Ya savaş, ya da qaç!

Qorxulu hekayələri, qorxulu filmləri, qorxulu idman növlərini heç vaxt sevməmişəm. Uşaqlıq illərində belə “qorxulu nağıllar” seriyasından yazdığı hekayələrə görə Süleyman Sani Axundovdan acığım gəlirdi. Bilirəm, bütün bu yaradıcılıq növlərinin tək məqsədi qorxu yaratmaq deyil, şübhəsiz. Amma yenə də qorxu yaradan şeylərə qarşı hər zaman antipatiya olub içimdə…

Yəqin çoxunuz deyəcəksiniz ki, belə yaradıcılıq nümunələri gərək olmasaydı, şöhrətli rejissor Alfred Hiçkokun filmlərinin, amerikan yazıçısı Stefan Edvin Kinqin əsərlərinin, Mixail Şumaherin “ralli tamaşaları”nın azarkeş sayı rekord qırmazdı. Razıyam. Dünyanın məşhur psixoloqları belə hesab edir ki, həddində olan bir qorxu tam sağlıqlıdır. Insan üçün önəmli adrenalin qaynaqlarından biri olan bu hiss dozasını keçmədiyi yerə qədər, insana yalnız motivasiya verə bilər.

Bir sözlə, insan üçün qorxusuz həyat anlayışı yoxdur və ola da bilməz. Hələ qarşımızda “qorxu imperatorluğu” üzərində qurulan bir dünya düzəni varsa… Demək olar ki, hər gün qlobal informasiya məkanından aldığımız xəbərlərin yarıdan çoxu müharibə, təbii fəlakətlər, öldürücü viruslar, siyasi münaqişələr, yol qəzaları, ölüm və qan haqqındadır. Və bu “qorxu imperatorluğu”nun çalışma mexanizminə göz atıb, görürük ki, əsl təhlükəli olan şey, əslində, insanın öz mənfəəti üçün yaratdığı süni qorxudur. Bunun ən çirkin və amansız forması siyasi məqsədlərlə istifadə olunub tarixən. Fransada “gilyotin dövrü”, Almaniyada “faşizm dövrü”, Amerikada “zənci ovu dövrü”, Azərbaycanda “37-ci illər dövrü”…

Yaşadığımız indiki siyasi mərhələnin tarixə hansı adla düşəcəyini bilmirəm. Amma ona əminəm ki, həmin ad yuxarıda qeyd etdiklərim qədər lənətli və unudulmaz olacaq. Ən adi haqların yasaqlandığı, azacıq fərqli fikir sahibi olan insanların həbsdə çürüdüldüyü, qanunların heç nəyə yaramadığı, milyardların ölkədən qeyri-leqal yollarla çıxarılıb şəxsi bank hesablarına yatırıldığı bir dövr! Və bütün bu ədalətsizlikləri, qanunsuzluqları və eybəcərlikləri boyamaq üçün işə salınan xof, vahimə mexanizmi! Ləyaqətli insanların üzünə durdurulan “namərd şahidlər”, azad fikri, doğru sözü boğmaq üçün çalışdırılan simasız, muzdlu media şəbəkəsi! 

Qorxu, hədə, yalan üzərində qurulan bir idarəçilikdə yaşamaq zor, bütün məhrumiyyətləri qəbul edib prinsiplərinə dönük çıxmadan yaşamaq isə daha zordur, şübhəsiz. Lakin bu səksəkə içində gün öldürməklə yaşadığınız indiki zamanda bir ara nəfəsinizi dərib, yaxşıca düşünün. Biz niyə bu hala gəldik? Tanıdıqlarımıza, qonşularımıza, yaxınlarımıza, çevrəmizə edilən haqsızlıqlara birər-birər susduğumuza görə. Müəllimimiz günahsız yerə həbs olunanda cınqırımızı çıxarmadığımıza görə. Tələbə yoldaşımız şərlənəndə ağzımıza su aldığımıza görə. Sandığı qarışdırıb halal səslərimizə haram bulaşdıranda “cəhənnəmə ki” deyib keçdiyimizə, haqqımızı almaqda inad göstərmədiyimizə görə. Qarabağ qazisi yanıb kül olanda bazar açdığımıza görə… 

Bütün qorxulu dövrlər keçir və lənətli tarixə çevrilir bir gün. Şəksiz, oradan sağlam və çirkaba bulaşmadan çıxmaqdır ən böyük qəhrəmanlıq. Qorxunun anlamını şərh edən psixoloqlar deyir ki, onun tam təsirləri özünü göstərən zaman insan beyninə “ya savaş, ya da qaç” siqnalı verilir. Amma bu zaman iki variantdan hansı seçilirsə seçilsin, insan bütün gücünü işə salır. Savaşmaq ən çətini seçməkdir. Bu gün eynilə bizdə olduğu kimi…