Heydərovla Əyyubov Nabranı alır?

Nabranda torpaq qalmaqalında «fövqəlnazir»lə generalın adı hallanır 

Xaçmaz rayon sakini Mayidat Musayeva “Azadlıq”a müraciət edib. Mayidat Musayeva deyir ki, yaxın qohumu olan Nabran sakini Albert Sərdarov Xaçmazın notariusu Firdovsi Məmmədovla əlaqəyə girərək ona və ailəsinə məxsus 1.4 hektar torpaq sahəsini başqa adama satıblar. “Onlar Isa Bağırov adlı Bakı sakini ilə 260 min manatlıq alqı-satqı müqaviləsi imzalayıblar. Bundan başqa adıçəkilən şəxslər Əhməd Isakova məxsus 1.4 hektar torpaq sahəsilə bağlı 70 min manatlıq, Qeybulla Ağayevə məxsus 2.04 hektar torpaq sahəsilə bağlı isə 50 manatlıq saxta alqı-satqı müqaviləsi imzalayıblar”.

Mayidat Musayeva bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, nəticəsi olmayıb. “Albert Sərdarov deyir ki, o, Kəmaləddin Heydərovla Bəylər Əyyubovun adamıdır. Ona görə də hüquq-mühafizə orqanları bu cinayətin üstünü açmırlar. Hara müraciət edirəmsə bu şəxslər barədə ölçü götürülməkdənsə bizə əsassız cavablar verərək başdan edirlər”.

Mayidat Musayeva mətbuat vasitəsilə ölkə başçısından xahiş edir ki, bu məsələni diqqətdə saxlasın.