Hakimiyyətin təbliğat ruporları beynəlxalq təşkilatları və medianı qaralamaqla məşğuldur
Azərbaycan hakimiyyətinin anti-Qərb kampaniyası davam edir. Qərbi hədəfə gəlməsi yenə də insan haqları sahəsi ilə bağlı sərgilədiyi mövqedir. Qərb Azərbaycanda repressiv siyasəti tənqid edir. Azərbaycan hakimiyyətinin ölkədə avtoritarizmi dərinləşdirdiyini, vətəndaşların fundamental azadlıqlarını kobud şəkildə pozduğunu bəyan edir. Qərbin nüəuzlu media quruluşlarında Azərbaycan hakimiyyətinin ifşa edən materiallar dərc olunur, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətilə kəskin hesabatlar hazırlayır və s.
Hakimiyyət də buna qarşılıq olaraq Qərbi ənənəvi üsulla, şantajla susdurmağa çalışır. Son günlər bu kampaniya daha da şiddətlənib.
Hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetində, və rəsmi dövlət qəzeti “Azərbaycan”ın dünənki saylarında Qərb əleyhinə bir neçə material dərc olunub.
***
“Yeni Azərbaycan” əsasən Qərb mediasını hədəfə alıb. Bu sırada ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetini və Böyük Britaniyanın BBC radiosunun Azərbaycan xidməti olan “BBC Azərbaycanca”nı göstərmək olar.
“Yeni Azərbaycan” “The Washington Post” qəzetini “anti-Azərbaycan dairələri”nin ruporu hesab edir.
***
YAP-ın qəzeti “BBC Azərbaycan”ın ünvanına isə “antimilli xarakterə malik, fəaliyyətində qara piar metodundan istifadə edən…” tipli daha ağır ittihamlar səsləndirib. Sevimli şantaj yarlıqları olan “ermənipərəst mövqe” də öz yerində…
“BBC Azərbaycan”ın ayrı-ayrı əməkdaşları da “Yeni Azərbaycan”ın ittiham obyekti olub. Bunlardan biri də Azərbaycanda ilk müstəqil qəzet olan “Azadlıq”ın ilk redaktoru, Milli Azadlıq Hərəkatının əsas simalarından olan Nəcəf Nəcəfovun qızı Leyla Nəcəflidir. YAP-ın ruporu onu da dəlilsiz-sübutsuz “ermənipərəst” elan edib.
***
“Azərbaycan” qəzetində isə “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq təşkilatlar hədəf seçilib. Qəzet bu təşkilatları “Azərbaycanın hərtərəfli inkişafına qısqanc yanaşmaq”da ittiham edir.
Qəzet iddia edir ki, bu təşkilatlar, həmçinin beynəlxalq media ABŞ-ın tapşırığı ilə “Azərbaycana qarşı çirkin kapmaniyaya” başlayıb.