Narkotiklə şərlənən AXCP üzvü ilə bağlı apellyasiya məhkəməsi də deyəsən, vəkilsiz keçəcək
Narkotiklə şərlənərək həbs olunmuş AXCP üzvü Murad Ədilovun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbirinin seçilməsinə dair Nərimanov rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli olub. Bu barədə “Azadlıq”a onun vəkili Yalçın Imanov məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə avqustun 25-də saat 16.00-da hakim Camal Ramazanovun sədrliyilə baxılacaq.
Onu da qeyd edək ki, avqustun 11-də saxlanılan Murad Ədilovun həbsindən artıq on gündən artıq vaxt keçsə də, indiyədək vəkili onun yanına buraxılmayıb. Bu da onun həm Konstitusiya, həm də Avropa Konvensiyası ilə təminat verilən müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Vəkil Yalçın Imanovun hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə imkan verilmir.
Murad Ədilov həbs olunandan sonra dörd gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (“bandotdel”) saxlanılıb. Əlində order olan vəkil həmin müddətdə Murad Ədilovla görüşmək üçün dəfələrlə cəhd göstərsə də, imkan verilməyib. Bu səbəbdən, məhkəmədə müdafiə hüququnun pozuntusu ilə bağlı ayrıca iddia qaldırılıb.
Murad Ədilov ötən həftə sonundan Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülsə də, yenə vəkili onunla görüşə buraxmırlar. O, istintaq təcridxanasına köçürülən gündən orderini işi aparan müstəntiqə poçtla göndərib. Lakin hələ də müstəntiq Hacı Əfəndiyev görüşə icazə vermir.
Yeri gəlmişkən, istintaq orqanının bu cür qanunsuzluğuna görə Nərimanov rayon məhkəməsində Murad Ədilovun barəsində həbs-qətimkan tədbiri seçilərkən o, vəkilsiz olub. Proseslərin gedişi göstərir ki, həmin qərardan verilən apellyasiya şikayətinə də vəkilsiz baxılacaq.
S.Novruz