Yoxsuluğun 5 faizə endirildiyini bəyan edən hökumət 172 manat alan 13 faiz əhalni varlı sayır?
Məhəmməd Talıblı: «Bu həddə pensiya alan vətəndaşların əksər hissəsi yoxsullar kateqoriyasına aid edilməlidir»
Dövlət Statistika Komitəsindən daha bir maraqlı məlumat verilib. Məlum olub ki, bu ilin iyulun 1-nə olan son göstəricilərə görə, Dövlət Sosial Müdafiə Fondu sistemində 1,285 milyon nəfər pensiyaçı qeydiyyatda olub. Pensiyaçılar ölkə əhalisinin 13,6 faizini təşkil edir. Pensiyaçıların 61,1 faizi yaşa, 28,1 faizi əlilliyə, 10,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artaraq 172,2 manat olub. Maraqlıdır ki, ölkədə yoxsuluğun 5 faiz olduğunu iddia edən hökumət nədənsə 13 faiz pensiyaçının elə yoxsulluq həddində yaşadığını unudur. Pensiyaçıların əvvəlki illərlə müqayisədə iş yerlərinin də olmadığını nəzərə alsaq bu təbəqənin yaşayış durumunun necə ağır olduğunu görərik. Biz hələ bu göstəriciyə ünvanlı sosial müavinət alanları, qaçıqınları, az təminatlı ailələri aid etmirik.
İqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanda bir insanın aylıq istehlak səbəti 172 manatdan çoxdur. Ekspertin fikrincə, eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycanda istehlak səbətinə yalnız insanların ərzağa olan tələbatı daxil edilir. Bura xidmət, səhiyyə xərcləri daxil edilmir: «Bu həddə pensiya alan vətəndaşların əksər hissəsi yoxsullar kateqoriyasına aid edilməlidir. Təhsil və səhiyyə işçiləri də bu qəbildən olan əmək haqqı alırlar. Bu zaman insanların real olaraq gəlirlərini qiymətləndirəndə biz görürük ki, yoxsulluğun səviyyəsi həqiqətən böyükdür».
Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün ciddi islahatların həyata keçirilməli olduğunu deyən M.Talıblı bildirdi ki, kiçik və orta sahibkarlığın inkişafı üzərində xüsusi dayanmaq gərəkdir. M.Talıblının sözlərinə görə, hökumət yaranmış vəziyyətdə iqtisadi siyasəti daha səmərəli qurmalıdır: «Əgər ölkəyə böyük neft pulları daxil olduğu zamanda insanların sosial problemlərini həll etmək mümkün deyilsə, bu o deməkdir ki, neft gəlirlərindən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatında ciddi katoklizmlər olacaq».
Xəyal