ser-rep

“Avropa Şurasının üzvləri arasında ən repressiv rejim Azərbaycandadır”

«Sərhədsiz reportyorlar» Azərbaycanla bağlı sərt bəyanat yaydı

«Azərbaycan hökuməti ölkədəki son azad səslərə də ölümcül zərbə vurmağı planlaşdırıb»

Mənzil-qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı Azərbaycandakı repressiyalarla bağlı bəyanat yayıb. Bəyanatda ölkədə vətəndaş cəmiyyətinə olan basqılar və son həbslər sərt tənqid olunub.

“Azərbaycan hökuməti iyul ayından başlayaraq, hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və ictimai fəalların üzərinə misli görünməmiş basqılarla hücum edir. Azərbaycan bu il may ayının 14-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik növbəsini təhvil alıb. Amma baş verməkdə olan hadisələr bir daha göstərir ki, bu ölkə Avropa Şurasına daxil olan 47 dövlət arasında ən repressiv rejimi ilə fərqlənir. Mediaya dəstək verən bir sıra təşkilatlar və onların liderləri budəfəki basqıların əsas hədəfləridir. Onlarla QHT-nin bank hesabları dondurulub. Bunların arasında IREX-in Azərbaycan şöbəsi, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu (RATI), Media Hüququ Institutu (MHI) kimi qeyri-hökumət təşkilatları da var. Bu təşkilatların hər üçü informasiya azadlıqlarının təminatı sahəsində ciddi işlər görürdü. RATI-nin direktoru Emin Hüseynovun və MHI-nun rəhbəri Rəşid Hacılının şəxsi bank hesabları da dondurulub”, – deyə bəyanatda bildirilir.

“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Yohan Bihr bildirir ki, Azərbaycan hökuməti ölkədəki son azad səslərə də ölümcül zərbə vurmağı planlaşdırıb: “Avqustun 6-da Emin Hüseynova bildirilib ki, onun ölkədən çıxışına qadağa qoyulub. 8 avqustdan etibarən onunla əlaqə kəsilib və həmin gün onun ofisində axtarış aparılıb. Axtarış aparanlar ofisdə hüquq müdafiəsilə bağlı sənədləri, eləcə də bütün mühasibat və hüquqi sənədləri, təşkilatın kompüterlərini də özləri ilə aparıblar. Həmin gün Emin Hüseynovun evində də axtarış aparılıb və oradan da kompüterlər müsadirə edilib. 3 gün keçdikdən sonra ofis möhürlənib. Məhkəmə icraçıları heç bir sənəd göstərmədən ofisin bütün işçilərinə oranı tərk etməyi əmr ediblər.
Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki, AŞ PA Nazirlər Komitəsinə rəhbərlik etməkdə olan bir dövlətin hökumətinin öz ölkəsində tətbiq etdiyi yolverilməz praktikanın qarşısının alınması üçün təcili tədbirlər görülsün. Bu təqib və təzyiq aktları Azərbaycanda müstəqil medianın tamamilə məhv edilməsi ilə nəticələnə bilər”.

Bəyanat müəllifləri xatırladır ki, müstəqil media təmsilçiləri, vətəndaş cəmiyyəti fəallarının özlərilə yanaşı, ailə üzvləri də repressiyalarla üzləşir. Buna misal olaraq, “Azadlıq” qəzeti və “Azərbaycan saatı”nın əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun həbsi göstərilir. Qeyd olunur ki, eyni zamanda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından olan Murad Ədilovun Sabirabad rayonunun Xəlfəli kəndindəki evinə avqustun 12-də polis reydi təşkil edilərək, o, həbs olunub. Ədilovların evində qanunsuz axtarış zamanı polislər elan ediblər ki, yastığın altından 600 qram narkotik tapılaraq götürülüb. Bu narkotikin ona məxsus olduğunu təsdiq etmək üçün ona işgəncə veriblər və sonradan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə gətiriblər. Həbs edildikdən sonra iki gün ərzində ona vəkili ilə görüşməyə icazə verməyiblər. Avqustun 13-də isə ona ilkin istintaq müddəti üçün 3 aylıq həbs cəzası verərək həbsxanaya göndəriblər: “Murad Ədilovun qardaşı, ”Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Natiq Ədilov bildirir ki, qardaşı Muradın özünün də siyasi fəallığı qıcıq yaradırdı, amma Muradın həbsi sırf onun jurnalist fəaliyyətilə bağlıdır. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də bu versiyanı təsdiq edir. Hökumət uzun zamandır ki, “Azadlıq” qəzetinin maliyyə sıxıntılarıyla sıradan çıxarılması üçün tədbirlər görür.

Iyulun sonlarından başlayan repressiyalar avqust ayında daha da şiddətlənməkdədir. Avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərova da uydurma ittihamlarla 3 aylıq həbs cəzası verilərəkÿhəbsxanaya göndərilib. Rəsul Cəfərovdan 3 gün əvvəl tanınmış hüquq müdafiəçisi Leyla Yunus, ondan 5 gün sonra Leyla Yunusun həyat yoldaşı Arif Yunus həbs edildilər. Yunuslar 18 apreldə həbs edilən jurnalist Rauf Mirqədirovun ittiham edildiyi cinayətlərdə günahlandırılırlar. Avqustun 8-də isə hüquq müdafiəçisi Intiqam Əliyev saxta ittihamlarla həbs edilib”.

Bəyanatın sonunda yada salınır ki, Azərbaycan media azadlıqlarına görə 180 ölkə arasında 160-cı yerdədir.