İşçisindən Şahin Sultanova sərt ittihamlar

Vitse-admiralın «sağ əli» olduğunu bildirən Elxan Hacıyev həbsxanadan «Azadlıq»a yazdı

«Bu cinayətlərin təşkilatçısı sən olmusan, biz isə sənin cinayətlərində iştirak etdiyimizdən ötrü həbsdəyik»

Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı vitse-admiral Şahin Sultanova işçisi Elxan Hacıyevdən cavab gəlib. Xatırladaq ki, “Azadlıq”ın 15 avqust tarixli sayında Şahin Sultanovun müraciəti dərc olunmuşdu. Vitse-admiral həmin müraciətdə Elxan Hacıyevin ifadəsi əsasında həbs olunduğu bildirmişdi. Şahin Sultanovun sözlərinə görə, Elxan Hacıyev ailə üzvlərinə təzyiq nəticəsində ona qarşı ifadə verib. Elxan Hacıyev isə müraciətində vitse-admiralın dediklərini təkzib edir. Onun geniş həcmli müraciətini müəyyən ixtisarlarla təqdim edirik:    

“Bizi qorumağa gücün çatmadı”

“Şahin Sultanov Hərbi Dəniz Qüvvələrinin Komandanı işlədiyi müddətdə onun ən yaxın ”adamı”, “sağ əli” mən olmuşam. O xidməti müddətində cinayətlərini mənim köməkliyim və iştirakımla etdiyi halda, nədənsə məqaləsində məni “hansısa işçi” kimi qələmə verir, hətta adımı çəkməyə belə “vitse-admiral cəsarəti” çatmır, sanki məni tanımır, məni “hansısa təmir ustası” adlandırır, yalnız “bir işçinin” (yəni mənim) ifadəsi ilə onu ittiham edərək həbs etdiklərini göstərir.
Şahin Sultanov, nə qədər cılızsan!

Səndən fərqli olaraq mən sənin adınla sənə müraciət edirəm, Şahin Sultanov! Bizim HDQ-də birgə etdiyimiz cinayətləri, dövlətdən oğurlanmış milyonlarla pulları etiraf etməyə kişiliyimiz və cəsarətimiz çatmalıdır. Dövlətə vurduğunuz milyonlarla maddi ziyanı ödəməyə başlamalısınız. Sən oğurluq pullarla Azərbaycanda və xarici ölkələrdə aldığın obyektləri, mülkləri, tikdirdiyin çoxmərtəbəli villaları, qədim qalalar kimi hasarladığın torpaq sahələrini, obyektləri yadına sal. Sənin cinayətlərinin nəticəsidir ki, bu gün HDQ-də uzun illər çalışmış, sənin qanunsuz əmr və tapşırıqlarını yerinə yetirməklə cinayətlərinin iştirakçısına çevrilmiş neçə-neçə ləyaqətli şəxslər mənim kimi həbsdə “çürüyürlər”. Bu cinayətlərin təşkilatçısı sən olmusan, biz isə sənin cinayətlərində iştirak etdiyimizdən ötrü həbsdəyik.   

Hərbi Prokurorluq tərəfindən HDQ-də yoxlamalar başlayandan biz hamımız səndən Komandan kimi xahiş etdik ki, cinayətlər nəticəsində dövlətə vurulmuş maddi ziyanı ödəyək, cinayətlərimizi etiraf eləyək, məsuliyyətimiz yüngülləşsin. Sən isə “vitse-admiral”, yəni toxunulmaz olduğunu bildirib bizə heç bir cinayəti etiraf etməməyimizi tapşırdın, prokurorluğun sənə heç nə edə bilməyəcəyini, bizim arxamızda duracağını bildirib bizi yanlış yola sürüklədin, yalan danışmağa məcbur elədin. Biz də istintaqın əvvəlində istintaqa yalan ifadələr verərək cinayətlərimizi etiraf etmirdik. Lakin fakt faktlığında qalır. Istintaqın aşkar elədiyi faktlar qarşısında aciz qalıb əksəriyyətimiz Sənin təşkilatçılığınla törədilmiş cinayətləri etiraf etməli olduq. Sənin nəinki bizi qorumağa gücün və vitse-admiral kimi “cəsarətin” çatmadı, sözün həqiqi mənasında cinayət yoldaşlarını darda qoyub qaçdın.

“Batan ”gəmimizi” ilk tərk edən sən oldun”

Dənizçilərdə sarsılmaz qayda var: “Gəmi kapitanı qəza zamanı gəmini sonuncu tərk etməlidir”. Bir məşhur deyim də var: “qəza zamanı gəmini ilk dəfə ”siçanlar”, ardınca matroslar, sonra mexaniklər və şturman, yalnız ən sonda kapitan tərk etməlidir”. Sən, Vitse-admiral isə batan “gəmimizi” ilk tərk edən oldun. 
Mən Səninlə birgə törətdiyimiz cinayətləri istintaqa etiraf edəndə isə köhnə “sirdaşın”, yəni mən “hansısa sıradan bir işçi”yə çevrildim. Məşhur bir mahnıda deyildiyi kimi: “Indi məni tanımadın?”

Indi isə Şahin Sultanov, məqaləndə göstərdiyin məsələlərlə bağlı fikirlərimi bildirirəm:

Məqaləndə göstərmisən ki, guya prokurorluq məni oğlum və gəlinimə qarşı cinayət işi açacağı ilə hədələyərək sənin əleyhinə ifadə almışdır. Guya məni hərbi prokurorluğun rəhbərliyi qəbul edib söhbət edərək oğlumu azad etmiş, gəlinimin işini ört-basdır etmiş, sənə və digərlərinə qarşı yalan ifadələr vermişəm, səni mənim ifadəmlə heç bir sübutsuz həbs ediblər. Əvvəla, mən sənin tərəfindən aldadıldığımı başa düşdükdən sonra öz təşəbbüsümlə və xahişimlə sənin təşkilatçılığınla törətdiyimiz cinayətlər barədə prokurorluğa könüllü və düzgün ifadə vermək qərarına gəlmişəm və prokurorluğun rəhbərliyi tərəfindən qəbul olunmağımı xahiş etmişəm, qəbul vaxtı da törətdiyimiz cinayətlərlə bağlı tam səmimi ifadə vermək istədiyimi bildirmişəm, sonra müstəntiqə ifadə vermişəm, etirafedici ifadəmlə bağlı mənə prokurorluq tərəfindən heç bir təsir və ya təzyiq edilməmiş, orada oğlum və gəlinimlə bağlı hər hansı məsələ müzakirə olunmamış, söhbət olmamışdır.

“Topladığın var-dövləti qorumaq haqqında düşünürsən”

Əksinə sənin çöldəki əlaltıların mənim ailə üzvlərimə təsir və təzyiq göstərir ki, mən sənin cinayətləri işfa etməyim, sənin qanunsuzluqların barədə istintaqa verdiyim məlumatları danım. Indinin özündə də sən hələ neçə ailənin faciəsinə səbəb olmağına görə vicdan əzabı çəkmirsən, öz qanunsuzluqlarının qurbanları haqqında düşünmürsən, ancaq özünü necə “sudan quru çıxartmaq”, cinayət yolu ilə topladığın var-dövləti qorumaq haqqında düşünürsən, utanmadan o boyda qoşunun komandanı olduğun halda guya heç nədən xəbərin olmadığını, tabeliyində olan işçilərin guya səndən xəbərsiz özbaşına dövlət əmlakını taladığını bildirirsən. Əgər belə idisə, sən nəyin rəhbəri idin?!

O ki qaldı, sənin törətdiyin cinayətlərə dair sübutlara, mənim ifadəmdən başqa, çoxlu şəxslər də sənin törətdiyin cinayətlərlə bağlı istintaqa düzgün ifadə vermişlər və üzləşdirmə zamanı da bunu sənin üzünə demişlər, bunu sən çox yaxşı bilirsən. Onu da bildirirəm ki, bizim cinayətlərimiz təkcə ifadələrlə yox, yoxlama aktları, inventarlaşdırma zamanı aşkar olunan külli miqdarda dövlət əmlakı çatışmazlığı ilə, sənin və əlaltılarının bağladığınız saxta müqavilələrlə, HDQ-də yoxlama vaxtı aşkar olunmuş cinayətin izlərini daşıyan qaimə, qəbz, başqa çoxlu sənədlərlə sübut olunub.
Sən isə hər dəfə cəmiyyəti aldatmağa çalışırsan ki, guya səni bir “təmir ustasının” ifadəsinə əsasən tutublar.

Bircə faktı bildirirəm ki, Sən özün mənim xəbərim və imzam olmadan mənim adıma HDQ-nin kassasından on minlərlə pul vəsaitinin silinməsini sənədləşdirərək həmin pulu mənimsəmisən. Sən Vitse-admiral kimi mənim imzamı təsdiq etməli idin, mənim imzam olmadan öz imzanla və möhürünlə saxta sənədlə kassadan pulları oğurlamısan. 10-dan çox alqı-satqı sənədlərində mənim imzam olmaya-olmaya, sən onları imzalamısan və möhür ilə təsdiq etmisən, pulu isə mənimsəmisən. Belə faktların sayı-hesabı yoxdur. Iş o yerə çatıb ki, sən HDQ-nin mülki işçisi, Emma Bayramovanın da adına belə saxta sənəd tərtib etdirib, onun əvəzinə saxta imza çəkdirtdirib pulları kassadan silmisən. Qadına hörmətiniz bu qədərdir? Cinayəti törədəndə də ağılla və şərəflə törətməmisən. Bunu nə ilə izah edirsən?

Şahin Sultanov, sən dövlətin külli miqdarda pul vəsaitini bu yollarla mənimsəməkdən doymamısan. Sənin, həyat yoldaşının iştirakı ilə evindəki nimdaş məişət əşyalarını: soyuducunu, divar mebeli, xalça, ev kinoteatrı, videokamera, qaz sobası, musiqi avadanlığı, bir neçə köhnə kondisioneri və televizoru saxta müqavilələr tərtib etməklə guya hansısa mağazadan təzə alınmış avdanlıqlar kimi sənədləşdirib HDQ-yə mədaxil etməklə kassadan külli miqdarda pulu mənimsəməyindən, bununla da doymayıb, sonradan həmin avadanlıqların istismar müddətinin keçməsi adı ilə “silinib” evinizə aparmağınızdan niyə danışmırsan, cənab vitse-admiral, daşıdığın rütbəyə niyə hörmətsizlik edirsən? Bunlar da sübut olunmuş faktlardır. Imkan olanda bu əməllərindən də yaz.

“Sən qoyardınmı ki, söküntünün altında nəsə qalsın?”

Məqaləndə yazırsan ki, guya hərbi prokurorluq tərəfindən qərəzli yoxlama aparılıb, saxta akt tərtib edilib və aktda milyonlarla manat həcmində dövlətə vurulmuş maddi ziyan aşkarlandığı göstərilib, həmin pulun ödənilməsi tələb olunub. Əvvala dövlətə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi istintaqın işidir. Amma sən də gözəl bilirdin ki, həmin çatışmazlıq sənin rəhbərliyin altında anbarlarda, saxlanclarda gəmi ehtiyat hissələrinin və digər texniki avadanlıqların  ayrı-ayrı şəxslərə satışı nəticəsində yaranmış, nəticədə dövlətə milyonlarla manat vəsait ziyan vurulmuşdur. Özünü elə aparırsan ki, guya bunlardan sənin xəbərin yox idi? Xəbərin varsa, deməli cinayətin iştirakçısısan, yoxdursa, deməli, tez-tez fəxrlə istintad etdiyin hərbi rütbəyə və oturduğun vəzifəyə layiq olmamısan, ən azından səhlankarlıq eləmisən ki, o da cinayətdir. Sənin yadına salıram ki, mən dəfələrlə sənə HDQ-də maddi vəsaitlərin, gəmi ehtiyat hissələrinin Sənin əlaltıların tərəfindən oğurlanıb satılması barədə məlumat-məruzə etsəm də, sən hər dəfə “mənə şər-böhtan atma”, “boş-boş danışma, elə şey olmaz” deyə cavab verirdin. Hansı ki, həmin faktların hamısı bir-bir istintaq tərəfindən aşkar olunur. Deməli sən özün də dövlət əmlakının talanmasının birbaşa təşkilatçısı və iştirakçısı imişsən ki, mən sənə məlumat verəndə sözlərimə məhəl qoymurdun…

Utanmadan Dövlət bayraq meydanının tikintisi kimi mühüm bir dövlət tədbirindən öz qanunsuzluqlarını pərdələmək üçün istifadə edirsən. Deyirsən ki, guya tikinti işlərini aparan şirkət icazəsiz olaraq anbarları uçurdub, əmlaklar anbarların altında qalıb. Özün öz danışdığın nağıla inanırsanmı?! Yadından çıxıbsa, mən xatırladım. Söküntü işlərini rəhbərliyi hərbi hissə tərəfdən şəxsən mənə tapşırmışdın. Bütün əmlaklar anbarlardan daşınmamış heç bir bina uçurdulmayıb, bir çöp də uçurulmuş binaların altında qalmayıb. Söküntüdən çıxan köhnə daşa, dəmirə qədər öz şəxsi məqsədlərin üçün istifadə etmisən, satıb pulunu mənimsəmisən, öz mülklərinin tikintisində istifadə etmisən, hasar çəkdirmisən. Sən qoyardınmı ki, söküntünün altında nəsə qalsın. Yazırsan ki, anbarlarda olan əmlaklar 50-60-cı illərin istismar olunmuş, yararsız mühərrikləri olubdur. 1999-cu ildən komandan idin, həmin “yararsız” mühərrikləri 2008-ci ilə qədər anbarlarda niyə saxlatdırırdın, niyə vaxtında uçotdan sildirmirdin ki, sonra da “söküntülərin altında qalırdı?!” Bəsdir insanları aldatmağa çalışdın!

İşçisindən vitse-admirala suallar

Şahin Sultanov, Sənə bir neçə sualım var:

1) HDQ-yə məxsus binalar “Bayraq meydanı” tikintisi ilə əlaqədar sökülərkən dövlət büdcəsindən külli miqdarda pul vəsaitini oğurlamaq məqsədilə, qeyri-yaşayış sahələrə xidməti mənzil kimi protokol tərtib etdirib saxta orderlər düzəltdirərək dövlət büdcəsindən külli miqdarda pul vəsaitinin mənimsənilməsini kimin ayağına yazırsan, həmin saxta orderlərin təşkili, qeyri-yaşayış sahələrinin yaşayış mənzili kimi qeydə alınmasını sən təşkil eləmisən, indi həmin qeyri-yaşayış sahələrinə görə dövlətdən ayrılmış vəsaiti mənimsəməyə görə həmin yerlərdə yaşamış şəxslər məsuliyyətə cəlb edilir. Halbuki, onların bu taleyinin də təşkilatçısı birbaşa sənsən və sən bu əməllərinə görə cavab verməlisən.

2) Heç bir səlahiyyətiniz olmadığı halda, əslində yalnız Müdafiə Nazirliyi tərəfindən bağlanmalı olan müqavilələri ayrı-ayrı şirkət və ya firmalarla sən və sənin əlaltıların olmuş- HDQ-yə tabe qurumların “kiçik” rəhbərləri öz adınızdan bağlamaqla külli miqdarda dövlət vəsaitini mənimsəməyinizdən niyə danışmırsınız?

3) HDQ-yə məxsus gəmilərin əksəriyyəti yerindən tərpənmədiyi halda, həmin gəmilərə şişirdilmiş rəqəmlərlə yanacaq-sürtgü materiallarının sərfiyyatını yazdırıb külli miqdarda yanacaq-sürtgü məhsullarını mənimsəyib, ayrı-ayrı şəxslərə satıb milyonlarla pul qazanmağınızdan niyə danışmırsınız?

4) Həmin gəmilərin əksəriyyəti uzun illər boyu ümumiyyətlə boya üzü görmədiyi halda, ayrı-ayrı şirkətlərlə cinayət əlaqəsinə girib, HDQ-yə ayrılmış külli miqdarda pul vəsaitinin guya gəmiləri boyalamaq adı ilə boya məhsulları alınması kimi rəsmiləşdirərək həmin pul vəsaitlərini mənimsəməyinizdən niyə danışmırsınız?

5) Iş o yerə çatmışdı ki, sənin göstərişinlə sənin 2 mobil və ev telefonlarınının ödənişləri, evlərinizin bütün kommunal xərcləri və digər şəxsi və ailə xərclərinizin ödəmələri, kassadan müxtəlif saxta əməliyyatlara sərf olunmaq adı ilə silinən pul vəsaitləri hesabına ödənilirdi. Bu barədə niyə yazmırsınız?

6) Azərbaycandakı əmlakların bir tərəfə, xarici ölkələrdə, Rusiyanın, Türkiyənin və digər ölkələrin kurort zonalarında aldığın mülkləri hansı vəsaitin hesabına almısan?

7) oğlunu Kanadada hansı vəsait hesabına oxutdurmusan?