Erməniyə imic düzəldən hakimiyyət

20 ildən artıqdır ki, Azərbaycan “bəxtsizlik zolağı”na girib. Daha doğrusu bu “zolağ”a zorla salınıb. Gözümüz görə-görə, ağlımlız kəsə-kəsə, bu ölkəni uçurumun dibinə salanlara susmaqla dəstək olmuşuq.

Vəziyyət o həddə çatıb ki, Avropanın demokratik ölkələri bir yana, dünyanın geridəqalmış ölkələri də bizə nümunə olmaq üçün yarışa giriblər.

Bir müddət öncə terrorun, ixtişaşların mərkəzi hesab edilən, həyat şəraiti ağır olan Əfqanıstanda demokratik seçkilər keçirildi və keçmiş prezident Həmid Kərzai növbəti dəfə namizədliyini irəli sürmədi. Əfqanıstanın bizə bəxş etdiyi utancdan canımızı qurtarmamış, Ermənistanın prezidenti Serj Sarkisyan bildirdi ki, 3-cü dəfə prezident olmağı qeyri-qanuni hesab edir və belə bir utanca imza atmayacaq. Bu dəfə bizə demokratiya nümunəsini AzTv-nin acından öldürdüyü, düşmən ölkə Ermənistan göstərdi.

Biz, bu hakimiyyətdən Almaniya, Fransa, Norveç, Isveç nümunəsi tələb etdiyimiz halda, şanlı hökumətimiz bizi Əfqanıstandan, Ermənistandan da geri atdı.

Bütün bunları xatırlamağıma səbəb mətbuatda diqqətimi çəkən bir xəbər oldu. Belə ki, bir neçə gün öncə Ermənistan müxalifətinin bir çox təmsilçisi, erməni iqtidarının tanınmış simaları, habelə bu dövlətin müdafiə naziri və parlament sədri ilə birlikdə təmas xəttinə səfər edərək erməni hərbçilərinin vəziyyəti ilə tanış olub. 

Sanki, hökumətimiz bizi düşmən nümunələri ilə utandırmağa and içib. Təsəvvür edin ki, ölkənin naziri ilə müxalifət lideri birlikdə cəbhə bölgəsinə gedir. Bunu Azərbaycanda görmək mümkündürmü?

Bu ölkədə müxalifət lideri şəhid ailəsinə baş çəkmək istəyəndə, həmin şəhidin yas çadırı sökülür, şəhid ailəsinə təzyiq edilir. Bu ölkədə müxalifət lideri cəbhə bölgəsinə getsə, “vətən xaini”, “erməni cəsusu” kimi “fəxri adlar”a layiq görülər.

Hansıki, ölkə müxalifəti dəfələrlə bəyan edib ki, ümummilli məsələlərdə, o cümlədən Qarabağ məsələsində hər zaman dialoqa hazırdır və bu istiqamətdə müəyyən vaxtlarda əməli addımlar da atılıb.

Amma reallıq onu göstərir ki, bu hakimiyyətin nəinki cəbhə bölgəsinə birlikdə getmək iradəsi yoxdur, hətta Bakıda “Xocalı abidəsi”ni ziyarət edən müxalifətçilərə də imkan yaratmır. Fevralın 26-da “Xocalı abidəsi”ni ziyarət edib, “Xocalıya ədalət” şüarı səsləndirdiyinə görə 6 cəbhəçi inzibati qaydada həbs olundu. “Əsgər ölümlərinə son” aksiyasına görə isə, gənc fəallar 6-8 il azadlıqdan məhrum edildi.

Ermənistan nazirlərinin müxalifətlə birlikdə cəbhə bölgəsinə getməsi, həm də vətənə, əsgərə, vətəndaşa münasibətin göstəricisidir. 

Əslində günahsız insanların taleyi ilə oynayan, korrupsiyalaşmış, əxlaqsız mübarizə ənənəsinə sadiq bir hakimiyyətlə yan-yana getməyin özü də səhvdir və belə bir hakimiyyətlə bir sırada dayanmaq nüfuz itkisidir.

Sadəcə olaraq diqqətə çatdırmaq istədiyimiz odur ki, hətta Ermənistan hakimiyyəti də müsbət nümunələr göstərməyə, ictimai-rəylə hesablaşmağa qadirdir və özündə bu gücü tapır.

Azərbaycan hakimiyyəti isə, ölkənin ən ləyaqətli şəxslərini şərləyir və “ermənipərəst” adlandırır. Yəqin ki, dünyada öz vətəndaşını düşməninin adı ilə çağıran ikinci belə bir hakimiyyət yoxdur.

Birdə ki, Azərbaycan hakimiyyətinin “vərdiş”i imkan vermir ki, tənqidçiləri onunla yan-yana dursun. Əgər, uzaq məsafədə dayandığımız halda cibimizdən narkotik, evimizdən silah çıxırsa, yan-yana dayansaq 3 ton heroini belimizə yükləyərlər.

Bir sözlə, dövlət büdcəsi bizim hərbi büdcəmizdən az olan Ermənistanda, dövlət adamları ilə müxalifət liderlərini cəbhə xətti birləşdirir. Azərbaycanda isə, “dövlət adam”ları  bütün tənqidçilərinə qarşı cəbhə açıb və cəbhə bölgəsini də şəxsi ambisiyaların oyununa çevirib.

Bizim hökumətimiz düşmənin demokratik, vətənpərvər görünməsi üçün, əlindən gələni əsirgəmir. Əslində, “ermənipərəstlik”, “erməni dəyirmanına su tökmək”, erməniyə yaxşı görünmək şansı tanımaqdır.