Totalitar, basqıçı rejimlərin ayaqda qalmasının ən böyük səbəblərindən biri idarə etdikləri toplumlarda şübhə toxumlarını cücərmədən məhv etmələridir. Onlar hər cür şübhəyə qarşıdırlar. Onlar şübhələnən insanları sevmirlər. Onlar üçün şübhələnən insanlar arzuedilməzdirlər, antimilli ünsürlər, vətən xainləri, xalq düşmənləridir.
Belə rejimlər yalnız qeyd-şərtsiz, sorğu-sualsız tabe olan, inanan insanları arzulayır və qiymətləndirirlər. Həmin insanlar üçün hər yerdə “yaşıl işıq”dır. Onlar heç bir istedad və intellekt göstəricisi olmadan da asanlıqla yüksələ, karyera qura, hər cür komforta yetişə bilərlər. Yetər ki, şübhələnməsinlər, yetər ki, Sistemin hər bir sözünü və davranışını doqma kimi qəbul etsinlər. Onun yaratdığı miflərə səmimi-qəlbdən inansınlar, ən pis halda özünü inanmış kimi göstərsinlər. Sistemin yalanlarına şəkk-şübhə etməsinlər, hətta bu yalanları bəzəyib-düzəyərək başqalarına sırımaqda da can-dildən iştirak etsinlər.
Şübhələrdən arındırılmış toplumların irəli getmək, tərəqqiyə qovuşmaq, sivil, modern cəmiyyətlərə çevrilmək, ədalətli, demokratik dövlət qurmaq, azad dünyanın bir parçasına çevrilmək şansları yoxdur. Düşüncələri və davranışları bir nəfərin iki dodağının arasından çıxan sözə bağlı olan, o bir nəfərin beyni ilə düşünüb, o bir nəfərin ağzı ilə danışan, qarşı fikir söyləmək, qarşı mövqe sərgiləmək vərdişlərindən məhrum qalan toplumlar sürünərək, əzilərək yaşamağa məhkumdurlar.
Bir ölkədə nə qədər şübhəçi insan varsa, onun xilas olmaq, onun ləyaqətli, firavan həyat yaşamaq şansı da bir o qədərdir.
Bir ölkədə sorğulayan, soruşan, hesab istəyən nə qədər insan varsa, o ölkənin aydın və azad gələcəyə qovuşmaq imkanı da bir o qədərdir.
Əliyevlər rejimi onillərdir Azərbaycanda məhz bu insan kateqoriyasının məhvi, yox edilməsi ilə məşğuldur. Bu cür insanların sayını nə qədər azaldacaqsa, öz hakimiyyətinin ömrünü bir o qədər uzada biləcəyini düşünür.
Əliyev rejimi sualları sevmir. Əvəzində onun bütün suallara hazır cavabları var. Həmin cavablarla yaşamaq istəyirsənsə, buyur. Əks halda yerin ya həbsxanadır, ya sürgün.
Əliyev rejimi hər kəsə hazır həyat şablonları təklif edir. Həmin şablonları sorğulamaq, ələşdirmək, araşdırmaq, onlara şübhəçi yanaşmaq qəti qadağandır. Bu qadağanı pozanların aqibəti isə repressiyadır, işgəncədir, işsizlikdir, məşəqqətdir, əzabdır.
Vəziyyət o yerə çatıb ki, indi bizdə az qala insanların hazır “tərcümeyi-hal”ı var, hər bir insan dünyaya az qala hazır “tərcümeyi-hal”la gəlirlər. Nəyi oxuyacaqlarına, hansı sənəti seçəcəklərinə, kimi sevəcəklərinə, harada, necə işləyəcəklərinə, nəyi düşünəcəklərinə, nəyi danışacaqlarına, necə yaşayacaqlarına, karyera quracaqlarına da onlar dünyaya gəlməmişdən əvvəl qərar verilir. Onlar bu hazır “tərcümeyi-hal” qəlibindən çıxa bilməzlər, buna cəsarət göstərənlər isə daş-qalaq edilməyə məhkumdurlar.
Kökündə yüzillər ərzində daşlaşmış, betonlaşmış mental, aqrar təfəkkürün dayandığı bu vəziyyətdən Əliyevlər rejimi məharətlə yararlanmaqda, nəticədə öz varlığını qoruyub-saxlamaqda, özünə qarşı təhlükələri sığortalamaqdadır. O yüzillər ərzində daşlaşan, betonlaşan mental, aqrar təfəkkürdən “dirijor çubuğu” kimi istifadə edir, bu dirijor çubuğu ilə hər kəsin həyatına, düşüncələrinə, davranışlarına yön, istiqamət verir.
Belə vəziyyəti dəyişdirməyin tək yolu isə hazır həyat qəliblərinə, diqtələrə və doqmalara təslim olmamaq, əsir düşməməkdir. Şübhələrinin arxasınca getməkdir. Soruşmaq, sorğulamaq vərdişlərinə yiyələnməkdir. Suallardan qorxmamaq, onlara cavab axtarmaqdan yorulmamaqdır, sənə təklif edilən hazır cavablarla əsla və əsla kifayətlənməməkdir.
Bunun üçünsə dayanmadan oxumaq, dayanmadan öyrənmək, öz beynini, öz ruhunu aydınlatmaq şərtdir.
Unutmayın, bu zaman siz həm də ətrafınızı işıqlandırmış olursunuz.