Әlbəttə, hər pis işin də yaxşı məqamları olur. Diqqət və səbrlə müşahidə etsəniz, bu gün baş verən iyrəncliklərin də yaxşı tərəfini tapa bilərsiniz. Təəccübləndiniz yəqin. Haqsız da deyilsiniz təəccübünüzdə. Ölkənin çox qiymətli insanları şərlənərək həbs olunur, mənəvi dəyərlər aşınır, dövlətin adı, resursları ilə cinayətlər törədilir, sərvətlərimiz açıq-aşkar talan edilir, mütəşəkkil cinayətkar dəstə meydan sulayır. Ölkənin nəinki bu gününə, hətta sabahına da balta çalınır. Bəs bu iyrəncliklərin hansı yaxşı tərəfindən bəhs edirdim?
Rejim repressiyaları gücləndirib və indi daha güclü görünür deyə, indiyə qədər iki stulda oturmağın əziyyətini çəkənlər indi daha “cəsarətlə” maskalarını çıxarırlar. Dünənə qədər rejimə dolayı yollarla xidmət edirdilərsə, indi rejimin sifarişlərini açıq-aşkar yerinə yetirirlər, hələ tapşırılanda üzə də dururlar. Özlərini inandırıblar ki, artıq bu ölkədə xalq heç nə edə bilməyəcək, ona görə ictimai qınaqdan da çəkinmirlər. Bir çoxları da bu ovqatın təsiri altında nəhayət, layiq olduqları çevrələrə qovuşurlar. Məncə, cəmiyyətin belə bir aydınlıq yaşaması pis deyil. Qoy, hamının kimliyi də, cinahı da daha açıq bilinsin.
Narahat olmayın, bu repressiyalar gerçəkdən də əqidə sahibi olanları, hansı ideallar uğrunda mübarizə apardığını dərk edənləri sındıra bilməyəcək. Әksinə, onlar daha da möhkəmlənəcəklər, populyarlaşacaqlar, haqq etdikləti qiyməti xalqdan alacaqlar. Səbatsız adamların mövqeyinin daha da aydınlaşmasına isə itki kimi baxmaq lazım deyil. İrtica bizim yolumuzu bir qədər uzada bilər, amma inanın ki, bu sınaqlar bizi daha möhkəm, daha yetkin edəcək, sıralarımızı isə daha da saflaşdıracaq.