunu qabartmaq istəyiblər. Əminəm ki, əgər İlqarın bu dəhşətli şəkillərini Məlahət xanım yerli və xarici mətbuata yaymasaydı, onu döyənlər bunu edəcəkdilər. Əminəm ki, onun döyülməsi prosesi videoya alınıb. 5 nəfər cəllad, bir nəfər isə ştat üzrə operator kimi əməliyyat yerinə göndərilib. Əməliyyatı planlaşdıranlar, motivini müəyyən edənlər onun nəticəsini də cəmiyyətə hansısa şəkildə təqdim etməlidirlər. 

Bu, «biz vəhşiyik» bəyanatı deyil, «siz heç kimsiniz» bəyanatıdır. 

«Bİz vəhşiyik» açıqlaması zatən dolayısı ilə hər gün verilir. Heç bir qayda və qanun tanımayan bir idarəçiliyin məmuriyyəti hər saat və hər gün təsəvvür edilə bilən və bilinməyən yeni-yeni vəhşilik etiketləri yaradaraq idarə edirlər. 

Cinayətkarlığın da fəlsəfəsi var. O, dibsizlikdir. Cəzalanacağını ağlına belə gətirməyən, bütün cəza mexanizmlərinin topuqdan aşağıda dayandığına əmin olan fərdlər və ya qruplar üçün bəşəri etiketlər qan və zorakılıqlar şəklində təsəvvür olunur. İndi Azərbaycan bu etiketlərlə idarə olunur. Belə bur qrup və fərdlər tərəfindən. İlqarın şəkilləri bunu təlqin edir, hökm edir, sübut edir. Azərbaycan vəhşiliklə və qudurğancasına idarə edilir. Hərçənd, buna “idarə edilir” demək o qədər dürüst təyin deyil, bəlkə də. Hər nə isə…

Beləliklə, söhbət Naxşıvandan getmir. Naxşıvan bu cinayətlərin laboratoriyasıdır, sadəcə. Bu cinayətlərin fabriki Bakıdadır. Orada sınaqdan keçirilən bütün bu eksperimentlər paytaxt Bakıya köçürülür. Həmişə belə olub.