Ərdoğanı güdməkdə şübhəli bilinən polis işçiləri həbs olunub

Casusluq və telefon danışıqlarını dinləməkdə şübhəli sayılan 25 türk polisi əməkdaşı həbs ediliblər.

Telefon danışıqlarının qeyri-qanuni dinlənilməsində ittiham olunan polis əməkdaşlarının hökümətin yuxarı dairələrində iddia edildiyi korrupsiya ilə bağlı və Baş nazir Rəcəp Tayyip Ərdoğanın yaxın çevrəsinin də adı hallandığı araşdırmada iştirak etdikləri bildirilir.

Hazırkı əməliyyatın tərkib hissəsi kimi iyul ayında azı 67 polis əməkdaşı həbs olunmuşdu. Dövlət mətbuatının xəbər verdiyinə görə, çərşənbə axşamı ölkənin 13 bölgəsində polis reydləri keçirilib. Yuxarı hökümət dairələrində korrupsiya istintaqı ötən ilin dekabr ayında başlayıb. Araşdırmanın nəticəsinə uyğun üç nazirin oğlu həbs olunub, dörd nazir vəzifələrindən kənarlaşdırılıb.

Fevral ayında yayılmış və telefon danışığının yazısı olduğu iddia edilən səs yazısında güya Erdoğan öz oğluna milyonlarla avrodan qurtulmağı xahiş edibmiş. Rəcəp Tayyip Ərdoğan həmin yazını “qurama” adlandıraraq rədd edib.

Türkiyə höküməti həbs olunmuş polis zabitlərinin ABŞ-da yaşayan dini xadim Fethullah Gülenin rəhbərlik etdiyi Hizmət hərəkatı ilə bağlı olduqlarını güman edir.

Rəsmi Ankara Gülenin Hizmet hərəkatını höküməti devirmək məqsədi güdməkdə ittiham edir. (BBC Azeri)