Azərbaycanda soyuqlar düşəndən sonra çörək bahalaşa bilər

Vahid Məhərrəmov: «Azərbaycan ərzaq buğdasına olan tələbatı ödəyə bilmir; Rusiya və Ukraynada baş verənlər qeyri-müəyyənlik yaradıb»

Azərbaycanda öz əhalisinin taxıla olan tələbatını ödəyəcək qədər məhsul istehsal edilmir. Bu səbəbdən də ölkəmiz Rusiya, Ukrayna və Qazaxıstandan taxıl idxal edir və taxıla olan tələbat bu yolla ödənilir. Lakin hazırda Rusiya və Ukraynada yaşanan vəziyyət deməyə əsas verir ki, Azərbaycana taxıl idxalında problemlər yaranacaq. Bu baxımdan, qışda taxıl məhsullarının bahalaşacağı da istisna olunmur.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, dünya bazarında qiymətlərlə bağlı ciddi spekulyasiyalara yol verilib. Ekspertin sözlərinə görə, rəqib ölkədə kifayət qədər çox məhsul istehsal ediləndə birjalarda qiyməti endirirlər. Əks vəziyyət olanda isə qiyməti artırmağa çalışırlar: “Rusiya və Ukraynada baş verən hadisələr qeyri-müəyyənlik yaradıb. Istehsalla bağlı verilən rəqəmlər reallığı özündə əks etdirmir. Məhsulun keyfiyyətində çox ciddi problem var. Həmçinin, hərbi münaqişələrə görə də taxılla bağlı qeyri-müəyyənlik yaşanır. Hansı ölkədən hansı qiymətə taxıl alacağımız məlum deyil. Qazaxıstanda da bu il azalma gözlənilir. Amerika kosmos, sputnik vasitəsilə Qazaxıstanda taxılın məhsuldarlığının azaldığını müəyyən edib. Nəticədə bütün deyilənlər qiymətlərə təsir edə bilər. Azərbaycanda çörəklə bağlı qeyri-müəyyənlik onun ərzaq buğdasına olan tələbatı ödəyə bilməməsidir. Ərzaq buğdasına olan tələbatı 100 faiz xaricdən təmin edirik. Həmin ölkələrin özündə bu gün çətinlik var. Qazaxıstanda azalma gözlənilir, Rusiyada keyfiyyət aşağı düşüb, Ukrayna ilə Rusiya arasında müharibə gedir və s. Bunların hamısı gələcəyə hansısa proqnoz verməkdə çətinlik yaradır. Sözsüz ki, hazırkı şərait qiymətlərdə öz təsirini göstərəcək”.

Nigar