Azərbaycan qorxulu günlərini arxada qoyub…
İŞİD-in qara dünyası: «cəhənnəmin Yer üzündə bugünkü təcəssümü»
IŞID-in törətdiyi daha bir qətliamı internetdə seyr etdim: dişlərimi qıcamadım, gözlərimi yummadım, eləcə lal-kar tamaşa etdim; o müdhiş ölümlərin üzünə sonadək baxdım, baxdım!
Bir neçə saniyədə başları bədənindən ayrılan insanların yerinə özümü qoydum… Nə fiziki müqavimətin, nə də sözün bir işə yaradığı o anlarda elə “cəhənnəmin Yer üzündə bugünkü təcəssümü”nü gördüm…
Bəşəriyyət bu günədək neçə-neçə belə cəhənnəm əzabını yaşamadımı? Insanlıq bu günədək IŞID-dən daha amansız hakimiyyətlər, rəhbərlər, ordular görmədimi? Sadəcə, onlardan fərqli olaraq IŞID öz qətllərini gizlətmədi, bütün çılpaqlığı ilə ortaya qoydu: vəhşilik olduğu kimi!
Nədən törəyir qəddarlıq? Haradan meydana çıxır başkəsənlər? Buna insanın əli necə qalxır? Əslində, onlar insan deyil axı; adamdır – kütlədəndir, vəhşi təbiətin özüdür! Insan isə seçilmişdir – vəhşi təbiətdən ayrılan, kütlədən yüksəkdə duran ali varlıq…
Həmin adamlar hər yerdə var; məişətimizdə, küçəmizdə, ətrafımızda… Uşaqlıqdan yetişir onlar qatil kimi; ancaq “uşaqdır” deyib ötürük. Həmin “uşaq” ki, əylənirmiş kimi zavallı bir heyvana işgəncə verir, onu öldürür və üstəlik, bu vəhşiliyini qəhrəmancasına internetdə görüntüləyir… Ancaq nəinki cahil valideynləri, hətta cəmiyyətin qoluzorlu məmuru da, “intellektual” ziyalısı da buna məişət hadisəsi kimi yanaşır, öldürülənin küçə heyvanı, öldürənin “ağılsız” bir uşaq olduğunu düşünür.
Sonra həmin cahil uşaqlardır IŞID sıralarına qoşulanlar; uşaq ikən qazandığı təcrübəni, bu dəfə insanlar üzərində tətbiq edir, böyüyüb kişi olsalar da, yenə də sırtıqcasına əylənir, atılıb-düşürlər… IŞID-in quldurları insan kəllələri ilə oynadıqları kimi?!
***
IŞID-in törətdiyi yeni qətliam internetdə “dəhşətli vəhşilik” kimi təqdim olunur və bildirilir ki, bu, insanlarda qorxu yaratmaq üçün gerçəkləşdirilib. Lakin Azərbaycan üçün qorxu, vahimə yarada bilməz IŞID… Axı, Azərbaycan onun qətllər “çeşidinin” hər birini dadıb; təkcə uzaq keçmişində yox, lap yaxın tarixində də.
Biz onunla Qarabağda üz-üzə gəldik. O, torpaqlarımıza soxulan ermənilərin yaratdığı IŞID idi… Elə ermənilər də IŞID kimi vətəndaşlarımızın başlarını kəsir, sonra da şənlənirdilər. IŞID “Allaha xoş getsin” deyə insanları qurbanlıq edirsə, ermənilər də azərbaycanlıları öz ölülərinin ruhunu “şad” etmək üçün qəbirləri üstündə qətlə yetirirdilər?!
Indi biz IŞID-dən necə qorxa bilərik? Axı, ermənilər heç IŞID-in etmədiyi vəhşilikləri belə millətimizin başına gətirib?! Hamilə qadınların qarnını yaran, körpələri iki parça edən ermənilər?!
Yox, bizə qorxulu deyil, bizim üçün yenilik deyil IŞID!
Bəlkə, IŞID-in tarixi elə ermənilərin işğalında olan torpaqlarımızdan – Qarabağdan başlayır? Bəlkə də orada yaranıb və dünyanın üzərinə yeriyib IŞID?!
Bəli, dünyanın Qərb dövlətləri Qarabağın işğalına öz mənfəətindən yanaşanda zühur etdi IŞID… Indi isə bütün dünyaya meydan oxumaqdadır, səmimiyyətinə inansaq, hətta Qərbə, Amerikaya da!
***
Ancaq uzaq keçmişin də öz IŞID-ləri olub… Almaniyadakı faşizm, SSRI-dəki kommunizm, bütün dünyadakı imperializm IŞID deyildimi? Bu antibəşəri ideologiyalar milyonlarla insanı – sobalarda diri-diri yandırmaqla, ac-susuz saxlamaqla, canlı-canlı topağa basdırmaqla və daha neçə-neçə işgəncədən keçirməklə məhv etmədimi? Insanların milli, irqi və dini mənsubiyyətinə görə qətl edilməsi təcrübəsini bu günə həmin rejimlər ötürmədimi?
Bu gün IŞID-in kökünü dünyada insan haqlarına ikili standartlardan yanaşan Avropa və Amerikada axtarmalıyıq! Rusiya, Iran, Çin, Şimali Koreyadakı kimi despot hakimiyyətlərin də uzunömürlülüyünə təəccüblənməməliyik. Elə isə maarifsizliyin, mövhumatın, dinçiliyin, hüquqsuzluğun ərşə qalxdığı ərəb dünyasında da IŞID-lər meydana çıxmasın, harada çıxsın?
IŞID hər yerdə var… Sadəcə, Suriya və Iraqdakı IŞID-dən fərqli olaraq, digərləri aysberqin görünməyən tərəfidir; irqçi rejimlər, avtoritar hakimiyyətlər, məzhəbçi dövlətlər durduqca IŞID-lər yaranacaq, insanlığa qənim olacaq.
***
Bir vaxtlar ingilislərin, fransızların ərəb ölkələrində davrandığı kimi bu gün Israilin Fələstində törətdiyi qırğınlardır IŞID; Rusiyanın Krımdakı təcavüzü, Ukraynanın şərqindəki separatçılığıdır IŞID…
Təkcə müharibədə yox, dinc şəraitdə – Iran, Əfqanıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrdə insanların nümayişkaranə şəkildə asılmaqla, daşqalaqla, qılıncla edam edilməsidir IŞID…
Islam adı altında məzhəb üçün savaşmaqdır IŞID; insanları deyil, “müqəddəs qəbirləri” qorumaq üçün cihada çağırışdır IŞID; azad fikri boğmaq üçün verilən fitvalardır IŞID…
XXI əsrdə 9 yaşlı qız uşağının ərə verilməsinin və ya hicab bağlamasının, eləcə də siğənin caiz olub-olmadığını mübahisələndirməkdir IŞID; qadınları niqaba-çadraya bürüməkdir IŞID…
Birbaşa Azərbaycana baxsaq, ölkənin sərvətini qəsb etmək, vətəndaşın evini başına uçurmaqdır IŞID; kitabsızlar, mütilər ordusu yaratmaqdır IŞID…
***
Suriya-Iraq əhalisi din-məzhəb mənsubiyyətinə görə əziyyət çəkirsə, Azərbaycan cəmiyyəti isə siyasi baxışları və vətəndaşlıq mövqeyinə görə basqı altındadır. Orada IŞID-in “qorxu imperiyası” öz ərazisini genişləndirməkdə ikən, burada isə siyasi həbslər atalardan oğullaradək olan baryeri aşaraq, artıq analarımızı da əhatə etməkdədir. Yaxud, əvvəl müxalif insanların yatağına göz qoyulurdusa, indi “lazım gəldikdə” qadın tualetinə də soxulur Azərbaycandakı IŞID…
IŞID belə yaranır, belə böyüyür, belə güclənir və… cəmiyyəti qaranlığa sürükləyir!
IŞID hamının ortaq və hibrid məhsuludur… Bir-birinə səmimi və sağlam münasibəti olmayan dövlətlərin, tərəfdaşların birgə əməyinin bəhrəsidir. Hamının da məqsədi eynidir: xalqları vahiməyə salmaq, əsarətə almaq!
***
Yeri gəlmişkən, internet mediasının da IŞID-in vəhşi cinayətlərindən bəhs edən görüntüləri tiraclaması ağlasığmazdır; hüquqa və əxlaqa ziddir. IŞID özünün “qorxu imperiyası”nı elə internet üzərindən bərqərar etmədimi? Evimizə, həyatımıza internetdən soxulmadımı? IŞID-in az qala xarizmatik obrazını yaradan fotolarının yayılması, törətdiyi cinayətlərinin isə qoçaqlıq nümunəsi kimi görüntülənməsi nəyə xidmət edir?
Axı, bununla medianın özü də yüzlərlə, minlərlə nadanı IŞID sıralarına qoşulmağa həvəsləndirir, cəmiyyətləri isə təşvişə salır… Faktiki zorakılığı təbliğ edən bu cür materialların yayımının beynəlxalq miqyasda da əngəllənməməsi, ya da baykot edilməməsi şübhə doğurur.
Şövkət Məmməd