Vəfa Quluzadə: «Rusiya siyasətinə dəyişiklik etməsə hadisələr inkişaf edərək hazırkı dövləti bir neçə yerə parçalayacaq»
Rusiya hakimiyyəti Ukraynada qızğın savaş apardığı bir dövrdə daxildə ciddi problemlərlə üzləşib. Rusiyanın Şimali Qafqaz dərdinə yeniləri əlavə olunub. Artıq Rusiyanın bir çox vilayətləri mərkəzi hakimiyyətin sərt siyasətinə dözmək niyyətində olmadığını bəyan ediblər. Artıq Sibir, Kalininqrad, Ural respublikalarının yaradılması ilə bağlı bəyanatlar verilib.
Beləliklə əminliklə söyləmək olar ki, Rusiyanın Krımda reallaşdırdığı ssenari hazardı tam ağırlığı ilə onun üzərinə çöküb. Mərkəzi hakimiyyətin bu istiqamətdə bir qədər büdrəməsi Rusiyada aparçalanma prosesinin başlamasına start verə bilər. Ekspertlərin fikrincə, Rusiyanın hazırda üzləşdiyi sanksiyalar Putini çətin duruma salıb.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın hazırda yürütdüyü daxili və xarici siyasət onu uçuruma aparır. Birinci Dünya müharibəsindən sonra çökən çar imperiyasının ərazisində bir neçə dövlətin yaranmasına diqqət çəkən V.Quluzadə vurğuladı ki, Rusiya kimi dövləti yalnız güclü imperiya idarə edə bilər: «Amma Rusiyanın imperiya tarixinin sonluğu məlumdur. İmperiyalar əbədi olmur. Bolşeviklər vaxtı ilə çökən imperiyanı çökməkdən xilas etdilər. Amma Rusiyada yaranan imperiyalar çökməyə məhkumdur. Çünki eyni idarəçiliyə əsaslanır. Özü də bu imperiyaların çöküşünü hər zaman müharibələr yaxınlaşdırır. Daha sonra İkinci dünya Müharibəsindən sonra tam fərqli situasiya yayrnsa da, bu da SSRİ-ni çöküşə apardı. Hazırda da Ukrayna, Çeçenistanla müharibələr dövlətinin zəifləməsinə gətirib çıxarır. Hazırda Rusiyadakı proseslər təbii hadiəsələrdir və bir gün bu dövlətin çöküşünə aparacaq».
V.Quluzadə hesab edir ki, Rusiya siyasətinə dəyişiklik etməsə hadisələr inkişaf edərək hazırkı dövləti bir neçə yerə parçalayacaqdır.
Xəyal