Üç Leyla

O`Kamil

Bu ölkədə kimin günü xoş keçir? Kim həyatından razıdır? Səmimi qəlbdən “Ağ günlüyəm, Azərbaycan elimdi” deyənlər varmı, hardadı? Kimdi onlar, nə tükdə canavardı? Şair demiş, dust bipərva, fələk birəhm, dövran bisükun, dərd çox, həmdərd az, düşəmən qəvi, tale zəbun. Füzulidən misal çəkdim, Leyli yadıma düşdü. Leyla demiş, müxtəlif tarixi dövrlərdə yaşamış üç Leyla tanıyıram ki, heç biri xoşbəxt olmayıb, deyil və ya olmayacaq. Hamısı məmləkətin havasından və suyundandı…

DÜNƏNİN LEYLASI. Birincisi bədii obraz – “Leyli və Məcnun”dakı Leyla – Leylidir. O, Qeysə olan səmimi sevgisindən və bunu gizləmək üçün yetərincə artistliyi olmadığından bədguların təhnizi, anasının danlağı ilə üz-üzə qalır. Məcnunundan ayrı düşür. Ev dustağı, özü demiş: “Künci-qəmxanədə bir surəti-divar olur”. Axırda Məcnun da ölür, Leyli də. Leylinin problemi 20-ci əsrin əvvəlində çözüləcəkdi. Bir dəfə qoçuların biri Üzeyir Hacıbəyliyə bir “paçka” pul verib deyib: “Üzeyir bəy, hər dəfə bu operaya baxıram, “nastroeniyem” pozulur. Al bu pulu, bu dəfə Leylini mənim xətrimə vər Məcnuna getsin”. Üzeyir bəy razı olmur və qızı bədbəxt edir. 

BU GÜNÜN LEYLASI. İkinci Leyla tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru, Fəxri Legion ordenli Leyla Yunusdur. Bu insanı şəxsən tanımasaq da, haqqında çox xoş sözlər eşitmişik. Jurnalistlərə danışırmış ki, ilk dəfə bir itin hüququnu müdafiə edib. Uşaq vaxtı görüb ki, bir iti daşlayırlar, özünü qabağa verib onu qoruyub. Orta məktəbdə də az aşın duzu olmayıb, “demaqoqluq” edirmiş. “Boyum balaca idi, mikrofona çatmırdı. Kətil gətirib qoyurdular, üstünə çıxıb danışırdım. Bircə məktəbin partkomu məndən narazı qalırdı: “Yenə Leyla danışacaq” deyə deyinirdi”. Leyla Yunus hələ sovet dövründə məzlumların müdafiəsinə qalxıb. Krım tatarlarının Krıma qayıtması ilə bağlı müraciətə imza atıb. O vaxtlar hüquq müdafiəsi ilə məşğul olan adamların çevrəsinə düşüb. 30 il müxtəlif insanların hüququnu müdafiə edən Leyla xanım özü indi məhbəs həyatı yaşayır. Müdafiəyə ehtiyacı var. Elə əvvəllər də, ədalətin bərqərar olacağına ümidi azalıb bunalanda təskinliyə ehtiyacı olub. Jurnalist camiəsində onun rus aksenti ilə dediyi bu sözləri tez-tez təkrarlanı: “Mexman (Turan Agentliyinin direktoru Mehman Əliyev – O`K) optimistdi, onunla söhbət eliyəndə mən də optimist oluram. Tanışların biri deyir, sən optimistsən, yəqin, Mexmannan söhbət eliyifsən”.  

Bir neçə il əvvəl başqa bir tanınmış xanım həbs edilmişdi. Bəzi diribaş jurnalistlər onun müdafiəsi üçün emosional sözlərə əl atırdılar. Təxminən belə: “Ayıbdı… Qadın zərif  məxluqdu… Mentalitetimiz onlara həssas yanaşmağı tələb edir…  Kimin günahı yoxdu ki? Kim günah işləməyibsə, ilk daşı o atsın…”. İndi həmin tuti dillər susub.  Zəmanəmizin Leylası dardadır və o da adaşı kimi “Künci qəmxanədə bir surəti-divar olubam…” deyə bilər. Halbuki Leyla xanım Avropa ölkələrindən birində yaşasaydı, çox hörmətli insanlardan biri olardı. 

ÜÇÜNCÜ LEYLA REKLAM QƏHRƏMANIDI. Bu yaxınlara qədər TV-lərdə təxminən belə bir reklam çarxı fırladılırdı (səhv etmirəmsə, şokolad reklamı): “Leylanın 7 yaşı var. Onun ən böyük arzusu ərə getməkdi”. Sabahın Leylası öz strategiyasını düzgün qurub. Bu ölkədə ərə gedib doğub-törəmək ən təhlükəsiz işlərdəndir və lisenziyaya cəlb edilən fəaliyyət növlərindən deyil. Amma bu Leylanın da faciəsi labüddü. Marks deyirdi ki, faciə gözəl niyyət ilə onun həyata keçirilməsi imkansızlığı arasında kolliziyadan doğur. Bu qızın arzusu 18 yaşına kimi gözündə qalacaq. Çünki qanun erkən evliliyə icazə vermir. Amma bu Leyla cənub sərhədimizin o üzündəki ölkədə yaşasaydı, xoşbəxt olardı. Çünki o ölkənin mühüm vücudlarından biri deyib: “Bir kişinin 9 yaşında bir qız uşağına şəhvətlə baxmağında, toxunmasında və onu qucaqlamasında bir nöqsan yoxdu”. Burdan isə nikaha 11 il yox, bəlkə də, 11 saatlıq məsafə var.