Rasmussen Rusiyanı hədələdi, Ukrayna AB və NATO-dan hərbi kömək istədi
Vəfa Quluzadə: «Putin Rusiyanı sovet dövründəki kimi NATO ilə silah yarışına sürükləyir»
Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalara NATO da qoşulur. NATO-nun Baş katibi Anders Foq Rasmussen növbəti dəfə Rusiyanı hədələyib. O, Rusiyadan öz əsgərlərini Ukrayna sərhədindən çəkməyi tələb edib. Rusiya qarşısında sərt tələb qoyan Rasmussen bildirib ki, son 5 ildə NATO müdafiə xərclərini 20 faiz azaltsa da, Rusiya tam əks yol tutaraq xərcləri 50 faiz artırıb. Ukraynada yaranmış situasiyadan çıxış yolunu isə
Rasmussen rəsmi Kiyev separatçılarla dialoqa girməyində görür: «Rusiyanın bütün əsgərlərini Ukrayna sərhədindən çəkməsini tələb edirik. Rusiya separatçılara verdiyi silah, pul və canlı qüvvə dəstəyini dərhal dayandırmalıdır. Bundan sonra isə Kiyev hökuməti separatçılarla dialoqa başlamalıdır”.
Baş katib onu da bildirib ki, hazırda Rusiya NATO-ya düşmən gözü ilə baxır: “Rusiya bizi qarşı tərəf kimi qiymətləndirir. Hadisələrin inkişafından asılı olmayaraq hazır olmalıyıq. Ola bilər ki, təşkilatın növbəti yığıncağında müttəfiq dövlətlərin təhlükəsizliyinin təmin olunması üçün yeni plan hazırlayaq”.
Rasmussenin sözlərinə görə, Avropa ölkələri hərbi xərcləri artırmalıdır: “NATO ölkələri pillə-pillə müdafiə xərclərinin artırmalıdır. Buna ehtiyac var. Hər şeyi ABŞ-a yükləmək doğru deyil. Xərclərin üçdə ikisini ABŞ qarşılayır”.
Bu arada isə Ukraynanın Xarici İşlər naziri Paul Klimkin ölkəsinin şərqindəki silahlı separatçılara qarşı mübarizə aparmaq üçün NATO və Avropa Birliyndən hərbi yardım istəyib. Bu barədəDeutsche Welle-ə istinadla “İnterfax” agentliyi məlumat yayıb.
“Əgər biz belə bir yardım alsaq, bizim ordu yerlərdə daha yaxşı hərəkət edər” deyə nazir avqustun 17-də müsahibəsində bildirib. Nazir həmçinin NATO-nun Ukraynaya münasibətdə yeni strategiya hazırlamasının vacib olduğunu deyib. Amma o, yaxın müddətdə Ukraynanın bu alyansa qəbul edilməsinin mümkünlüyünü istisna edib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Putin artıq aqressiya niyyətlərini gizlətmir. Putinin son müsahibəsində orduya xərclərin artırılmasının, Rusiyanın dünyaya yeni silahlar təqdim edəcəyini etiraf etdiyini deyən V.Quluzadə bildirdi ki, bu onu deməyə əsas verir ki, Rusiya artıq silahlanma yarışına qədəm qoyub: «Putinin artıq başqa çıxış yolu yoxdur. Rusiyanın bu addımlarının fonunda isə NATO da silahlanmaya maliyyəni artırmağa məcburdur. NATO eyni zamanda Avropadakı müttəfiqlərinin təhlükəsizliyini də daha da gücləndirəcək. NATO hazırda Rusiyanın qarşısından çəkilmiş olsa o zaman məğlubiyyətə düçar ola bilər. Ona görə NATO tələsmədən siyasətini yürüdəcək. Putin sovet dövründəki kimi NATO ilə silah yarışına qədəm qoyur. Silah yarışında SSRİ məğlub oldu. Baxaq, Rusiyanın aqibəti necə olacaq?».
Ukraynanın NATO və AB-ya müraciətinə gəlincə isə V.Quluzadə hesab edir ki, bu müraciətə müsbət cavab verilə bilər. Çünki Qərb və NATO Ukraynanı dəstəklədiklərini dəfələrlə bildiriblər. «Ukraynaya hazırda Rusiya ordusundan ciddi təhlükə var. Rusiya qoşunlarını Ukrayna ilə sərhədindən çəkmir. Ona görə Qərb dəstək vermək qərarına gələrsə, öz hərbi müşavirlərini Ukraynaya göndərməlidir».
Xəyal