Yesentukidə, dünyanın gözəl çağlarında, 27 il qabaq olmuşduq. Onda Sovet dövləti vardı. Azərbaycan onda Azərbaycana yağı Əliyevlərin koloniyası deyildi – Sovet dövlət sistemində “müttəfiq respublika” idi. Əliyevlər bu gün Azərbaycanın yiyəsi olduğu kimi, Sovet dövləti də onda Azərbaycanın yiyəsiydi. Bu yiyəlikləri bir-birilə tutuşdurmaq, yanaşı qoymaq belə olmaz. Sovet dövləti Azərbaycandan nələrsə alıb apardığı kimi, Azərbaycana da nələrsə verirdi:
Təhsil, səhiyyə, kültür, indikinə baxmış yüksək qanunçuluq. Birincisi, Sovet dövləti Azərbaycanı Əliyevlər kimi yağıcasına soyub-yağmalamırdı, ikincisi, Sovet dövlətində Azərbaycan xalqına Əliyevlərin indi sərgilədikləri düşmənçilik sərgilənmirdi. Bütün bunlara görə biz onda daha Özgür, daha Olanaqlı toplum adamları idik. Biz onda məzuniyət götürüb ən azı bütün Sovetlər birliyini gəzə bilərdik. Biz onda məziniyət pulu ilə yanaşı başqa yardımlardan da yararlana bilirdik – dövlətin qayğısı ilə!
SSRI dağılandan sonra ölkəmiz demokratiya yoluna çıxdı. Özgürlük, Demokratiya yolu yeraltı-yerüstü resurslarla dopdolu Azərbaycanı çox keçmədən dünyanın ən varlı ölkələrindən birinə çevirəcəkdi. Ancaq hakimiyətiçi, hakimiyətdışı düşmənlərin yardımıyla baş tutan bəlli QAYIDIŞ Azərbaycanın üzünü bütünlüklə uğurlu gələcəkdən uğursuz, sonsuz itkilər, repressiyalar, ağrı-acılar, üzüntülərlə dolu keçmişə yönəltdi. 1993-dən ölkədə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏT SIYASƏTINƏ dönüşdü. Ölkə-dövlət bir qrup adamın əlində asan qazanc, alver-kommersiya obyektinə çevrildi. Dolanışıq dözülməzliyindən milyonlarla adam ölkədə illərlə ev dustağı durumuna gəldi.
Üzü Rusiyaya
Biz, yuxarıda dediyim kimi, 27 il sonra Yesentukiyə gedəsi olmuşduq. Bizi Yesentukiyə yaxınlaşdıracaq Bakı-Xarkov qatarı Bakıdan saat 22-də çıxır. Abşeronun, Azərbaycanın qaranlıq yollarından keçən qatar Rusiya sınırlarına – Dağıstana dünya işıqlaşanda çatır. Azərbaycandan gedənlər üçün Rusiya-Dağıstan Rusiyanın ələ keçirdiyi Azərbaycan torpaqlarından – Dərbənddən başlayır. Beləcə, Rusiya sınırlarını keçəndən sonra da biz yüz kilometrlərlə öz torpaqlarımızdan keçərək gedirik. 1700-cü illərdən Krımı ələ keçirən Rusiya “tarixi torpaqlarım” deyə, yaxınlarda, 2014-cü ildə onu yenidən ələ keçirdi. Geri qaytarmaq bir yana, bizim “Dərbənd tarixi Azərbaycan torpağıdır” deyə biləcək hökumətimiz də yoxdur. Bilməliyik: bizə qabaqca bu gerçəyi dilə gətirə biləcək ulusal-demokratik hökumət gərəkdir. Yeri gəlmişkən, qadın bələdçilərdən Dərbəndin – keçdiyimiz torpaqların kimin olduğunu soruşuram. “Bizim” deyirlər – sevinirəm; bunu bilməyin özü də bir işdir.
Bələdçilərlə bağlı. Azərbaycan dəmir yolunda kişi bələdçi personalından qadın bələdçi personalına keçilib. Bundandı, nədəndi, deyə bilmərəm, indi qatarda yol getmək cansıxıcı, ürəkbulandırıcı deyil; demək olar, hər yanda yaxşı bir düzən var: yatacaqdan ayaqyolunadək. Burada ayrıca vurğulanası bir nəsnənin üstündən keçiləsi deyil: bələdçilər gördükləri işlərin, üzləşdikləri çətinliklərin qarşılığında çox az aylıq alırlar. Üstəlik, onlar dediklərinə görə, az aylıqlarından belə vaqona gərəkən nələrsə almalı olurlar, sözsüz, yuxarıların göstərişi ilə. Buna görə arada bir sıra çatışmazlıqlar da olur. Bu çatışmazlıqlarsa, yuxarılardakı yeyinti-mənimsəmələrin ucbatından baş verir. Yeyinti-mənimsəmələr isə olduqca böyükdür. Bunu Nəqliyat naziri Ziya Məmmədovun oğlunun ABŞ-dakı yarım milyon dollarlıq konqresmen qonaqlığından da görmək olar.
Yolların yararsızlığı, çağdaş standartlarla ayaqlaşmaması üzündən qatar Azərbaycanda da, Rusiyada da sürünə-sürünə gedir. Üstəlik, sınır-keçid zonasında saatlarla sürən yoxlamalar adamları boğaza yığır, üzücü gərginlik yaradır. Bu baxımdan Azərbaycanın, deyilənə görə, son çağlar gerçəkləşdirilən sınır praktikası alqışa dəyər. Istər gedəndə, istərsə də qayıdırkən bizim sınır zonasında qatarı çox yubatmadılar. Bizimkilər sınıra yaxınlaşarkən qatara minib yoxlamalara başlamaqla qatarı yolda çox da saxlamırlar. Ruslarsa elə bil acığa qatarı saatlarla saxlayıb (gedəndə də, qayıdanda da üç saat saxladılar) dönə-dönə, uzun-uzadı yoxlama aparırlar.
27 il qabaq gördüyüm Rusiya
27 il qabaq keçdiyim yollardan keçir, 27 il qabaq gördüyüm Rusiyanı görürdüm. Adam gözlərinə inanmır: doğal resurslar baxımından dünyanın ən varlı ölkəsi olan Rusiya, demək olar, bütünlüklə 27 il qabağın Rusiyasıdır. Dərbənd uçuq-sökük, dağınıq durumdadır. Mahaçqalada yeniliyə doğru bir az dəyişiklik var. Çoxlu nefti ilə tanınan Çeçenstan, demək olar, bütünlüklə 27 il qabakı durumundadır – yeni tikililər çox azdır. Keçib gedtiyimiz hər yerdə Rusiya tikinti-yeniləşmə baxımından 27 il qabağın Rusiyasından çox da irəli getməmişdi. Elə bizim 27 il qabaq gördüyümüz Yesentuki də çox dəyişməmişdi. Əliyevlərin, Hacıbala Abutalıbovun Bakısı kimi Yesuntikinin də orta yeri, orta küçələri düzəlib – qalanı qabaqlardakı sayaqdır: uçuq-sökük, dağılmış. Bütün bu oxşarlıqlarsa hər iki dövlətdə yüksək yer tutuan ortaq bir faktordan qaynaqlanır: total korrupsiyadan!
Yesentuki
Yesentuki çox-çox illər öncədən sağaldıcı suları ilə tanınır. Sovet dönəmində burada pulsuz olan suların, demək olar, indi hamısı pulludur. Pullar hara gedir – burası bəlli deyil. Yesentukinin, demək olar, bütün pul çıxan, gəlir gətirən yerləri yunanlarla ermənilərin əlindədir. Bu baxımdan burada yunanlarla ermənilər arasında kəskin konkurensiya yaşanır. Gəlmələr çox olduğundan kirayə biznesi geniş yayılıb. Ev arendası baxımından birincilik yunanlardadır. Onlar bu işi, demək olar, monopoliyaya alıblar. Bu yerdə ermənilər yunanlara uduzurlar. Yunanların özlərinin də uduzduqları bir gəlir yeri var: bazarlar – burada onlar azərbaycanlılara uduzurlar. 27 il qabaq Yesentuki bazarıında başlıca fiqurantlar yunanlar idi, indi onların yerini azərbaycanlılar tutur. Azərbaycanlılar o yeri ayrıca alver bacarıqlarından başqa (onlar daha çox Gürcüstan azərbaycanlılarıdır) bir də yunanların son illərdəki Yunanstan-Kipr köçü üzündən tuta biliblər.
Burada bir ilginc görsənişi ayrıca vurğulamaq gərəkir: özəl qazanc baxımından hər yerdə kəskin konkurensiyada olan ermənilərlə yunanları yalnız antiTürk baxışlar birləşdirir. Özlərinin antiTürk baxışlarını gerçəkləşdirmək üçün yunanlar yalançı “erməni genosidinin” tanınmasını çox istəyirlər. Başqaları bir yana, bunu evində olduğumuz qoca yunan qadınından da eşitdik. Çoxlu kitab oxuyan 80 yaşlı bu qadın gördüyümüz, qonuşduğumuz bir çox başqa yunanlar kimi Türkiyə türkcəsində indiki türkiyəlilərdən qat-qat yaxşı danışırdı. Bəlli olduğu kimi, Ərdoğan başda olmaqla indiki türkiyəlilərin dili ərəb-fars qarışıqlı anlaşılmaz bir dildir. Bizim gördüyümüz, qonuşduğumuz yunanlarsa qabaqkı Türkiyənin dilində danışdıqlarından biz onlarla asanlıqla anlaşa bilirik.
Mənim bazarlıq eləyib qayıtdığımı görən ev yiyəsi bunun çox yaxşı iş olduğunu bildirməklə çoxdan dünyasını dəyişmiş ərindən gileylənməyə başladı: “Mənim ərim Gürcüstandan gəlmə yunanlardan idi. Ev işlərində bircə yol da mənə yardımçı olmazdı. Ancaq qayınatam çox gözəl adam idi. Bir gün o bizə gəlib məni evdə görməyəndə oğlundan harda olduğumu soruşur. Oğlu dirrikdə çalışdığımı deyir. Qayınatam: ”Bəs sən niyə dirrikdə deyilsən?”- deyə soruşduqda ərim deyir: “Mən köydən gəlmişəm gedim dirrikdə işləyim?”. Onda qaynatam ona belə acıqlanmışdı: “Sən köydən çıxdın, ancaq şəhərə gəlib çıxmadın”. Məni yaxşı “anlatsın” deyə, o, türkcə dediyini ruscaya çevirdi: “Nu tıy svolıç, iz selo uşol, do qoroda ne doşol”. Qabaqlar fabrikdə saya işçi olmuş bu 80 yaşlı yunan qadını hələ də kitab oxumağından qalmırdı. O arada mənə Türk tarixindən də danışırdı, ancaq özlərinə gərəkdiyi kimi. Bu qadın bizim bir çox “elmlər doktoru” adını daşıyan qadınlarımızın bilmədiklərini bilirdi…
Yesentuki gəlmə azərbaycanlılarla dolu olur, dopdolu. Bunlar, demək olar, hamılıqla üzündən ağrı-acı yağan azərbaycanlılardır. Onlar – milyonçu ölkənin bu yoxsul adamları – olan olmazlarını götürüb Yesentukiyə sağlamlıq dalınca gəlirlər. Yesentuki “sağlamlıq zonasındakı” həkim mafiyası bir-birinə ötürməklə onları sonadək sağıb buraxır. Rusiyanın başqa yerlərində olduğu kimi Yesentukidə də ucuzluqdur. Ancaq sözügedən həkim mafiyası ilə qarşılaşmada o ucuzluq duyulmadan sonu görünməyən bahalığa çevrilir. Həkimlər bir-birinə pul qazandırmaq üçün gərək oldu olmadı adamları labirintə salıb fırladırlar. Azərbaycanlı bir gənc xanım, özü də həkim, mənə həkimlərin onu necə aldatıqlarından danışırdı. Belə həkim-mafiya aldatmalarını tək-tək adamlar anlaya bilir.
Azərbaycanlılarla bağlı bir yaramaz görsəniş: sağlamlıq zonasından parklara, küçələrədək kişili-qadınlı azərbaycanlıların olduqları hər yerdə dedi-qodu baş alıb gedirdi. Onların olduqları hər yerdə yalnız dedi-qodu eşidilirdi. Elə bil əliyevçi dönəmin Azərbaycan televiziyaları Yesentukiyə köçmüşdü. Bəlli siyasi rejim üzündən ölkəni bürüyən dedi-qodu epidemiyası – psixoloji düşkünlük görün nə yerə çatıb! Parkda, hündür ağacların arasındakı oturacaqda oturub səssizliyə dalmışdım. Yaxınlıqdakı oturacaqda gəlib iki gözəl azərbaycanlı qadın oturdu. Görünüşlərindən, danışıqlarından şəhərli olduqları bilinirdi. Az keçmiş aralarında dedi-qodu başladı, durub ordan uzaqlaşası oldum. Dostumla oturub pivə içirdik. Yaxınlıqdakı stolda 45-50 yaşlarında üç azərbaycanlı oturmuşdu. Onların dedi-qodu dolu söhbətləri pis-pis söyüşlərə gəlib çıxınca yarımçıq durub gedəsi olduq. Təhsil-Sağlamlıq sistemləri planlı olaraq dağıdılan, AzTV-lərə bürünən ölkədə çağdaş, gəlişmiş bilik-kültür subyektləri axtarmaq yersiz olardı…
Kazaklar
Rusiyanın bir çox yerlərində, başlıcası, Quzey Qafqazın hər yerində olduğu kimi Yesentukidə də Kazak birliyi var. Tanışlıq, gərəkən bilgiləri almaq üçün Birliyə yollandım. Birlik böyük bir binada yerləşir. Bina bütünlüklə Birliyin adına olsa da, yalnız iki balaca otaq Birliyindir. Qalan bütün otaqlar arendaya verilib. Birliyin başlıca, böyük otağına uzağı on adam sığar. Elə bu otaqdaca tək oturub kimisə gözləyən 80 yaşlı Valentin Andreyeviç Korenyugin ilə görüşüb-söhbətləşirik. O, Birliyin Ağsaqqallar şurasının başçısıdır. Valentin Andreyeviç kazakların əski türklər olduğunu bilir. Mənim suallarım bir az “uzağa” gedirkən o, Kazak Birliyinin başçısı Viktor Alekseyeviç Borisenko ilə görüşməyin gərəkdiyini deyir. Onun dediyinə görə, Borisenko saat 18-də burada yığıncaq keçirəcək. Mən onunla iki gün sonra görüşə bilərəm. Birlikdən çıxıb gedir, yığıncaq başlayan çağdan az sonra geri qayıdıram. Qadınlı-kişili kazaklar yığışıb qızğın danışmadadırlar. Onlar Ukraynadakı savaşdan, savaş bölgəsinə gərəkən yardımlardan, yardımları gerçəkləşdirmək yollarından danışırlar. Sonda hamılıqla ayağa qalxıb “Vo imya Otsa, Sına i Svyataqa Duxa! Amin” duasını oxumaqla dağılışırlar.
Yığıncaq başa çatandan sonra Borisenko ilə tanışlaşırıq. O mənimlə həftənin birinci günü görüşüb söhbət edə biləcəyini bildirir. Həftənin birinci günü Borisenko görüşdən yayınır. Kazaklardan biri mənə Borisenkonun varlı adam olduğunu, tikinti biznesinə uğraşdığını deyir. Mən bu ötəri bilgiyə önəm vermir, bunun nə demək olduğunu sonralar topladığım faktlardan anlayıram. Birlikdə mənə verilən qəzetlərin biri belə adlanır: Kazaçiy Terek (Qazeta Terskoqo kazaçyeqo voyska). Qəzetin adı yazılan yerdəcə Qafqazı tutan A.P.Yermolovun şəkli verilib. Şəklin altında bu sözlər yazılıb: Kazak qoşununun dəyişməz şefi A.P.Yermolov. Yesentuki Kazak Birliyinin yığıncaq otağında Yermolovun böyük portreti asılıb.
ardı var