Türk torpağı Rusiya
Rusiya Yer üzünün altıda biri deməkdir. Rusiyanınsa altıda beşi Türk torpaqları deməkdir. Rusiya yüz illərdir bu gerçəyi danır, danmağa çalışır. Rusiya başlıca olaraq Türk varlığından oluşub, oluşmaqdadır. Rusiya bu gerçəyi də danır, danmağa çalışır. Yüz illər, min illər boyunca Rusiyada bir-birindən güclü Türk-imperiya dövlətləri qurulub. Bu dövlətləri özgələri deyil, türklər özləri dağıdıblar. Yeni Türk-imperiya-dövləti özündən qabaqkını dağıtmaqla özünün üstünlüyünü, daha güclü olduğunu doğrulayıb. Yer üzündə özlərindən üstün güclə qarşılaşmayan türklər beləcə min illər boyunca iç savaşlarda bulunmalı, özləri özlərini yenib-yıxmalı olublar.
II
Özü özünü yıxan, özü özünə qarşı çıxan çoxsaylı Türk savaşlarından ortaya indiki Rusiya çıxıb. Imperiya-dövlənləri dağılıb yox olsa da, sözsüz, türklər özləri qalıblar. Qalıb, özlərinin doğma torpaqlarında – indiki Rusiyada yaşayıblar, yaşayırlar. Özü də Tatardan, Başqurddan, Çuvaşdan, Qaraçay-Balkara, Kazakadək. Quzey Qafqazda sayca Kazaklar daha çoxdur. Ancaq onların çoxu da özünü Türk olaraq tanımır – Rusiyada yüz illərdən bəri qana-iliyə işləmiş antiTürk siyasətlər üzündən. Rusiyada bu gün Putinin özünün çalışmalarıyla provaslavlıq çiçəkləndirilir. Kazaklar başda olmaqla türkdilli ulusların bir çoxu provaslavlığa keçdiyindən, bu baxımdan pravoslavlıq birləşdirici rol oynadığından bugünkü Rusiya dövləti özünü pravoslav dövləti olaraq göstərməkdədir. Azərbaycan türklərinin çoxu din yoluyla türklükdən uzaqlaşdırıldığı kimi, Rusiyada da türklərin çoxu din yoluyla ulusal kimliyindən – türklükyündən uzaqlaşdırılır. Bu sayaq politikalar Ərdoğan dönəmindən üzü bəri ardıcıl olaraq Türkiyədə də yürüdülməkdədir. Görəsən, bu oxşar antiTürk politikalarının ilkin qaynağı, başlanğıc yeri haradır?
Azərbaycandakı quldur yönəticilər öz qazancları üçün elektrik qatarlarını (mən ona qısaca olaraq elqat deyirəm) az qala yoxa çıxarıblar. Rusiyada elqat bolluğudur – hara istəyirsən min, get. Özü də çox ucuzdur. Biz Yesentukiyə yaxın bir çox yerləri, şəhərləri elqatla gəzdik. Kislovodski, Pyatiqorski, Jeleznovodski… Ruslar yüz illər boyunca Türk toponimikasını (yer adlarını) dəyişsələr də, hələ çox yerdə Türk yer adları qalmaqdadır. Bu baxımdan ruslar sevimli ermənilərindən çox geri qalırlar. Ermənilər rusların yardımı ilə ələ keçirdikləri Azərbaycan-Türk torpaqlarında Azərbaycan-Türk adına xırdaca bir bəlgə belə qoymayıblar…
Pyatiqorskda kanat yolla Beştau dağına qalxdıq. Az aralıda yığışmış turistlərdən yetikçi (gid) Beştau sözünün nə demək olduğunu soruşdu. Çoxu quzey Qafqazın özündən olan, ancaq rusca danışan bu adamların hamısı susurdu. Yetikçi bu yerlərə bütünlüklə yad kimsələri öyrədirmiş kimi deyirdi: “Beştau beş dağ deməkdir”. Buralarda çoxluqda olan kazaklar üçün 150-200 il qabaq anlaşıqlı olan bir dil – doğma Türk dili – indi bütünlüklə anlaşılmaz dildir. Soy-kökcə Türk kazaklar, eləcə də bir çox başqa türklər indi rus dilində danışmaqla özlərini rus olaraq tanıyırlar. Siyasət budur!
Pyatiqorski parkında Ostap Benderin yapısına yaxın oturacaqda oturmuşduq. Adamlar gəlib onun əlindəki pula, bir də üzünə əl çəkir, sonra da ayağı altına pul atıb gedirdilər. Bizdən az aralıda bir yığın rus mujiki qızğın söhbət edirdi. Birdən onların arasından çığır-bağır qopdu, onlardan biri gözəl rus söyüşləri ilə tələsik yapıdan aralanan qadının ardınca qışqırırdı: “Bir də səni buralarda görsəm…” Biz qadını mujiklərdən qabaq görmüşdük: qadın oğrun-oğrun yapıya yaxınlaşdı, Ostap qardaşın qəpik-quruşlarını götürüb aradan çıxanda mujiklərə hay düşdü. Sən demə, onlar da gözlərini Ostap qardaşa verilən pullara dikiblər – içmək üçün…
Putin Rusiyanı daha da genişləndirməyə çalışdığı üçün ruslar Putini çox sevirlər. Getdiyimiz, gəzdiyimiz hər yanda bütün gəlir-qazanc yerlərini ermənilərin, yunanların tutduğunu görürdük. Ucsuz-bucaqsız, doğal rersurslarla dopdolu Rusiyada acınacalı durumda yaşayan ruslar bu durumdan çıxış yollarını aramaq yerinə hansısa Putinin Rusiyanı daha da genişləndirməsi istəyi ilə alışıb-yanırlar. Necə yaşamalarından asılı olmayaraq ruslar genişlik sevirlər. Görünür, buna görə deyirlər: “Şedraya russkaya duşa!”.
Ruslar savaş istəyirlərmi?
Ruslar savaş istəyirlər, özü də necə! Putinin Krımı Rusiyaya birləşdirməsi faktı Rusiyadakı böyük aqressiya potensialını ortaya çıxardı. Demək olar, bütün Rusiya tanınmışları Putinlə birgəlik sərgilədilər. Dövlət dumasının başında duran Matvienkodan kompartiya lideri Züqanova, “Düzgün Rusiya” lideri Mironovadək. Putin başda olmaqla onların hamısı, demək olar, bütün ruslar üçün Krım “tarixi rus torpağı” imiş. Buna görə də “PUTIN PRAV!” sayıldı. O günlər Putin özü də doğru-düzgünlük, qanunçuluqla bağlı çoxlu yalançı, daha çox ikiüzlü çıxışlarda bulundu.
Soruşmaq gərəkir: tarix gerçəyi, doğru-düzgünlük, qanunçuluq Putin Rusiyası üçün bir belə dəyərlidirsə, nə üçün Kuril adları Yaponiyaya, Könisberq Almaniyaya, “Dnestryanı respublika” Moldovaya, Dərbənd-Göyçə-Zəngəzur-Qarabağ Azərbaycana qaytarılmır? Rusiyanın daha da genişlənməsinə çalışan ruslar Azərbaycanı dönə-dönə bölüb-parçalamaq siyasətindən niyə əl çəkmirlər? Qonşu ölkələrlə bağlı aqressiv siyasət yürüdən, bu ölkələrin demokratiya yoluna çıxmasının qarşısını alan, yaxın qonşularından tutmuş əli yetən ən uzaqlaradək antidemokratik rejimlərə arxa duran Rusiyanın istəyi nədir?
Krımın Rusiyaya birləşdirilməsinin ardınca Ukraynanın güney-doğusunda rus separatizmi baş qaldırdı. Donetski, Luqanski “xalq demokratik respublikaları” yaradıldı. Yaradılan kimi də Rusiyaya qatılmaq istəklərini ortaya qoydular. Hansı Rusiyaya? Putinin demokratiyadan uzaqlaşdırdığı, korrupsiya bataqlığına batırdığı Rusiyaya! Bununla da xoruzun quyruğu göründü – Putinin Ukraynanı daha dərindən bölüb-parçalamaq, ölkənin güney-doğusunu bütünklüklə ələ keçirmək istəyi ortaya çıxdı. “Qardaş” Ukraynanın gücsüz düşməsi faktından Putin Rusiyası belə yararlanırdı.
Sözsüz, Kremldən verilən göstərişlə Rusiya televiziyaları oturaq kameralarını Ukraynanın bütün güney-doğusunda qurmaqla rus separatizmini alovlandırmağa yönələn reportajlara ara vermirdilər. Ruslar qadınlı-kişili Ukraynanın bütün güney-doğusu boyunca kamera qarşısına çıxaraq “banderovşina” Ukraynasından ayrılıb Rusiyaya qatılmaq istəklərini dilə gətirir, bu yolda ölsələr belə, sonadək çarpışma aparacaqlarını, istəklərindən dönməyəcəklərini bildirirdilər. Putinin gizli-açıq yardımları onları necə ürəkləndirmişdisə, kişilər bir yana, qadınlar da Ukrayna hökumətini tanımaq istəmədiklərini, Ukrayna hökumətinə boyun əyməyəcəklərini kəskinliklə bildirirdilər. Aradan aylar keçib, indi onlar ağlaya-ağlaya Ukrayna hökuməti adına dinclik, qanunçuluq yalvarışında bulunurlar – Putin televiziyaları ilə birlikdə! Nə baş verir?
Putinin tələskən separatizmi ABŞ-ı, Avropanı yerindən oynatdı. Onlar dişində Krım şirəsi qalan Putinin ardıcıl aqressiya yolu tutduğunu gördülər. Ukraynaya yardımlar, Putinə təpkilər günün başlıca işinə çevrildi. Yaraqlı Putin separatizminə qarşı demokratiya yoluna yönəldilən, getdikcə gücləndirilən Ukrayna dövləti qoyuldu. Birləşmiş ABŞ-Avropa gücləri ilə üzləşdiyini, üstəlik, bəlli sanksiyalarla çökürdülməkdə olduğunu görən Putin güney-doğu Ukraynaya yürüş siqnalı gözləyən qoşunlarını tez-tələsik sınır bölgələrindən uzaqlaşdırmalı oldu. Indi Ukraynanın güc qurumları ANTITERROR KAMPANIYASI planlarına uyğun olaraq ölkənin bütün güney-doğusunu bürüyən rus separatizmi ilə uğurlu çarpışma aparır. Putin başda olmaqla Rusiya mass-mediası bir yandan rusların separatçı adlandırılmasına qarşı çıxır, o biri yandan Poroşenko hökumətini, Ukrayna dövlətini “öz xalqına qarşı çıxmaqda, öz xalqını qırmaqda” suçlayır.
Hələ bu yaxınlaradək Rusiyada, Putinin dilində “çeçen separatçıları” anlayışı geniş yayılmışdı, Putin özü “çeçen separatçılarını sortirdə boğacağını” bildirirdi. Putin Rusiyası Çeçenistanda ANTITERROR KAMPANIYASI sürəsində böyük qırğınlar törətdi: üç çeçen prezidenti öldürüldü, bir çox çeçen liderləri terror yoluyla aradan götürüldü, şəhərlər dağıdıldı, bir sıra köylər yer üzündən silindi. Bundan qabaq Rusiya erməni separatizmini bəsləyib qudurtmaqla, arxa durmaqla Qarabağda qırğınlar törətmiş, Ağdamı bütünlüklə dağıtmış, Xocalını soyqırım yoluyla yox etmişdi. Bir neçə kimsəni çıxmaqla böyük, güclü Rusiya bütün bunlara göz yummuş, susmuşdu. Budur, rusların bir çağlar Qarabağda etdikləri bu gün Ukraynada öz başlarına gəlir. Bunlar hələ başlanğıcdır…
Dünən “Rusiyaya birləşmək istəyirik” deyə separatizm bayrağı qaldıran rus qadınları bu gün bütünlüklə başqa siyasi konsepsiyadan çıxış edirlər:
“ – Demək istəyirəm, Donbas da Krım kimi Ukraynanın olmalıdır”.
“ – Putin alçaqlıq etdi, o, alçaq adamdır. Qonşunu gücsüz görüncə, o onun kürəyinə bıçaq sapladı”.
“ – Bizə DXR ( Donetski xalq respublikası. – Red.) də gərək deyil, biz Ukraynada yaşamaq istəyirik. Biz Ukraynayıq, hansısa Novorossiya deyilik, Rusiya da deyilik, batsın onu…”
“ – Bizə hansısa DXR gərək deyil – o, separatçı qurumdur”.
Bu qısa alıntılar hansısa Ukrayna qəzetindən deyil, bu gün Rusiyada, demək olar, tək demokratik qəzet olan “Novaya qazeta”dan götürülüb. Putin komandası Ukraynadan ayıracaqları çox böyük bölgəyə separatçılar üçün olduqca çəkici bir ad vermişdilər: Novorossiya. Bu ad yalnız separatçılar arasında deyil, ağır sanksiyalarla üzləşmiş korrupsioner Putin komandasının özündə də çəkiciliyini çoxdan itirib…
ardı var