Soçi görüşü nəyi dəyişdi?

Qisas vədi verən hakimiyyət sükuta qərq olub

Ayın əvvəlində cəbhə bölgəsində atəşkəsin pozulması, onlarla əsgərimizin şəhid olması, ölkədə müharibə ovqatı. Vəziyyət o həddə çatdı ki, telekanallarda müharibə filmləri nümayiş etdirildi, cəbhə bölgəsində təlimlər keçirildi, havaya hərbi təyyarələr buraxıldı, ölkə başçısı və müdafiə naziri ön cəbhəyə gedərək əsgərlərlə təmasda oldu.

Hətta Əli Əhmədov, Bahar Muradova kimi hakimiyyət təmsilçiləri matəm elan olunmasına qarşı çıxdılar və bildirdilər ki, biz qisas alacağıq. Ümumiyyətlə, bütün çıxışlarda qisas vədləri verildi və düşməni darmadağın edəcəyimizlə bağlı təbliğat işə düşdü. Hətta Irəvana qədər gedəcəyimizdən, düşməni hansı istiqamətlərdən hədəf alacağımızdan da danışılırdı.

Bütün bu dil qəhrəmanlıqlarından sonra məşhur Soçi görüşü baş tutdu və bununla da qurbağa gölünə daş atıldı. Indi nə qisas almaq istəyən, nə ön cəbhəyə gedən, nə də Irəvanı zəlil günə qoymaq istəyən adam tapılır.

Axı, Soçi görüşündə nə baş verdi ki, bu “mübariz” hökumətimizin əzmi qırıldı?

Cəmiyyətin bu görüşdən yadda saxladığı o oldu ki, 3 ölkənin prezidenti yığışaraq sambo yarışına tamaşa etdilər, meyvə yedilər və dərdləşdilər. 

Bəs, Soçi görüşündə bizim bilmədiyimiz, duymadığımız nə olub ki, müharibə sülhlə əvəzlənib? Niyə Əli Əhmədov qisas almaqla bağlı hiddətli çıxışlar etmir?

Cəmiyyətin gəldiyi qənaət budur ki, hakimiyyət həmişəki kimi saxta vətənpərvərlik libasına büründü və Putinin “pult”u basmasıyla da dayandı.

Politoloq Vəfa Quluzadə hesab edir ki, baş verənlər Rusiyanın məkrli planı idi və Putin Soçi görüşündə öz məsələsini həll etdi: “Dəfələrlə belə görüşlər nəzərdə tutulsa da, Putin bundan imtina etmişdi. Indi isə, Rusiyanın bu görüşə ehtiyacı var idi və bunun üçün səbəb olmalıydı. Ona görə də Rusiyanın diktəsi ilə Ermənistan cəbhə bölgəsində təxribatlara əl atdı və biz də müharibəyə hazır vəziyyətdə olduğumuzu nümayiş etdirdik. Sadəcə olaraq Azərbaycan müharibə ilə sınağa çəkildi. Soçi görüşündə isə, Putin Rusiya üçün önəmli olan məqamları müzakirəyə çıxardı və öz məsələsini həll etdi. Hesab edirəm ki, Azərbaycanda hər an müharibə ovqatı olmalıdır. Çünki, bizim torpaqlarımız işğal olunub və bu torpaqlar döyüşlə geri alınmalıdır. Xalq da döyüşmək istəyir və məsələnin həllinin marağındadır. Bu da hamıya aydındır ki, Qarabağ məsələsi Rusiyanın nəzarətindədir və prosesin bu həddə çatması da Rusiya amili ilə bağlıdır”.

Akif